Qanlı Yanvar faciəsinin 20-ci ildönümü
ilə əlaqədar
Şəhidlər xiyabanını
ümumxalq ziyarəti
Qanlı 20 Yanvar
hadisələrindən 20 il keçir. 1990-cı
il yanvarın
20-si Azərbaycanın müasir
tarixinə ən faciəli günlərdən
biri, eyni zamanda, xalqımızın
qəhrəmanlıq səhifəsi
kimi daxil olmuşdur. İyirmi il əvvəl
yanvarın 19-dan 20-nə keçən
gecə sovet ordusunun qoşun birləşmələri Ermənistanın
təcavüzkar hərəkətlərindən
və keçmiş
SSRİ rəhbərliyinin ermənilərə
havadarlığından hiddətlənən,
Bakının küçələrinə
və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən
geniş xalq kütlələrinə qarşı
hərbi əməliyyatlara
başladı. Doğma yurdunun,
xalqının azadlığını,
şərəf və
ləyaqətini hər
şeydən uca tutan vətənpərvər
Azərbaycan oğulları
həmin müdhiş
gecədə canlarından
keçərək şəhidlik
zirvəsinə ucalmışlar.
Keçmiş sovet hərb maşınının
Azərbaycanda törətdiyi
qanlı qırğından
20 il keçməsinə
baxmayaraq, xalqımız
o müdhiş gecəni
daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə
öz dərin nifrətini bildirir. Hər il
yanvarın 20-də minlərlə
insan Şəhidlər
xiyabanını ziyarət
edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş
Azərbaycan oğul və qızlarının
əziz xatirəsini ehtiramla yad edir.
20 Yanvar faciəsi mahiyyətinə görə
dövlətin öz xalqına qarşı tarixdə misli görünməmiş təcavüzü,
qətliamı idi. Keçmiş
SSRİ, Azərbaycan SSR konstitusiyalarının
kobudcasına pozulması,
ayaqlar altına atılması idi. O gecə keçmiş
SSRİ dövləti dinc
əhalinin üstünə
qoşun yeritməklə
BMT Nizamnaməsinə, beynəlxalq
hüquq normalarına
məhəl qoymamış,
iştirakçısı olduğu
1966-cı il tarixli Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını
pozmuşdur. Respublikanın o vaxtkı səriştəsiz,
kölə psixologiyalı
rəhbərlərinin isə
bu faciədən sonra da yenə
də xalqla bir olmağa cəsarəti çatmadı
və onlar sovet rəhbərliyinin ətəyindən əllərini
çəkmədilər. Onların əksinə olaraq, həmin vaxt Moskvada yaşayan
ümummilli liderimiz Heydər Əliyev həyatını təhlükədə
qoyaraq faciənin ertəsi günü Azərbaycanın Daimi nümayəndəliyinə gələrək
Qanlı Yanvar qırğınını törədənləri
pisləyən kəskin
bəyanatla çıxış
etdi, xalqımızın
başına gətirilən
müsibəti dünyaya
çatdırdı. Bununla da
ulu öndərimiz cəsarətini, mərdliyini,
xalqının sədaqətli
oğlu olduğunu bir daha sübut
etdi.
Lakin ermənilərin fitvası
ilə törədilmiş
bu cinayət Azərbaycan xalqının
iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə
- azadlıq və müstəqilliyinə nail oldu.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən
qayıdışından sonra,
1994-cü ildə 20 Yanvar
hadisələrinə siyasi-hüquqi
qiymət verildi və cinayəti törədənlərin adları
ictimaiyyətə çatdırıldı.
Azərbaycan xalqı
hər il
20 Yanvar faciəsi qurbanlarının xatirəsini
dərin ehtiramla yad edir.
Yanvar faciəsinin
iyirminci ildönümü
ilə əlaqədar
Azərbaycan Prezidentinin
Administrasiyası tərəfindən
bu il
də geniş tədbirlər planı hazırlanmış, respublikanın
bütün şəhər
və rayonlarında, xarici ölkələrdəki
səfirliklərimizdə, diaspor
təşkilatlarında anma
mərasimləri keçirilmişdir.
Ümumdövlət və ümumxalq
ehtiramı sübut edir ki, şəhidlər
ölməzdir, bu ölməzlik müstəqilliyimizdə,
birliyimizdə yaşayır.
***
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına
gəldilər.
Prezident İlham Əliyev "Əbədi məşəl"
abidəsi önünə
əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət
himni səsləndi.
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı
dini icmaların başçıları, xarici
ölkələrin Azərbaycandakı
səfirləri, beynəlxalq
təşkilatların nümayəndələri
də şəhidlərin
əziz xatirəsini yad etməyə gəlmişdilər.
***
Şəhidlər xiyabanının
ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə,
Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev iştirak edirdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 21 yanvar.- S. 1.