Kitab təqdimatı olmuş, sərgi açılmışdır

 

Hər il hüznlə yanaşı, qəhrəmanlıq, qürur və iftixar günü olan 20 Yanvar ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Yanvarın 19-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən tədbir də bunlardan biri idi.

Burada "Şəhidlər. Biblioqrafiya" kitabının təqdimatı və "20 Yanvar - qanlı və şanlı tariximiz" adlı kitab sərgisinin açılışı oldu.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Firudin Qurbanov, ombudsman Elmira Süleymanova, Milli Məclisin deputatları Həvva Məmmədova, Aqil Abbas, Qarabağın Azərbaycan İcmasının rəhbəri Bayram Səfərov və başqaları çıxış edərək erməni millətçilərinin əsrlər boyu Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən, həyata keçirdikləri soyqırımı siyasətindən, bu siyasətin bir qolu olan qanlı 20 Yanvar faciəsindən söz açdılar.

Sonra "Şəhidlər. Biblioqrafiya" kitabının təqdimatı oldu. Kitabda 1990-2009-cu illərdə kitab, kitabça və dövri mətbuatda faciə ilə bağlı çap edilmiş publisistik məqalələr və bədii ədəbiyyat materialları Azərbaycan və rus dillərində verilmişdir. Nəşrdə ölkə başçısının imzaladığı sərəncamlar və digər sənədlər də öz əksini tapmışdır. Göstəricidə şəhidlərin siyahısı da öz əksini tapmışdır.

Daha sonra 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş "20 Yanvar - qanlı və şanlı tariximiz" adlı kitab sərgisinə baxış keçirildi. Sərgidə 200-dən artıq kitab, qəzet və jurnal materialı nümayiş etdirilir.

 

 

Adilə QOCAYEVA

 

Azərbaycan.- 2010.- 20 yanvar.- S. 8.