Prezident İlham Əliyev Humanitar Əməkdaşlıq
üzrə Birinci Azərbaycan-Rusiya Forumunun
iştirakçılarından ibarət nümayəndə
heyətini qəbul etmişdir
Prezident İlham Əliyev
yanvarın 22-də Humanitar Əməkdaşlıq üzrə
Birinci Azərbaycan-Rusiya Forumunun
iştirakçılarından ibarət nümayəndə
heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun əhəmiyyətini vurğuladı. Dövlət başçısı bu tədbirin Azərbaycan ilə Rusiya arasında uğurla inkişaf edən münasibətlərin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini bildirdi.
Ölkələrimiz arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini deyən Prezident İlham Əliyev Azərbaycan və Rusiya ictimaiyyətinin müxtəlif təbəqələrinin bu əlaqələrin dərinləşməsi prosesinə fəal cəlb olunmasının əhəmiyyətini vurğuladı.
Humanitar sahədə də əməkdaşlığın fəal surətdə daim genişləndiyini deyən dövlət başçısı bildirdi ki, bu sahədə əldə olunan təcrübənin bundan sonra da davam etdirilməsi önəmlidir və Azərbaycanda keçirilən forum ümumilikdə əlaqələrimizin daha da möhkəmlənməsi işinə təkan verəcəkdir.
Prezident İlham Əliyev vurğuladı ki, ikitərəfli münasibətlərimiz geniş sahələri əhatə edir və bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial vardır.
Dövlət başçısı vətəndaş cəmiyyətləri, həmçinin kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqələrin əhəmiyyətli olduğunu bildirərək bu sahədə əməkdaşlığın dövlətlərin siyasi xəttinin müəyyənləşdirilməsində də mühüm olduğunu bildirdi. Qeyd etdi ki, ölkələrimiz arasındakı dostluq əlaqələri iqtisadi münasibətlərin inkişafında da mühüm rol oynayır.
Prezident İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun Azərbaycanın humanitar sahədə əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirdi və ölkəmizin MDB məkanında humanitar əməkdaşlıq proseslərində fəal iştirak etdiyini diqqətə çatdırdı.
Görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə İTAR-TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana "Dostluq" ordenini təqdim etdi.
Mixail Qusman onu ali ordenlə təltif etdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür etdi. Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev, Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, yazıçı Eduard Topol, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Leonid Slutski, SSRİ-nin xalq artisti İosif Kobzon, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Yefim Pivovar, Rusiya Federasiyası Federasiya Şurasının iqtisadi siyasət, sahibkarlıq və mülkiyyət məsələləri üzrə komitəsinin müavini Andrey Xazin forumun təşkilinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkür etdilər. Onlar forumun iki ölkə arasında münasibətlərin inkişafında mühüm əhəmiyyətə malik olduğunu bildirərək onun gələcəkdə də davam etdirilməsinin əhəmiyyətindən danışdılar.
(Görüş haqqında geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).
AzərTAc
Azərbaycan.- 2010.- 23 yanvar.- S. 1.