Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin təhsil naziri xanım Nimet Çubukçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Türkiyənin təhsil naziri xanım Nimet Çubukçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Türkiyənin təhsil naziri xanım Nimet Çubukçunun ölkəmizə bu səfərinin təhsil sahəsində əlaqələrimizin inkişaf etdirilməsi baxımından faydalı olacağına ümidvar olduğunu bildirdi.

Xanım Nimet Çubukçu təhsil naziri kimi ölkəmizə ilk səfərindən məmnunluğunu vurğuladı. Ölkəmizə hər səfəri zamanı Bakıda böyük inkişafın və dəyişikliklərin baş verdiyinin şahidi olduğunu deyən Türkiyənin təhsil naziri bütün bunların məhz Prezident İlham Əliyevin rəhbərliyi sayəsində həyata keçirildiyini qeyd etdi. Xanım Nimet Çubukçu ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da genişləndirməyin zəruriliyini bildirdi və bunun üçün böyük potensialın olduğunu vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 yanvar.- S. 2.