Azərbaycan sosial-iqtisadi
inkişafın daha sürətli mərhələsinə qədəm
qoyur
Dünya tarixinə daha çox XXI yüzilliyin ilk qlobal iqtisadi böhranının tüğyan etdiyi, özünün zirvə nöqtəsinə çatdığı zaman kəsiyi kimi daxil olan 2009-cu il bəşər dövlətləri üçün həm də bir sınaq oldu. Məhz sözügedən böhran böyük və ya kiçikliyindən, dünya siyasətində oynadığı roldan, qlobal səviyyədə hadisələrin inkişafına təsir imkanlarından, malik olduğu təbii sərvətlərdən, eləcə də bu sıraya daxil edilə biləcək digər amillərdən asılı olmayaraq, kimin iqtisadi sferada daha rasional, praqmatik, zamanın tələblərinə uyğun, qarşıya çıxacaq hər hansı gözlənilməz təhlükəyə adekvat cavab verə biləcək siyasət yürütdüyünü meydana çıxardı. Aydın oldu ki, dünyanın hətta bir çox aparıcı dövlətlərinin, eləcə də inkişaf etməkdə olan ölkələrin əksəriyyətinin iqtisadiyyatı böhran qarşısında "gil ayaqlı nəhəng"dən başqa bir şey deyilmiş və elə bu səbəbdən onların əksər hissəsi hələ də böhranın fəsadlarını aradan qaldırmaqla məşğuldur.
Azərbaycan tam şəkildə bazar
iqtisadiyyatına keçib
Dövlət müstəqillyinin yeni tarixi yolu zaman etibarı ilə hələ qısa sayılan Azərbaycan isə iqtisadi inkişaf sahəsində artıq kifayət qədər böyük hesab edilə biləcək məsafəni qət edə bilib. Son 16 ildə həyata keçirilən və bütün detallarına qədər dəqiq düşünülən iqtisadi siyasətin nəticəsidir ki, qlobal maliyyə böhranının dünyanı lərzəyə saldığı 2009-cu il dönəmini də Azərbaycan yüksək iqtisadi artım tempi ilə başa vurdu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dünyanın əksər ölkələrində, o cümlədən postsovet dövlətlərində iqtisadi geriləmə qeydə alındığı halda Azərbaycanda ötən ilin yekunları üzrə ümumi daxili məhsul 9,3 faiz artıb. Buna müvafiq olaraq ölkə vətəndaşlarının sosial və maddi rifah halı daha da yüksəlib, iqtisadi islahatlar daha geniş miqyas alıb, sahibkarlar təbəqəsinin mövqeləri bir qədər də güclənib, kənd təsərrüfatı, sənaye istehsalı artıb. Regionların simasını dəyişən dövlət proqramlarının, nəhəng infrastruktur layihələrinin icrası uğurla davam etdirilib, yeni iş yerləri açılıb, daxili və xarici investisiya yatırımları yüksək həddə olub, bu qəbildən olan digər mühüm nailiyyətlərə imza atılıb.
Ölkəmizin qazandığı müvəffəqiyyətlər təkcə qeyd edilənlərlə məhdudlaşmayıb və qlobal maliyyə ilində Azərbaycan daha bir möhtəşəm uğura imza ataraq iqtisadi sahədə keçid dövrünü başa vurub. Danılmaz faktdır ki, bu gün postsovet məkanında mövcud olan ölkələrin əksəriyyəti iqtisadi keçid finişinə çatmağa hələ çox uzaqdır və qlobal iqtisadi böhranın başlanması həmin ölkələrin keçid mərhələsini başa vurmasında böyük ləngimələr yaradıb. Azərbaycan isə həmin ölkələrdən fərqli olaraq iqtitsadi keçid mərhələsini başa vurmaqla kifayət qədər vacib olan bu məqam üzrə də MDB məkanında lider mövqedə durduğunu nümayiş etdirib. Yanvarın 18-də Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib: "Mən bir müddət bundan əvvəl demişdim ki, Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Bu, həqiqətən də, belədir. Biz artıq keçid dövrünün iqtisadiyyatı deyilik... Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır".
Makroiqtisadi sabitlik
üçün möhkəm əsas var
İqtisadi sahədə keçid dövrünü qısa zaman kəsiyində uğurla başa vuran, dinamik inkişaf tempini qoruyub saxlayan Azərbaycanın qarşıdakı dövr ərzində daha böyük nailiyyətlərə imza atacağı isə şübhəsiz görünür. Bunun nəticəsidir ki, iqtisadi inkişaf tempinə və əldə etdiyi nailiyyətlərə görə Azərbaycan indi keçmiş sovet məkanına daxil olan dövlətlərdən daha çox, dünyanın aparıcı ölkələri ilə müqayisə olunur. Cari il ərzində iqtisadi inkişafın prioritet istiqamətləri isə cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında etdiyi proqram xarakterli çıxışında açıqlanıb. Dövlət başçısının nəzər yetirdiyi mühüm məqamlardan biri makroiqtisadi sabitliyin qorunub saxlanması ilə bağlıdır: "Biz 2010-cu ildə, diqqətimizi əlbəttə ki, həmişə olduğu kimi, makroiqtisadi sabitliyə yönəltməliyik. Hesab edirəm ki, bu sabitlik 2010-cu ildə qorunub saxlanılacaqdır. Çünki bu ilin göstəriciləri və bundan əvvəlki illərdə görülən tədbirlər bunu göstərir. Həm böyük valyuta ehtiyatlarımız, həm güclü bank sektorumuz və istehlak qiymətlərinə güclü nəzarət bütün bu amilləri təmin edəcəkdir".
Həqiqətən də, bu vaxta qədər görülən işlər, yaradılan möhkəm zəmin, yüksək inkişaf tempi Azərbaycanda cari il ərzində də makroiqtisadi sabitliyin qorunub saxlanması və daha da gücləndirilməsi baxımından yeni uğurlar vəd edir. İlk növbədə ona görə ki, ölkədə bu makroiqtisadi sabitliyə xələl gətirə biləcək hər hansı əsas və faktor mövcud deyil. Azərbaycanın 20 milyard dollardan yuxarı valyuta ehtiyatları da ölkəyə bu sahədə əlavə manevr imkanları qazandırır.
Təkcə bir məsələni qeyd etmək kifayətdir ki, ötən il ərzində Mərkəzi Bankın malik olduğu valyuta ehtiyatları sayəsində Azərbaycan manatı dünyanın bir çox dövlətlərində olduğu kimi devalvasiyaya uğramadı və bu da makroiqtisadi sabitliyin qorunması üçün əsas vacib elementlərdən biri sayılır. Keçən il milli valyutanın sabitliyinin təmin olunması antiböhran tədbirlərinin aparıcı istiqamətlərindən birini təşkil edib. Sabit manat nəticəsində isə həm istehlak, həm də istehsal təyinatlı idxalın kəskin bahalaşmasının qarşısı alınıb. Bu, həmçinin əhalinin əmanətlərinin kəskin şəkildə dəyərdən düşməsi, valyutada olan xarici borc yükünün artması, manata ictimai inamın aşağı düşməsi kimi təhlükələri də neytrallaşdırıb. Cari il ərzində də manatın sabitliyi üçün heç bir təhlükə görünmür və bu amil qeyd olunduğu kimi, makroiqtisadi sabitliyin möhkəmlənməsi baxımından zəruri əhəmiyyət kəsb edir.
Digər tərəfdən həyata keçirilən siyasət ölkədə bank sektorunun möhkəm dayanıqlığını da təmin edib və bu, ötən il ərzində özünü əyani büruzə verdi. Qeyd edək ki, böhran ilində iqtisadiyyatın pula olan tələbatının ödənilməsi üçün Mərkəzi Bankın bu sahədə siyasəti ciddi şəkildə yumşaldıldı, uçot dərəcəsi 15 faizdən 2 faizədək azaldıldı, sığortalanan əmanətlərin məbləği 5 dəfə artırılaraq 6 min manatdan 30 min manata çatdırıldı. Bankların xarici borclarının qaytarılmasını təmin etmək üçün onlara zəruri yardım göstərildi. Qanunvericiliklə banklara və sığorta təşkilatlarına kapitallaşdırma məqsədi ilə vergi güzəştləri tətbiq olundu, mümkün itkilər üzrə banklardan maliyyə ehtiyatlanması daha da artırıldı. Bütövlükdə, il ərzində bankların aktivləri 14 faiz, kreditlər 17 faiz, əmanətlər 23 faiz, bankların kapitalı isə 18 faiz artdı.
Bu səbəbdən yeni ilə yerli banklar daha güclənmiş şəkildə qədəm qoyublar və dövlət tərəfindən həyata keçirilən siyasət il ərzində onların mövqelərinin daha da güclənəcəyini göstərir.
Bununla yanaşı, qlobal maliyyə böhranının səngiməyə doğru getməsi onsuz da ölkə iqtisadiyyatı üçün təhlükəli xarakter daşımayan xarici amillərin daha da zəifləməsini şərtləndirir. Beləliklə, cari il ərzində makroiqtisadi sabitliyin Azərbaycanda daha da möhkəmlənəcəyini bəri başdan qətiyyətlə söyləmək olar.
Sahibkarlara qayğı yenə
prioritet istiqamət təşkil edəcək
Cari il üçün iqtisadi sferada Prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm məsələlərdən biri də daxili bazarın qorunması, yerli istehsalın həcminin artırılmasıdır. Bunun üçün isə əsas istiqamətlərdən biri ölkədə sahibkarlar sinfinə dövlət tərəfindən verilən dəstəyin daha da gücləndirilməsidir. İlk növbədə ona görə ki, istər keçən il, istərsə də ondan əvvəlki dövrlərdə bunun üçün möhkəm iqtisadi əsas yaradılıb. 2009-cu ildə sahibkarlığın inkişafı, o cümlədən müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyinin genişləndirilməsi ilə səciyyəvi olub.
Cari il ərzində sahibkarlığın inkişafı üçün ölkə Prezidentinin təşəbbüsü ilə bir sıra həlledici addımlar atılıb. Belə ki, artıq bu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilib. Həmçinin, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair ötən ildə qanunvericiliyə dəyişikliklər edilib.
O da şübhəsizdir ki, "Xüsusi iqtisadi zonalar haqqında" qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu ölkədə yeni rəqabət qabiliyyətli istehsal sahələrinin yaranmasına, qeyri-neft məhsullarının ixracının artmasına, ümumən sahibkarlığın inkişafına öz töhfəsini verəcək. Xüsusi iqtisadi zonalar ölkədə daxili investisiyaların həcminin artması, yerli sahibkarlığın inkişafı baxımından da vacib rol oynayır. Ölkəmizdə belə zonaların yaradılması istiqamətində hüquqi baza yaradılması üçün atılan mühüm addımlardan biri məhz Prezident İlham Əliyevin 2009-cu il aprelin 14-də imzaladığı "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanunu olub. Bu qanun ölkəmizdə xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyir, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyənləşdirir. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatına alınmış, xüsusi iqtisadi zona ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bu qanunla müəyyən edilmiş qaydada xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış hüquqi və fiziki şəxslər xüsusi iqtisadi zonanın rezidentləri sayılırlar.
Cari ildə sahibkarların mövqeyini daha da gücləndirəcək daha bir addım Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti olacaq. Dövlət başçısı cənab İlham Əliyev sözügedən fondun fəaliyyətinin təkmilləşdirilməsinə və genişləndirilməsinə daim xüsusi önəm verir və bu diqqətin nəticəsidir ki, son illərdə bu qurumun işini tənzimləyən normativ-hüquqi aktlara edilən dəyişikliklər nəticəsində onun təkmil fəaliyyət mexanizmi formalaşdırılıb. Dövlət büdcəsindən güzəştli kreditlərin verilməsinə ayrılan vəsaitlərin həcmi isə artırılıb. Təkcə ötən il fondun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kreditlər verilib ki, bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Kreditlərin 70 milyon manatı dövlət büdcəsindən fonda ayrılmış vəsait hesabına təmin edilib. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilib və bunun da 99,2 faizi regionların payına düşür. Cari il ərzində isə bu sferada daha böyük nailiyyətlərin əldə edilməsi planlaşdırılır və ümumiyyətlə, sahibkarlığa hərtərəfli dəstəyin göstərilməsi 2010-cu ildə də Prezidentin hökumətin qarşısında qoyduğu əsas vəzifələrdən biridir.
Əhalinin yaşayış səviyyəsi yenə
də dövlətin xüsusi diqqət mərkəzindədir
Yeni ildə dövlət başçısı inflyasiyaya nəzarət edilməsini də prioritet kimi önə çəkib: "İnflyasiyaya nəzarət ediləcəkdir. Mən əminəm ki, inflyasiya birrəqəmli olacaqdır. Beləliklə, insanların yaşayış səviyyəsi daha da yaxşılaşacaq və belə də olmalıdır". Göründüyü kimi, cənab İlham Əliyev ilk növbədə insanların yaşayış səviyyəsinin daha da yaxşılaşması baxımından inflyasiyaya nəzarəti ön plana çəkir. İnflyasiyanın idarə edilməsi sahəsində toplanan təcrübə, bu vaxta qədər görülən işlər cari il ərzində də ölkəmizdə sözügedən məsələnin hər hansı ciddi problem yaratmayacağını deməyə əsas verir. Ötən ilin yekunlarına görə, ölkədə orta illik inflyasiya səviyyəsi 1,5 faiz olub ki, bu da 2004-2008-ci illərdəki orta inflyasiya səviyyəsindən təxminən 10 dəfədən çox azdır. Manatın sabitliyi və aşağı inflyasiya böhran ilində əhalinin real gəlirlərinin artım tempinin təxminən 6 faiz səviyyəsində saxlanmasını təmin edib və iqtisadiyyatın rəqabət qabiliyyətinə də müsbət təsir göstərib. Cari il ərzində isə Azərbaycanın bu sahədə daha böyük uğurlara imza atacağı gözlənilir.
2010-cu ildə
bütün infrastruktur layihələrinin icrasının davam
etdirilməsi də Prezidentin müəyyən etdiyi vəzifələr
sırasındadır. Azərbaycanın daxili maliyyə
imkanlarının artması, mövcud kadr potensialı onu deməyə
əsas verir ki, həm bu ilə qədər görülən
işlər davam etdiriləcək, həm də yeni layihələr
icra olunacaq. Cari il ərzində icra olunacaq infrastruktur layihələrindən
danışarkən avtomobil yollarının tikintisinə
xüsusi diqqət yetirilir. Dövlət
başçısının tapşırığına
müvafiq olaraq Bakı-Gürcüstan sərhəd İpək
yolunun tikintisinin məhz bu il başa çatması nəzərdə
tutulur. Həmçinin Azərbaycandan İran istiqamətində
uzanan yolda görülən işlərin də əsas hissəsinin
bu il başa çatacağı gözlənilir.
Bakı-Rusiya sərhədi yolunun böyük hissəsi isə
artıq istifadəyə verilib və həmin yolun Rusiya sərhədinə
qədər tikintisinin bu il başa çatdırılması
nəzərdə tutulub. Bununla da Azərbaycan cari ildə
üç əsas magistralın böyük hissəsini tikib
istifadəyə vermiş olacaq. Digər tərəfdən
ölkə daxilində başqa yollar - həm şəhərdaxili,
həm də şəhərlərarası, eləcə də
kənd yollarının təmir və bərpası istiqamətində
görülən işlərin davam etdiriləcəyi, digər
infrastruktur obyektlərin yaradılması cari ildə
görüləcək əsas işlər
siyahısına daxildir.
Zamanın tələblərinə cavab verən
islahatlar davam edəcək
Yeni ildə
informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində
görülən işlərin miqyasının genişləndirilməsi
də əsas vəzifələrdən biridir. Qeyd edək ki,
dövlət başçısı cənab İlham Əliyevin
sürətlə inkişaf edən yüksək texnologiyalar
fonunda həyata keçirdiyi ən mühüm islahatlardan biri
də Rabitə Nazirliyinin ləğv edilərək onun
bazasında Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin (RİTN) yaradılmasına dair göstərişi
olub. Bu yüksək texnologiyaların Azərbaycana gətirilməsi
və tətbiqi dövlətin maraq dairəsindədir. 2007-ci
il fevralın 13-də cənab İlham Əliyev
informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini
prioritet məsələ elan edib və dövlət
başçısının İKT sahəsinə belə
yüksək diqqəti sözügedən sektor üzrə
ixtisaslaşmış şirkətlərin Azərbaycana
marağını daha da artırıb.
Prezident İlham Əliyev
tərəfindən imzalanan "Azərbaycan Respublikasında
kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması haqqında" 4 noyabr
2008-ci il tarixli sərəncam, 2009-cu ilin avqustunda təsdiq edilən
"Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı" İKT sektorunun cari il ərzində sürətli
inkişafını şərtləndirən əsas amillərdən
biridir. 2011-2012-ci illərdə Azərbaycanın Şərqi
Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi
Asiya ölkələrini əhatə edəcək iki
telekommunikasiya peykinin buraxılması nəzərdə
tutulur. Bununla da beynəlxalq peyk bazarına daxil olmaqla Azərbaycan
televiziya və radio yayımı, internet, məlumat
ötürülməsi, beynəlxalq telefon trafik mübadiləsi
və bir çox qabaqcıl peyk tətbiqləri
üçün xidmətlər təmin edəcək.
Son illər ərzində
informasiya-kommunikasiya texnologiyaları sektorunda ölkəmizdə
əldə olunan gəlirlərin orta illik artım tempi 32-35
faiz olub, 2009-cu ildə isə bu artım 13,7 faiz təşkil
edib və bu artım ilə ölkəmiz dünya üzrə
İKT-nin 2009-cu ildəki artım tempini 2 dəfə
qabaqlayıb. Bu il ərzində sözügedən sahəyə
yetirilən diqqət nəticəsində Azərbaycanın
İKT sektorunda dünya üzrə yenə ən yüksək
göstəricilərdən birinə imza atacağı
proqnozlaşdırılır.
Əhali enerji ilə yenə etibarlı şəkildə
təmin olunacaq
Əhalinin etibarlı
enerji təminatı istiqamətində görülən
işlərin daha yüksək templə davam etdirilməsi də
bu il dövlət başçısı tərəfindən
qarşıya qoyulan əsas vəzifələrdəndir. Elektrik
enerjisi ilə bağlı ölkə Prezidenti bildirir: "Bu
il biz yeni elektrik stansiyalarının tikintisinə
başlamalı və tikintinin davam etməsini təmin etməliyik".
Qeyd edək ki, son illər ərzində Azərbaycanın
enerji potensialının gücləndirilməsi işində
çox böyük addımlar atılıb. Təkcə
2006-2009-cu illər ərzində ölkədə on yeni
elektrik stansiyası tikilib və ümumi stansiyaların
sayı on doqquza çatdırılıb. Həmin
stansiyalardan onu son dörd il ərzində tikilərək
istifadəyə verilib. Sözügedən on stansiyanın
enerji potensialı 2100 meqavatdır. Azərbaycanın ümumi
enerji potensialının 6400 meqavat olduğu nəzərə
alınarsa, bu son dörd il ərzində ölkənin enerji
potensialınının 40 faizə qədər
artırılması deməkdir və qeyd edilən proses indi də
müvəffəqiyyətlə davam edir. Bu sahədə əldə
edilən uğurların miqyasını artırmaq üçün
dövlət başçısının
tapşırığına əsasən, Füzulidə Su
Elektrik Stansiyasının, "Taxtakörpü" Su Elektrik
Stansiyasının tikintisi daha da sürətləndiriləcək.
Naxçıvanda Biləvçay üzərində su elektrik
stansiyasının tikintisinin isə bu il başa
çatacağı gözlənir. "Cənub" Elektrik
Stansiyasında tikintinin başa çatmasından sonra isə
ölkəmizdə ən böyük elektrik
stansiyasının gücü, təxminən, 800 meqavata
yaxın olacaq. Həmçinin bu il ərzində alternativ
enerji mənbələrinin yaradılması istiqamətində
də bir sıra mühüm addımların
atılacağı gözlənilir.
Prezident İlham Əliyevin
enerji sahəsində xüsusi diqqət yetirdiyi digər bir
mühüm məsələ isə təbii qazlaşdırma
ilə bağlıdır: "Hesab edirəm ki, Azərbaycanda
qazlaşdırma daha da artmalıdır, ən azı 90 faiz təşkil
etməlidir və ən önəmlisi, itkilər kəskin
şəkildə aşağı düşməlidir". Bu
məqsədlə cari il ərzində qazpaylama sisteminin daha da
müasirləşdirilməsi gözlənilir. Dövlət tərəfindən
qeyd edilən istiqamətdə böyük miqdarda xərclərin
çəkilməsi, eyni zamanda əhalinin sosial müdafiəsinə
xidmət edir. Xatırlatmaq yerinə düşərdi ki, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi
üçün Azərbaycan Respublikası Prezidentinin ötən
ilin sonlarında verilən müvafiq fərmanı ilə əhalinin
1 oktyabr 2009-cu il tarixə qədər təbii qazdan istifadə
üzrə yaranmış 330 milyon manata yaxın borcları
dövlət büdcəsinin vəsaiti hesabına silinib.
Xəzərdə Azərbaycanın mülki
və hərbi qüdrəti daha da artacaq
Cari ildə Azərbaycan iqtisadiyyatı, eləcə də hərbi dəniz qüvvələri üçün yadda qalacaq daha bir hadisə Bakıda yeni, müasir gəmiqayırma zavodunun tikintisinə başlanması olacaq. Bu məsələ də dövlət başçısı tərəfindən qarşıya mühüm vəzifə kimi qoyulub və indiyə qədər bununla əlaqədar xeyli iş görülüb. Ötən ay həmin məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyində gəmiqayırma zavodunun inşası və istismarı üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti imzalayıb. Gəmiqayırma zavodunun Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun şimal-şərqində inşası nəzərdə tutulur. Aparılan hesablamalar göstərir ki, zavodun inşası üçün müvafiq layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edəcək və onun tikintisi 2,5-3 ilə başa çatdırılacaq. Müasir standartlara cavab verəcək zavod Azərbaycanın dəniz donanması üçün yeni gəmilərin tikintisində və mövcud gəmilərin təmirində (tankerlər, hərbi gəmilər, sahil təhlükəsizlik gəmiləri, bərələr və yaxtalar) xüsusi əhəmiyyətə malik olacaq. Zavodun tikintisinin ilkin mərhələsində 1000, sonrakı mərhələlərdə isə 1700 yeni iş yerinin açılması nəzərdə tutulur.
Cari il ərzində ordu quruculuğu, kənd təsərrüfatı, qaçqın və məcburi köçkünlərin həyat şəraiti və sosial vəziyyətlərinin yaxşılaşdırılması, ekoloji problemlərin aradan qaldırılması, regionların sosial-iqtisadi inkişafının sürətlənməsi və digər sahələrdə də görülən işlərin miqyasının genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir. Bütün bunların icrası və qarşıya qoyulan məqsədə çatılması üçün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərlik etdiyi güclü hakim komanda mövcuddur və hər bir dövlət qurumu üzərinə düşən vəzifəni professional şəkildə yerinə yetirmək iqtidarındadır. Həmçinin dövlət başçısının rəhbərliyi altında bu komandanın indiyə qədər əldə etdiyi nailiyyətlər xalqla hakimiyyət arasında güclü birliyin formalaşmasına, onun günü-gündən güclənməsinə təkan verməkdədir.
Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bununla bağlı bildirib: "Bütün nazirliklər, dövlət komitələri, dövlət şirkətləri öz vəzifələrini bilirlər. Artıq 2009-cu ilin yekunları və ondan əvvəlki illərdə görülən işlər onu göstərir ki, Azərbaycanda çox güclü iqtidar komandası formalaşıbdır. Hər bir məmur öz işini bilir, öz vəzifə borcunu icra etməyə çalışır. Əlbəttə, biz həmişə olduğu kimi, daha da tələbkar olmalıyıq. Tələb etməliyik ki, qəbul edilmiş qərarlar hər bir yerdə düzgün icra olunsun, vaxtında icra olunsun, qanun pozuntularına yol verilməsin. Ölkə qarşısında duran bütün vəzifələri həll etmək üçün Azərbaycanda hər şey vardır - həm siyasi iradə, düşünülmüş siyasət, səfərbərlik, eyni zamanda, xalqla iqtidar arasında birlik və bizim təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi".
Qeyd edilənlər qədəm qoyduğumuz 2010-cu ildə Azərbaycanın dinamik inkişafının daha da genişlənəcəyini, ölkəmizin yenə də dünyanın sürətlə tərəqqi edən dövlətləri sırasında yer alacağını göstərir. Elə bu da dövlət rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin nə dərəcədə uzaqgörən, praqmatik olduğunu, ölkənin və əhalinin maraqlarına xidmət etdiyini əyani surətdə təsdiqləyir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 21 yanvar.- S. 3.