Ləyaqət və fədakarlıq nümunəsi

 

Həyatda hər bir insanın ucalmaq şansı olur. Ancaq bunun üçün gərək çalışasan, əməyə qatlaşasan, çətinliklərə sinə gərməyi bacarasan, gecəni gündüzə qatasan. Çəkdiyin zəhmət ağıla söykənəndə insan daha mənalı ömür yaşayır, layiq olduğuna çatır. Onda yaxşılığı, işıqlı aləmin spesifik cəhətlərini daha aydın şəkildə büruzə verirsən. Bu şərəfli işləri mükəmməl həyata keçirmək üçün gərək qüvvə və bacarığını tam səfərbər etməyə qadir olasan.

 

30 ilə yaxındır ki, "Azərbaycan" nəşriyyatında işləyən Allahverdi Məmmədov da belələrindəndir. O, Azərbaycanın gözəl guşələrindən birində, Ağsu rayonunun dağlar qoynunda yerləşən Xasıdərə kəndində dünyaya göz açıb. 15 yaşında olarkən Bakıya - fizika-riyaziyyat təmayüllü orta məktəbə daxil olub, 1977-ci ildə müvəffəqiyyətlə bitirərək Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olunub. 1979-1981-ci illərdə Moskva Hava Hücumundan Müdafiə Dairəsində xidmət etdikdən sonra "Azərbaycan" nəşriyyatında çapçı kimi işə başlayıb. 1985-ci ildə universiteti bitirdikdən sonra nəşriyyatın aparıcı sahələrindən biri olan təchizat və satış şöbəsinə işə keçirilib. O, qısa müddət ərzində işgüzarlığı, zəhmətsevərliyi sayəsində şöbə müdiri vəzifəsinədək yüksəlib.

Nəşriyyatda istehsal sahələrinin poliqrafiya materialları ilə təminatında xüsusi rolunu, onların istifadə olunmasında səmərəli təkliflərini və həmçinin nəşriyyatın ictimai-sosial həyatında fərdi fəallığını nəzərə alaraq o 1989-cu ildə Moskva Dövlət Poliqrafiya İnstitutuna ikinci ixtisas təhsili almağa göndərilib. 1992-ci ildə həmin institutun iqtisadiyyat fakültəsini bitirərək "Poliqrafiya və nəşriyyat işlərinin iqtisadiyyatı və idarə olunması" ixtisasına yiyələnmişdir. Daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetində MBA proqramı üzrə təhsilini davam etdirib və magistr dərəcəsi alıb.

2004-cü ildən isə "Azərbaycan" nəşriyyatında baş direktor müavinidir.

Hər gün nəşriyyata gələn hər bir qəzet əməkdaşı, eləcə də kitab və jurnal sifarişçisi bu şəxslə, poliqrafiya bilicisi ilə təmasda olur, ondan kömək və məsləhət alır.

Müstəqil mətbuatımızın inkişafında, onun maddi-texniki bazasının təmin olunmasında A.Məmmədovun öz xidmətləri var.

Sovetlər ittifaqı dağıldıqdan sonra respublikamıza əsas poliqrafiya materiallarının gətirilməsində, mətbəə və nəşriyyatların kağız, ofset çap təbəqələri və boyaları, eləcə də avadanlıqlar və ehtiyat hissələri ilə təmin edilməsində olduqca böyük çətinliklər yaranmışdır. Belə ki, dəmir yolları və hava nəqliyyatı ilə daşımalar iflic vəziyyətinə düşmüşdü. Hamıya məlum Çeçenistan və Dağıstan hadisələri zamanı respublikamıza kağız və başqa poliqrafiya materiallarının yalnız avtomobillərlə daşınması mümkün idi ki, bu da o dövr üçün son dərəcə çətin və təhlükəli idi. Belə bir dövrdə bu məsuliyyətli işin bütün ağırlığını məhz Allahverdi Məmmədov çiyinlərində daşıyırdı.

Bu gün "Azərbaycan" nəşriyyatında istehsal və çap prosesləri müasir standartlara cavab verir. Qlobal dünya böhranının hökm sürdüyü bu şəraitdə poliqrafiya materialları ilə təminat qənaətbəxş şəkildədir. Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində müasir tələb və metodlara uyğun olaraq müəssisədə yeni rəngli qəzet çap sexi tikilmiş, orada modern "KBA-COMET" rəngli çap maşını quraşdırılmışdır ki, bu da nəşriyyatda çap olunan əsas mətbu orqanların dünya standartlarına cavab verməsi üçün ən yüksək şəraitdir. Bundan əlavə, çap mərkəzində 4 rəngli "KBA Rapida-105" ofset maşını, cild sexində kitab və jurnal vərəqələrini tam avtomatik yığaraq bükən və hazır məhsul halına salan poliqrafiya avadanlıqları, eləcə də formaya köçürmə sisteminin yeni texnologiya ilə işləyən qurğular quraşdırılmışdır. Bəli, yüksək keyfiyyətli çap, texnoloji tərəqqi, modern avadanlıqlarla təminat hər sifarişçini razı salır - deyə, Allahverdi Məmmədov nəşriyyatın bugünkü vəziyyətindən söz açır.

Hazırda "Azərbaycan" nəşriyyatında 150-dən çox qəzet-jurnal çap olunaraq işıq üzü görür. Nəşriyyat əməkdaşları ilə sifarişçi - redaksiyalar arasında hökm sürən səmimi tərəfdaşlıq hamını razı salır. Onların iş şəraitinin yaxşılaşdırılması, çap olunmuş məhsulların mətbuat yayım firmaları ilə abunəçilərə vaxtında çatdırılması həmişə diqqətdə saxlanılır.

10 ildən artıqdır ki, KİV işçiləri arasında "Azərbaycan" nəşriyyatının kuboku uğrunda şahmat yarışı keçirilir. Bu yarış ulu öndər Heydər Əliyevin doğum günündə başlayır və Respublika gününədək davam edir - deyə sözünə davam edən həmkarımız hər zaman, hər an özünün dediyi kimi, işi ilə, əməlləri ilə nəfəs aldığını bir daha sübuta yetirir.

Allahverdi Məmmədovun şəxsi keyfiyyətləri, intellekti, yüksək bacarığı, fədakarlığı, həyat boyu topladığı qiymətli insanlıq ruhu, onun əsl vətəndaş-insan kimi formalaşmasında mühüm rol oynayıb. Ağlının, zəhmətinin, aydın təfəkkürünün, xeyirxahlığının sayəsində əldə etdiyi nüfuzu onun həyatdakı ən böyük qazancıdır.

YAP-ın fəal üzvlərindən olan A.Məmmədov dəfələrlə müxtəlif idarə və təşkilatlardan təşəkkürlər almış, fəxri fərmanlarla təltif olunmuşdur. O, mətbuatda və nəşriyyat sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə və həmmüəllifi olduğu "Jurnalist bunları bilməlidir..." kitabına görə "Qızıl Qələm" mükafatı ilə təltif edilmişdir.

Öz layiqli işi, xeyirxah əməlləri ilə dövlətə, dövlətçiliyə xidmət edən, gözəl ailə başçısı, üç oğul atası A. Məmmədovun ictimai fəallığı gənc nəslə əsl nümunədir.

Yanvarın 23-də həmkarımız Allahverdi Məmmədovun 50 yaşı tamam olur. "Azərbaycan" qəzetinin kollektivi onu yubiley münasibətilə təbrik edir, cansağlığı və həyatda yeni-yeni uğurlar arzulayır.

 

 

Bəxtiyar ƏZİZLİ

 

Azərbaycan.- 2010.- 22 yanvar.- S. 7.