"Kuwait Times"da 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc edilmişdir

 

Yanvarın 18-də Küveytin və Körfəz regionunun aparıcı ingilisdilli qəzeti olan "Kuwait Times"da səfir Ş.Abdullayevin "Yanvar faciəsi" adlı məqaləsi nəşr edilmişdir.

Məqalədə 1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq üçün sovet qoşunlarının bütün istiqamətlərdən Bakı şəhərinə müdaxilə etdiyi, mülki əhaliyə qarşı ağır texnika və odlu silahlardan istifadə olunmaqla 147 vətəndaşı qətlə yetirdiyi, 744 insanı isə ağır yaraladığı qeyd edilir.

Bakıda Qanlı 20 Yanvar qırğınının törədilməsinə və günahsız mülki əhalinin öldürülməsinə görə M.Qorbaçovun şəxsən məsuliyyət daşımasına baxmayaraq, Qərb dairələrində "sülhpərvər", "demokrat" kimi tanınan bu şəxsin "sülh proseslərində oynadığı mühüm rola" görə sonradan onun Nobel sülh mükafatına layiq görülməsinin ziddiyyətli xarakter daşıdığını qeyd edən səfir, keçmiş SSRİ prezidentinin əsassız və mənəvi dəyərlərə sığmayan iddialarla bu qanlı müdaxiləyə bəraət qazandırmağa çalışdığını diqqətə çatdırır.

Həmin dövrdə SSRİ müdafiə naziri olmuş D.Yazova istinadla müəllif tərəfindən bu əməliyyatın kommunist rejimini saxlamaq və xalqın milli azadlıq mübarizəsini boğmaq məqsədi daşıdığı oxucuların nəzərinə çatdırılır, 20 Yanvar faciəsi ilə Azərbaycanda Sovet İttifaqının islah oluna biləcəyinə dair cüzi ümidlərin belə puça çıxdığı və azadlıq uğrunda mübarizənin daha geniş vüsət aldığı qeyd olunur. Bunun bariz təcəssümü kimi 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti tərəfindən "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya aktının qəbul edildiyi və həmin il dekabrın 29-da keçirilmiş ümumxalq referendumunda xalqın yekdilliklə ölkənin müstəqilliyinə səs verdiyini vurğulayan səfir Ş.Abdullayev müstəqilliyinin ilk günlərindən Azərbaycanın Ermənistanın təcavüzü, torpaqlarının 20 faizinin işğalı və xarici siyasi təzyiqlər kimi problemlərlə üzləşdiyini yazır. Müəllif buna baxmayaraq, müstəqil, demokratik və firavan Azərbaycan dövlətinin qurulması naminə xalqımızın əzm və qətiyyətinin bir an belə səngimədiyini, əksinə günbəgün gücləndiyini bildirir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasi, iqtisadi və sosial islahatlar, dövlət quruculuğunda atılan addımlar hesabına Azərbaycanın dinamik inkişaf edən dövlət kimi regional lider olduğu müəllif tərəfindən nəzərə çarpdırılır.

Məqalənin sonunda müəllif hər il yanvarın 20-də qanlı hadisələrin ildönümünün dövlət səviyyəsində qeyd olunduğunu və Azərbaycanın müstəqilliyi, azadlığı və firavan gələcəyi naminə canlarını vermiş şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu vurğulayır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 21 yanvar.- S. 4