ABŞ-da erməni terrorunu ifşa
edən yeni kitab çap olunmuşdur
Qanlı Yanvar hadisələrinə görə birbaşa məsuliyyət daşıyan keçmiş Sovet İttifaqının prezidenti Mixail Qorbaçov haqqında araşdırmaların müəllifi publisist Feliks Tsertsvadzenin ABŞ-da yeni kitabı çapdan çıxmışdır. "Erməni etnokorporasiyası" adlanan kitab son 130 ildə türk və Azərbaycan xalqlarına qarşı həyata keçirilən erməni terrorunun əsl simasını ifşa edir, erməni cəlladlarının vəhşi və amansız "iş üslubları" barədə geniş məlumat verir. Kitabda AzərTAc-ın fotoşəkillərindən də istifadə edilmişdir.
20 Yanvar faciəsinin ildönümü günü F.Tsertsvadze agentliyimiz vasitəsilə bütün Azərbaycan xalqına başsağlığı vermiş, tarixi hadisələrə beynəlxalq səviyyədə verilən qiymət barədə fikirlərini bölüşmüşdür.
- Cənab Tsertsvadze, 20 il üstündən ötəndən sonra, sizcə, ABŞ ictimaiyyəti Qanlı Yanvar haqqında bilirmi? ABŞ-da və ümumiyyətlə, dünyada bu hadisələr haqqında məlumatın daha geniş yayılması üçün nələr edilməlidir?
- Ötən illər ərzində Azərbaycanın diplomatik nümayəndəlikləri və mənim də üzvü olduğum Azərbaycan diasporu bu istiqamətdə böyük işlər görmüşdür. Biz birgə səylərimiz nəticəsində amerikalılara Azərbaycanı kəşf etməkdə kömək etmişik. ABŞ ictimaiyyətinin diplomatiya, jurnalistika, politologiya, tarix, kitabxana işi və digər oxşar sahələri ilə məşğul olan hissəsi 1990-cı ilin yanvarında Bakıda baş verən faciə ilə yaxşı tanışdırlar. Ümumilikdə, ABŞ ictimaiyyətini götürsək, əlbəttə, onlar Qanlı Yanvar haqqında kifayət qədər məlumatlı deyillər. Bunun da səbəbi budur ki, hadisələr barədə yalnız ildə bir dəfə - ildönümü zamanı danışılır, yazılır. Keçirilən tədbirlər, müzakirələr yüksək səviyyədə olsa da, eyni tiplidir. İndi il boyu davamlı olaraq ABŞ-ın müxtəlif ştatlarında 20 Yanvar hadisələri haqqında məlumat yayacaq daha dolğun proqram üzərində işləmək lazımdır. Bu mənada, görə biləcəyimiz işlər çoxdur. O cümlədən ABŞ-ın nüfuzlu universitetlərində Azərbaycanla bağlı kafedraların yaradılması, bura Azərbaycan professorlarının cəlb olunması, xüsusi tədris proqramlarının tətbiq və inkişaf etdirilməsi, Vaşinqton və digər böyük şəhərlərin nüfuzlu muzeyləri, xüsusilə də Holokost soyqırımına aid muzeylərdə Azərbaycanın qanlı tarixi barədə guşələrin yaradılması, ABŞ-ın bütün ştatlarının mərkəzi kitabxanalarında Azərbaycana dair ingilis dilində ədəbiyyat artırılması lazımdır. Təəssüf ki, sadaladığım bütün sahələrdəki boşluqlar ermənilərin saxta tarixlərinin təqdim edilməsinə gətirib çıxarır. Biz öz tərəfimizdən təkcə 20 Yanvar hadisələri deyil, həm də 1918-20-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımı, Qarabağ münaqişəsi, XX əsrin ortalarında azərbaycanlıların deportasiyası, mədəniyyətimiz, alimlərimiz, tarixi torpaqlarımız barədə danışmalı, mütəmadi təqdimatlar keçirməliyik. Bu, təbii ki, vəsait aparan işdir. Amma bu istiqamətdə qoyulan sərmayə öz nəticəsini göstərəcəkdir.
- Mixail Qorbaçovun 20 Yanvar faciəsində rolu məlumdur. Sizcə, həqiqəti yaymaqla Qorbaçovun ABŞ-da möhkəmlənən "soyuq müharibə"ni bitirən "xilaskar" imicinə təsir etmək olarmı?
- Əlbəttə mümkündür. Lakin özümüzdən başlamalıyıq. Milli Məclis təcili surətdə müvafiq siyasi addımlar atıb 1918-20-ci illərdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı, 20 yanvarda Bakı əhalisinin soyqırımını və Xocalı soyqırımını tanımalıdır. Bu böyük həcmli iş əsl peşəkarlar tərəfindən həyata keçirilməlidir. Azərbaycanda bu peşəkarlar vardır. Qorbaçov və onun əlbirlərinə qarşı kifayət qədər dəlil və sübut vardır. Bu sənədlər açıqlanmalı, BMT, Avropa Şurası, ATƏT kimi beynəlxalq təşkilatlarda və bütün dünya ölkələri parlamentlərində yayılmalıdır. Mixail Qorbaçovun cinayət əməlləri haqqında material toplusunu İNTERPOL-a təqdim edib, onun Qanlı Yanvarda törətdiklərinə görə məsuliyyətə cəlb olunmasını tələb etmək lazımdır. Mənim yeni kitabımda bu məsələlərin hamısına toxunulmuşdur. "Erməni etnokorporasiyası" adlanan kitabımda bundan əlavə daha bir yeni mövzuya toxunulubdur - Holokost zamanı yəhudilərin soyqırımında erməni diasporunun rolu. Bununla yanaşı, son əsrdə erməni terrorunun Azərbaycan və türk xalqlarına qarşı, eləcə də ermənilərin özlərinə qarşı törətdikləri cinayətlər barədə danışılır. "Erməni soyqırımı"nın əsassızlığı, ABŞ hakimiyyətinin ermənipərəst üzvləri və onların erməni havadarlarının təsiri altında məntiqsiz mövqedən çıxış etmələri də yeni kitabda ətraflı şərh olunmuşdur.
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi
müxbiri
Vaşinqton
Azərbaycan.- 2010.- 22 yanvar.- S. 9.