Prezident İlham Əliyev Bakının
"20 Yanvar" dairəsində
şəhidlərin xatirəsinə
ucaldılmış abidə
kompleksinin açılışında
iştirak etmişdir
Yanvarın 20-də Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı abidənin üzərindən örtüyü götürdü.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Məlumat verildi ki, metronun "20 Yanvar" stansiyasının üzərindəki dairədə xatirə kompleksinin inşasına ötən ilin oktyabrında başlanılmışdır. Memorial kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Kompleksin divarı Afrika və Ukraynadan gətirilmiş qranit plitə ilə üzlənmişdir. Abidənin ətrafındakı meydana da qranit plitə döşənmişdir. Layihəyə əsasən, abidənin arxa hissəsindəki park abadlaşdırılmış, kompleksin qarşısında müasir işıqlandırma sistemi quraşdırılmışdır. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılmışdır. Kompleksin memarı Ədalət Məmmədov, abidənin heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.
Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk olunmuşdur. Postament üzərində isə "20 Yanvar şəhidlərinin əziz xatirəsinə" sözləri yazılmışdır.
Dövlətimizin başçısı açılış mərasiminə toplaşmış Yasamal rayonu ictimaiyyətinin nümayəndələri və 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb söhbət etdi. Prezident İlham ƏLİYEV dedi:
- O dəhşətli gündən 20 il keçir. İyirmi il ərzində şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır. Məhz hər il yanvarın 20-də Şəhidlər xiyabanına insan axını bunu aydın göstərir. İyirmi il ərzində Azərbaycan xalqı əziz şəhidlərimizin ruhu qarşısında baş əyir.
Bu qanlı faciə, deyə bilərəm ki, Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi. O vaxtadək sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet İttifaqının o vaxtkı rəhbərliyi və Azərbaycanın o vaxtkı yerli rəhbərliyi idi. Ancaq dərd orasındadır ki, faciə günündən keçən 3-4 il ərzində Azərbaycanda heç kim, heç bir vəzifəli şəxs, heç bir dövlət qurumu bu faciəyə siyasi qiymət verməmişdi.
Lakin Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun təşəbbüsü ilə Milli Məclis siyasi qərar qəbul etdi, cinayətkarları öz adları ilə adlandırdı və ədaləti bərpa etdi.
Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi.
20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Sovet İttifaqının dağılmasından sonra biz çox ağır və çətin vəziyyətdə idik, həm iqtisadi cəhətdən, eyni zamanda, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. Buna baxmayaraq, biz bütün çətin sınaqlardan çıxa bildik. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir.
20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu daim yaşayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Mən o dəhşətli gündə yaxınlarını itirmiş bütün insanlara bir daha başsağlığı verirəm. Şəhidlərimizin ruhu əbədi yaşayacaq və yaşamalıdır.
Göstərdiyi diqqət və qayğıya görə şəhid ailələri adından dövlətimizin başçısına
minnətdarlıq edən
Yusif BÜNYADZADƏ dedi:
- Möhtərəm Prezident, mən şəhid ailələri adından Sizə çox dərin minnətdarlığımızı bildirirəm. Bu abidə faciənin iyirmi illiyi ərəfəsində şəhid ailələrinə ən yaxşı töhfədir. Biz bilirik ki, bu monumental əsərin, bu kompozisiyanın ideyasını detallarına qədər Siz özünüz işləyib veribsiniz. Onda olan o ağır siqlət hamımızı sıxır, hamımızı aşağı çökməyə məcbur edir. Ancaq eyni zamanda, biz qürur hissi keçiririk. Eyni zamanda, Sizə bir daha təşəkkür edirik.
Prezident İlham ƏLİYEV:
- Həyat
göstərir ki, bu faciəni heç kim
unutmur, Azərbaycan xalqı unutmur. Baxmayaraq ki, üstündən 20 il vaxt keçib.
Baxmayaraq
ki, bu illər
ərzində yeni nəsil yetişir, uşaqlar, yeniyetmələr,
hansılar ki, o günləri görməyiblər,
yəni o vaxt yaşamayıblar. Amma onlar
da bu ağır
günlərdə bizim
kimi, sizin kimi, öz doğmalarını
itirən adamlar kimi eyni hissləri
keçirirlər. Onlar da daim tariximizin bu həm faciəvi,
həm qəhrəmanlıq
səhifəsini qəlblərində
yaşatmalıdırlar. Allah sizə cansağlığı,
uzun ömür versin.
Şəhid ailələri bir daha dövlətimizin başçısına minnətdarlıq
etdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 21 yanvar.- S. 1. 2.