Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

 

Yanvarın 19-da Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Azərbaycanın dövlət himni səsləndikdən sonra xalqımızın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadə 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışmışdır. Bildirmişdir ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz idi. Xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış Qanlı Yanvar, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsidir. Həmin yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.

Ziya Yusifzadə baş vermiş qanlı olaylardan dərhal sonra ürəyi hər an Azərbaycanla birgə döyünən ümummilli lider Heydər Əliyevin respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, keçirdiyi mətbuat konfransının əhəmiyyətini qeyd etmişdir. O, ulu öndər Heydər Əliyevin faciəni törədənlərin adlarını açıq şəkildə bildirdiyini, onların cəzalandırılmasını tələb etdiyini də xüsusi vurğulamışdır.

Natiq məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini, şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə kömək üçün imzaladığı sərəncamların şəhidlərin xatirəsinə böyük ehtiram olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, işğal altında qalmış torpaqlarımız düşməndən azad edilməli, dədə-baba torpaqlarından didərgin düşən soydaşlarımız doğma el-obalarına qayıtmalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə yorulmaq bilmədən fəaliyyət göstərir. Ali Baş Komandanın apardığı uğurlu siyasətin önündə getməli, Vətən uğrunda, torpaqlarımızın işğaldan azad olunması naminə qüvvə və bacarığımızı əsirgəməməliyik.

Akademiyanın rəis müavini, polkovnik İsmayıl Bağırov bildirmişdir ki, qanlı 20 Yanvar faciəsinə gedən yol qatı millətçi ermənilərin qərəzli ərazi iddiaları, sovet imperiyasının ikili siyasəti və respublikanın o vaxtkı rəhbərliyinin səriştəsizliyindən başlamışdır. 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu faciə Azərbaycan tarixinə hüzn günü kimi daxil olsa da, müstəqilliyimizin yolunda yeni mərhələyə cevrildi. Xalqımız öz azadlığı uğrunda mübarizəyə qalxdı və qalib gəldi. Vətənimizin müstəqilliyi üçün canlarını qurban verən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Tədbirdə çıxış edən müdavimlər də 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşmüşlər. Onlar bildirmişlər ki, hazırda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının müdavimi, gələcəkdə isə bir zabit olaraq Azərbaycanın müstəqilliyinin dönməzliyi, dövlətimizin daha da qüdrətlənməsi naminə bütün bilik və bacarıqlarını sərf edəcək, Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirəcəklər.

Tədbirin sonunda 20 Yanvar faciəsi ilə bağlı "Tarixin bir günü və ya bir günün tarixi" adlı sənədli film nümayiş olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 iyul.- S.  8.