Elmi məktəbi və təşkilatçılığı ilə tanınan alim

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Əbülfət oğlu Məmmədov müdrikliyi, ziyalılığı, dəst-xətti, elmi məktəbi ilə tanınan görkəmli alimlərimizdəndir. Mənəvi saflığı ilə əqli kamilliyi özündə birləşdirən Yusif müəllim nəcib davranışı, yüksək mədəniyyəti ilə hamının hörmətini qazanmışdır. Fəaliyyətinin bütün sahələrində - istər alim, istər müəllim, istərsə də təşkilatçı kimi sevilməsinə baxmayaraq, həmişə sadə və təvazökardır. Y.Məmmədov onu əhatə edən sosial mühitdən asılı olmayaraq, həmişə özünün ədalət hissini, ləyaqətini qoruya bilmişdir. Bu il görkəmli alimin 60 yaşı tamam olur.

 

O, 1950-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Dəstəgird qəsəbəsində anadan olmuşdur. Onun formalaşmasında, ziyalılığın zirvəsinə yüksəlməsində istedadı, biliyi, zəhmətsevərliyi mühüm rol oynamışdır. 1966-cı ildə orta məktəbi qızıl medalla bitirdi. Ən böyük arzusu riyaziyyatçı olmaq idi. Heç vaxt inamı, ümidi sınmadı, ürəyindəki istəklərinin arxasınca Bakıya gəldi, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olundu. Tələbəliyin ilk illərindən istedadı, riyazi qabiliyyəti, əzmkarlığı, çalışqanlığı, məsuliyyəti ilə tələbə yoldaşlarından seçildi. Dövrün məşhur riyaziyyatçı alimlərindən dərs alan Y.Məmmədovun riyaziyyat elminə marağı daha da artdı, tələbə elmi cəmiyyətinin fəal üzvlərindən biri oldu. Beşinci kursda oxuyarkən akademik Məcid Rəsulovun təkidi ilə Novosibirsk Dövlət Universitetində keçirilən ümumittifaq tələbə elmi konfransında iştirak etdi. Professor Zelenyakın rəhbərlik etdiyi bölmədə yarı rus, yarı Azərbaycan dilindəki çıxışı, apardığı riyazi hesablamalar hamının diqqətini cəlb etdi və xüsusi diplomla mükafatlandırıldı. Həmin çıxış əsasında hazırladığı materiallar nüfuzlu "Differensial tənliklər" məcmuəsində çap olundu.

1971-ci ildə ADU-nun mexanika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdi. Təhsil illərində "əla" qiymətlərlə oxuduğu üçün universitetin riyazi fizika tənlikləri kafedrasında assistent saxlanıldı. 1979-cu ildə həmin kafedraya baş müəllim, 1980-ci ildə dosent, 1991-ci ildə professor vəzifəsinə seçildi. 1992-1993-cü illərdə qardaş Türkiyə Respublikasının İstanbul Texniki Universitetinin professoru kimi çalışdı. 1993-cü ilin axırlarında Bakıya qayıtdı, BDU-nun Riyazi fizika tənlikləri kafedrasının müdiri, 2000-ci ildə isə tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı vəzifəsinə seçildi. 2004-2006-cı illərdə BDU-nun I prorektoru - elmi işlər üzrə prorektoru vəzifəsində çalışdı. 2006-cı ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor vəzifəsinə təyin olundu.

Tədqiqatçı alim kimi Yusif müəllimin fəaliyyət dairəsi zəngin və çoxşaxəlidir. Onun elmi tədqiqatlarının ana xəttini differensial tənliklər və riyazi fizikanın mühüm problemlərinin araşdırılması təşkil edir. O, dünya şöhrətli akademik Məcid Rəsulovun elmi istiqamətinin (sərhəd və qarışıq məsələlərin həllində kontur inteqralı və çıxıqlar üsullarının nəzəri və tətbiqi problemləri) layiqli davamçısı olmaqla yanaşı, adi və xüsusi törəməli differensial tənliklər nəzəriyyəsinin digər sahələrində də bir sıra mühüm nəticələr əldə etmişdir. O, differensial tənliklər və riyazi fizika sahəsində akademik Məcid Rəsulovun yaratdığı elmi məktəbin ənənələrini davam və inkişaf etdirmişdir.

Professor Yusif Məmmədovun elmi tədqiqatları riyaziyyatın maraqlı, mürəkkəb və az tədqiq olunan sahələrini əhatə edir. Həyatının 40 ilini peşəkar elmi fəaliyyətə həsr edən alim XX əsrin 70-ci illərinin əvvəllərində tipə məxsus olmayan dəyişən əmsallı tənliklər üçün birölçülü Koşi və qarışıq məsələlərin korrekt qoyuluşu problemini tədqiq edir, bu sahədə bir sıra elmi yeniliklərin müəllifinə çevrilir. Alınmış elmi nəticələr "Differensial tənliklər", "Azərbaycan EA-nın Xəbərləri", "ADU-nun elmi əsərləri" jurnallarında nəşr olunur. O, 1974-cü ildə "Korrekt birölçülü məsələlər və onların həllinin analitik göstərilişi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır. Həmin əsər görkəmli riyaziyyatcı alimlər tərəfindən yüksək qiymətləndirilir, elmi səviyyəsi ilə yanaşı, praktik əhəmiyyəti də xüsusi qeyd olunur. Dissertasiyanın ən mühüm yeniliyi ondan ibarət idi ki, o zaman belə məsələlər yalnız sabit əmsallı tənliklər üçün görkəmli rus riyaziyyatçıları Q.E.Şilov, Q.V.Dikopolov tərəfindən öyrənilmişdi.

Professor Yusif Məmmədov 70-ci illərin sonlarından Birkhof və Tamarkin mənada requlyar olmayan spektral və uyğun qarışıq məsələlərin tədqiqi ilə məşğul olur. Bu sahədə apardığı sistemli araşdırmalar ona uğur qazandırır. Brikhof və Tamarkin mənada requlyar olmayan spektrial və uyğun qarışıq məsələlərin tədqiqi ilə bağlı dəyərli nəticələr əldə edir. Bu sahədə ilk nəticələrdən biri də görkəmli rus riyaziyyatçıları A.A.Şkalikov və A.P.Xromovla yanaşı, həm də Yusif Məmmədova məxsusdur (1983). Onun əsərlərində differensial operatorların rasional dəstəsi üçün requlyarlıq, sanki requlyarlıq və normallıq problemləri tədqiq olunmuş, ilk dəfə olaraq belə operatorların məxsusi və qoşma elementləri üzrə ayrılış düsturu verilmişdir. Yusif Məmmədov ilk dəfə olaraq cırlaşan adi differensial operatorlar üçün sonsuz tərtibli məxsusi ədədlərin varlığını göstərmiş, məxsusi ədədlər çoxluğunun sonlu limit nöqtələri ətrafında requlyarlıq, sanki requlyarlıq və normallıq anlayışlarını vermişdir. Uyğun qarışıq məsələləri tədqiq edən Yusif Məmmədov bu məsələlər üçün İ.Q.Petrovskinin Koşi məsələlərinin korrektliyi üçün verdiyi məşhur "A" şərtinin analoqunu tapmışdır. Bununla o, eyni zamanda Sobolyev-Qalpern tipli tənliklər üçün qarışıq məsələlərin həllinə baza yaratmış, ilk dəfə olaraq çıxıqlar üsulunun müstəvinin sonlu hissəsində sıxlaşan məxsusi ədədlər çoxluğuna malik birölçülü qarışıq məsələlərin həllinə tətbiqinin mümkünlüyünü isbat etmişdir.

Bütün bu tədqiqatlar onun 1990-cı ildə Tbilisi Riyaziyyat İnstitutunun ixtisaslaşmış dissertasiya şurasında müdafiə etdiyi "Ümumi şəkilli adi differensial tənliklər sistemi üçün spektral məsələlərin tədqiqi və uyğun qarışıq məsələlərin həlli üçün çıxıqlar üsulunun əsaslandırılması" mövzusunda doktorluq dissertasiyasında ümumiləşdirilmişdir. Əldə olunmuş nəticələr "Differensial tənliklər", "SSRİ EA-nın məruzələri", "Azərbaycan EA-nın Xəbərləri" jurnallarında nəşr etdirdiyi seriya məqalələrində öz əksini tapmışdır.

Nəzəri əsasını yaratmış olduğu istiqamətlərdə tədqiqatlarını davam etdirən Yusif Məmmədov 1991-1998-ci illərdə bir sıra yeni, praktik və nəzəri əhəmiyyətli nəticələr əldə etmişdir. Tətbiqi əhəmiyyətli işlər içərisində ən mühümləri kimi onun özülü elastiki mühitdə dalğanın yayılması probleminin model tənliyi üçün qarışıq məsələlərin həlli sxeminin əsaslandırılmasını, eksponensial strafikasiyalı (laylanmış) mayelərin dinamikası tənlikləri üçün ümumi şəkilli birölçülü qarışıq məsələləri tam tədqiq etməsini, cırlaşan sərhəd rejimində elektrik dövrəsində sönmə dekrementinin loqarifmik artım sürətinin mümkünlüyünü ortaya çıxarmasını, Şredinger tipinə cırlaşan parabolik tənliklər üçün ilk dəfə olaraq qarışıq məsələnin həllinin varlığı və yeganəliyini isbat etməsini və həll üçün analitik ifadə tapmasını göstərmək olar. Onun ikitərtibli adi differensial tənliklər üçün spektrial məsələnin requlyarlığının və istənilən dərəcədən sanki requlyarlığının potensial funksiyasının periodiklik xassəsi ilə ifadə olunan meyarını tapması çox mühüm nəzəri nəticə kimi qiymətləndirilir.

Professor Yusif Məmmədov klassik bir problemi - ciddi kompleks sıxlıq funksiyalı Şturum-Liuvil tənliyi üçün məxsusi ədədlər haqqında məsələni yeni və orijinal yollarla analitik sıxlıq funksiyası halında məxsusi ədədlərin asimptotikasını tapmışdır.

Yusif Məmmədov Moskva, Novosibirsk, Tbilisi, Afina, İstanbul, Zəncan şəhərlərində keçirilən müxtəlif miqyaslı konfranslarda Azərbaycan riyaziyyat elmini layiqincə təmsil etmişdir. Onun məruzələri V.İ.Steklov adına Riyaziyyat İnstitutunun, MDU-nun mexanika-riyaziyyat, riyaziyyat və kibernetika fakültələrinin, Novosibirsk Dövlət Universitetinin, Ukrayna EA-nın Tətbiqi Riyaziyyat İnstitutunun, Tbilisi Riyaziyyat İnstitutunun elmi seminarlarında görkəmli riyaziyyatçı alimlərin (V.P.Mixaylov, A.A.Dezin, A.Q.Kostyuçenko, A.A.Şkalikov, A.Q.Şveşnikov, S.A.Qabov, L.V.Skrıpnik, M.V.Fedoryuk, V.N.Vraqov, İ.T.Kıquradze və b.) böyük maraq və diqqətinə səbəb olmuşdur. Y.Məmmədovun görkəmli rus alimi M.V.Fedoryukla tanışlığının maraqlı tarixçəsi var. O, xatırlayır ki, 1988-ci ildə doktorluq dissertasiyası müdafiəyə hazır idi. Ayrı-ayrı nüfuzlu alimlərin elmi seminarlarında məruzələr etmişdi. Növbəti müzakirə riyaziyyat sahəsində tanınmış alim, Moskva Fizika Texniki İnstitutunun professoru M.V.Fedoryukun elmi seminarında olmalı idi. Kafedra əməkdaşlarına M.V.Fedoryukla görüşməli olduğunu bildirən Y.Məmmədov onun otaqların birində şahmat oynadığını öyrənir. Siqaret tüstüsündən görünməz olan otaqdakılardan birinə yaxınlaşaraq professoru soruşur. Ona M.V.Fedoryuku nişan verirlər. Fundamental əsərləri kimi özünü də cüssəli, hündürboy, nəhəng təsəvvür etdiyi insan əvəzinə bəstəboy adam gördükdə Yusif Məmmədov çox təəccüblü halda ona yaxınlaşaraq Bakıdan gəldiyini bildirir. İlk anda professor ona, - görmürsən, məşğulam, - cavabını verərək, oyununu davam etdirir. Əlaczıs qalan Yusif Məmmədov növbəyə dayanaraq onunla şahmat oynamalı olur və qalib gəlir. M.V.Fedoryuk gülümsəyir, ayağa qalxaraq "cavan oğlan, mən səni dinləyirəm" - deyir. Yusif müəllimin bu sahədə olan qabiliyyəti onun köməyinə gəlir.

Professor Yusif Məmmədovun nüfuzlu elmi jurnallarda 100-dən artıq məqaləsi nəşr olunmuşdur. Differensial tənliklər və riyazi fizikanın mühüm problemləri ilə bağlı araşdırmalar aparan tanınmış riyaziyyat alimləri, tədqiqatçılar dəyərli mənbə kimi onun əsərlərinə istinad edirlər.

Professor Yusif Məmmədovun fəaliyyət istiqamətlərindən birini də milli riyaziyyatçı kadrların hazırlanması təşkil edir. Onun rəhbərliyi ilə 13 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə olunmuşdur. O, çoxsaylı namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. Yusif Məmmədov uzun müddət BDU və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və elmlər namizədi alimlik dərəcələri verən müdafiə şurasının sədri kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın riyaziyyat və mexanika elmləri üzrə ekspert şurasının sədri olmuşdur. O, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisası üzrə dissertasiya şurasının sədridir. İxtisasca riyaziyyatçı olsa da, pedaqogika və fənlərin tədrisi metodikası üzrə söylədiyi yeni və orijinal fikirlər, elmi ümumiləşdirmələr onu ensiklopedik bilik sahibi kimi dəyərləndirməyə imkan verir.

Professor Yusif Məmmədov Təhsil Nazirliyi Kollegiyasının, YUNESKO-nun "Elmi biliklərin və texnologiyaların etikası" Azərbaycan Komitəsinin üzvü, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən fasiləsiz pedaqoji təhsil üzrə Koordinasiya Şurasının sədridir. Onun rəhbərlik etdiyi bu şurada Azərbaycan təhsilinin yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində yalnız nəzəri fikirlər söylənilmir, həm də tətbiq yolları ilə bağlı konkret təkliflər verilir. "ADPU-nun xəbərləri" elmi məcmuəsinin baş redaktoru, "AMEA-nın xəbərləri", "BDU-nun xəbərləri", "Riyaziyyat və Mexanika İnstitutunun əsərləri", "Sumqayıt DU-nun xəbərləri", "Kurikulum" jurnallarının redaksiya heyətinin üzvü kimi göstərdiyi xidmətlər Yusif müəllimin elmi fəaliyyətində mühüm yer tutur.

Professor Y.Məmmədovun elmi, pedaqoji, təşkilatçılıq fəaliyyəti, differensial tənliklər və riyazi fizika sahəsində əldə etdiyi nəzəri və tətbiqi əhəmiyyətli nəticələri, bu sahələrdə Azərbaycan elmini beynəlxalq səviyyədə layiqincə təmsil etməsi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, ona 2000-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi " fəxri adı verilmiş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Professor Yusif Məmmədovun Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor təyin olunması onun fəaliyyətinin yeni və mühüm istiqamətini təşkil edir. Yüksək elmilik, işgüzarlıq, yeni pedaqoji təfəkkür, islahatlara meyillilik, insanlara diqqət və qayğı onun idarəetmə üslubunun mühüm xüsusiyyətlərindəndir. O, ADPU-ya rektor təyin olunduğu gündən bu qocaman elm və təhsil ocağı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Universitetin müsbət imicini formalaşdırmaq, zəngin ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək istiqamətində planlı və məqsədəuyğun işlər görülmüşdür. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ən başlıcası, kollektivdə sağlam mənəvi-psixoloji mühit formalaşdırılmışdır. Müəllimlərin öz işinə həvəsini artırmaq, stimul yaratmaq məqsədilə "İlin müəllimi", "İlin alimi" müsabiqələri keçirilmiş, qaliblər mükafatlandırılmışdır. İmtahan sessiyalarında bilik yeganə meyara çevrilmişdir. İmtahanların tam şəffaf, obyektiv, ədalətli keçirilməsi təmin edilmişdir. Respublikada ilk dəfə tələbələrin təlim nailiyyətlərinin test üsulu ilə kompüter vasitəsilə qiymətləndirilməsi məhz professor Yusif Məmmədovun adı ilə bağlıdır. Bütün bunların nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti respublikamızın öncül elm və təhsil müəssisələrindən birinə çevrilmişdir.

Universitetin beynəlxalq əlaqələri genişlənib, müxtəlif ölkələrlə tələbə, müəllim mübadiləsi, birgə elmi tədqiqatların və simpoziumların keçirilməsinə diqqət artırılıb. Professor Yusif Məmmədovun təşəbbüsü ilə ADPU-da iki beynəlxalq konfrans keçirilib. "Müəllim hazırlama siyasəti və problemləri" mövzusunda keçirilən konfransda Türkiyənin, Şimali Kipr Respublikasının, Almaniyanın, Qırğızıstanın, Amerikanın 29 və Azərbaycanın 21 universitetindən 175 nəfər iştirak edib. Həmin konfransda 11 bölmə üzrə 300-dən artıq məruzə dinlənilib, "Təhsildə qloballaşma və İKT" mövzusunda keçirilən beynəlxalq elmi konfransda Türkiyənin Hacəttəpə və Ortadoğu Texniki Universitetinin 32 əməkdaşı, Dağıstan Dövlət Pedaqoji Universitetinin, Təhsil Nazirliyinin, respublikamızın 20-ə yaxın ali təhsil müəssisəsinin, "İntel" və "Reyn" şirkətinin nümayəndələri iştirak edib. Onu da qeyd edək ki, ikitərəfli əməkdaşlığa dair imzalanmış müqavilələr çərçivəsində Bakıda və Ankarada vaxtaşırı keçirilməsi ənənəvi xarakter almış, həmçinin riyaziyyat, fizika, kimya, biologiyanın müasir problemlərinə həsr olunmuş digər konfransların, müəllimlərin ixtisasartırıma kursunun təşkili məsələləri nəzərdə tutulmuşdur. Hacəttəpə Universitetinin professor-müəllim heyətinin staj keçməsi üçün nəzərdə tutulan universitetlər siyahısına ADPU-nun da adı əlavə edilmişdir. YÖK-ün qərarı ilə türkiyəli tələbələrin

ADPU-da təhsil almalarına razılıq verilmişdir.

Qısa bir müddətdə universitetdə yeni elmi-tədqiqat və tədris laboratoriyaları, kompüter mərkəzi yaradılmış, ən müasir avadanlıq və inventarlarla təmin edilmiş idman kompleksi istifadəyə verilmişdir. Universitet Avropa Pedaqoji Universitetlərinin Assosiasiyasına (ETEN) üzv qəbul olunmuşdur. Qeyd etmək yerinə düşərdi ki, assosiasiyanın 59 üzvü var ki, müsəlman ölkələrindən yalnız Türkiyənin 2 universiteti və ADPU onun üzvüdür. Təhsil ocağında aparılan bu yenidənqurma işləri ölkə rəhbərliyinin diqqətindən yayınmadı, ADPU-nun 85 illik yubileyi təntənəli şəkildə dövlət səviyyəsində qeyd olundu. Universitetin əməkdaşlarından 40 nəfəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yüksək dövlət mükafatlarına, fəxri adlara layiq görüldü.

Professor Yusif Məmmədov olduqca təmkinli adamdır. Onun yüksək dinləmə mədəniyyəti var. Sözün dəyərini bilən, ona qiymət verməyi bacaran ziyalıdır.

İnsanın nə qədər ömür sürməsi önəmli deyil, önəmli onun həmin illəri necə yaşamasıdır. Aqillərdən birinin dediyi kimi, övladınızın hər iki dünyada xoşbəxt olmasını istəyirsinizsə, qoy o, elmlə məşğul olsun. Qətiyyətlə demək olar ki, professor Yusif Məmmədov 60 illik ömrünün hər anını şərəflə yaşayır. Elmdə saflığı, obyektivliyi, prinsipiallığı hər şeydən üstün tutur. O, xüsusilə tabeçiliyində olan insanlara qarşı böyük həssaslıq və qayğıkeşlik göstərir. Bu kimi keyfiyyətlər onun həyat kredosuna çevrilib.

Görkəmli riyaziyyatçı alim, bacarıqlı elm və təhsil təşkilatçısı, ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yusif Əbülfət oğlu Məmmədovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona tükənməz yaradıcılıq enerjisi arzulayırıq.

 

 

Mahmud KƏRİMOV,

Azərbaycan Milli Elmlər

Akademiyasının prezidenti,

akademik

 

Akif HACIYEV,

Azərbaycan Milli Elmlər

Akademiyasının

fizika-riyaziyyat

texnika elmləri bölməsinin

akademik katibi, akademik

 

Azərbaycan.- 2010.- 22 yanvar.- S.7.