Müstəqillik tariximizin şərəfli tarixi

 

"Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar".

 

İlham ƏLİYEV

 

Azərbaycanın çağdaş tarixində elə şərəfli günlər var ki, bütövlükdə xalqın milli ideallar uğrunda mübarizəsini, bu yolda hər cür məhrumiyyətlərə sinə gərmək əzmini özündə təcəssüm etdirir. 20-ci ildönümü tamam olan 20 Yanvar faciəsi də milli qəhrəmanlıq salnaməmizdə belə parlaq səhifələrdən biridir. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olunmasını istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mücadilə aparan xalqımızın inam və iradəsini qırmaq, milli mənliyini məhv etmək məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biri baş verdi.

Azərbaycan xalqı əliyalın, fəqət sarsılmaz iradə ilə başdan-ayağa silahlanmış qəddar sovet hərb maşınına qarşı duraraq imperiyanın Azərbaycan milli azadlıq hərəkatını susdurmağa yönələn cəhdlərini tamamilə boşa çıxardı. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif ziddiyyətli fikirlərə, rəylərə rast gəlinsə də, bütün mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

1990-cı ilin 20 Yanvarında baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün 133 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu.

Tarixi prizmadan yanaşdıqda, aydın olur ki, 20 Yanvara aparan yol 1988-ci ilin milli azadlıq hərəkatından başlanır. Keçmiş imperiya rəhbərliyinin razılığı ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə impulslar verdi. Xalqımız ərazi bütövlüyünu qoruyub saxlamaq üçün 1988-ci ildə iradəsini ortaya qoydu. Respublika vətəndaşları mərkəzin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etiraz edir, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını istəyirdi. Ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan xalqımızın milli ruhu, özünüdərk hissi yüksəlmiş, müqavimət əzmi artmışdı. Həmin dövrdən başlanan ümumxalq hərəkatı meydan epopeyası kimi yüksək zirvəyə yüksəlmişdi. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda meydan hərəkatının qarşısını müəyyən qədər alsa da, xalqın içində olan narazılığı qətiyyən boğa bilmədi.

1990-cı ilin 20 Yanvar qətliamı isə keçmiş SSRİ rəhbərliyinin əvvəlcədən hazırlanmış xüsusi planı əsasında həyata keçirildi. SSRİ DTK-sının "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə saat 1-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika Radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı.

Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yarandı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək bəyanatla çıxış edən ümummilli lider Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət vermiş ilk vətənpərvər siyasi xadim idi. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskva nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı eşitdilər. Ulu öndər bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də butün dünyanın gözü qarşısında ittiham etdi: "Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm".

Ulu öndərin "Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır" tələbi onun bu məsələ ilə bağlı sonralar etdiyi bütün çıxışlarının, bəyanatlarının, imzaladığı sənədlərin əsas leytmotivi olmuşdur. Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması məsələsi onun fəaliyyətinin bütün sonrakı mərhələlərində də öz aktuallığını qoruyub saxlamışdır. 20 Yanvar hadisələrinə ilk obyektiv hüquqi-siyasi qiymət isə 1991-ci il noyabr ayında - onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verilmişdir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin iyulunda Naxçıvana qayıtdıqdan və 1991-ci il sentyabr ayının 9-da Naxçıvan Ali Məclisinin Sədri seçildikdən sonra faciəyə hüquqi-siyasi qiymət vermək imkanı yarandı. Həmin il noyabr ayının 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması qərara alınmışdı.

Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi onun qarşıya qoyduğu vacib tələb idi. Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləcək işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Ulu öndərin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu.

Heydər Əliyev 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını nəzərə çarpdırdı. İclasda çıxış edən Heydər Əliyev ötən dörd ildə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməməsini, o zamankı Milli Şura tərəfindən qəbul edilmiş qərarın səthi, başdansovdu hazırlanmasını ciddi tənqid etdi. "Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir".

Ümummilli liderin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü ilə bağlı imzaladığı fərmanda deyilirdi ki, XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar.

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.- 2010.- 20 yanvar.- S. 4.