Prezident İlham Əliyev xalq qəhrəmanı Koroğluya
ucaldılacaq abidənin
hazırlıq işləri
ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nəsimi rayonunda Azadlıq və Vaqif prospektlərinin kəsişdiyi ərazidə yerləşən parkda xalq qəhrəmanı Koroğluya ucaldılacaq abidənin hazırlıq işləri ilə tanış olmuşlar.
Xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısına çevrilmiş böyük tarixi şəxsiyyətlərin və qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi gənc nəslin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunması baxımından müstəsna önəm daşıyır. Bunun əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il dekabrın 3-də Bakı şəhərində xalq qəhrəmanı Koroğluya abidə ucaldılması ilə bağlı sərəncam imzalamışdır. Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Nəsimi rayonunda Azadlıq və Vaqif prospektlərinin kəsişdiyi ərazidə yerləşən parkda abidə üçün yer müəyyənləşdirmişdir.
Prezident İlham Əliyev və xanımı əvvəlcə abidənin hazırlanacağı emalatxanaya gedərək işlərin gedişi ilə maraqlandılar.
Abidənin müəllifi heykəltəraş Tokay Məmmədov dövlət başçısına və xanımına iki variantda hazırlanmış abidənin maketi əsasında məlumat verdi. Bildirildi ki, xalq qəhrəmanı Koroğlunun abidəsi igidlik və qəhrəmanlıq elementləri ilə yanaşı, özündə vətənə və xalqa sədaqət hisslərini birləşdirəcəkdir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində abidənin müstəsna əhəmiyyətinin olacağı vurğulandı.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin ucaldılacağı parka gəldilər. Burada həyata keçiriləcək işlər barədə də dövlət başçısına və xanımına məlumat verildi.
Ərazi ilə tanış olan Prezident İlham Əliyev görüləcək işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 22 yanvar.- S. 2.