Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
Respublika Klinik Uroloji Xəstəxanasına
M.C.Cavadzadənin adının
verilməsi haqqında
Görkəmli Azərbaycan alimi, Dövlət mükafatları laureatı, əməkdar elm xadimi, "İstiqlal" və "Şöhrət" ordenləri ilə təltif edilmiş akademik Mirməmməd Cavad oğlu Cavadzadə ölkəmizdə urologiya elminin inkişaf etdirilməsi işinə böyük töhfələr vermişdir. Məhz onun təşəbbüsü və iştirakı ilə 1966-cı ildə Bakı şəhərində Respublika Klinik Uroloji Xəstəxanası yaradılmışdır. Həmin müəssisə qısa bir vaxtda urologiya üzrə elmi-praktiki fəaliyyətin mötəbər mərkəzinə çevrilərək Azərbaycanın səhiyyə sistemində xüsusi yer tutmuşdur.
Akademik Mirməmməd Cavadzadənin Azərbaycanda tibb elminin inkişafı və xüsusilə urologiya sahəsində müstəsna xidmətlərini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Klinik Uroloji Xəstəxanasına akademik Mirməmməd Cavadzadənin adı verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
21 yanvar 2010-cu il
Azərbaycan.- 2010.- 22 yanvar.- S. 1.