Azərbaycan Prezidenti İlham Əliyev bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi qəbul etmişdir.

bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlis ilk dəfə 15 il bundan əvvəl Bakıya gəldiyini ötən dövr ərzində çox böyük inkişafın şahidi olduğunu vurğuladı. "Əsrin müqaviləsi"nin imzalanmasından artıq 15 il ötdüyünü bildirən qonaq bu müddətdə ölkəmizdə qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu böyük uğurlar qazanıldığını dedi. Endi İnqlis bp şirkətinin ölkəmizlə əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.

Ötən il "Əsrin müqaviləsi"nin 15 illiyi münasibətilə mərasimlər keçirildiyini qeyd edən dövlət başçısı əldə olunan bütün bu nailiyyətlərin əsasında uğurlu enerji siyasətinin dayandığını dedi. Prezident İlham Əliyev bildirdi ki, əgər 15 il əvvəl başlanan enerji siyasəti həyata keçirilməsəydi, iqtisadiyyatımızın şaxələndirilməsi sosial proqramların həyata keçirilməsi mümkün olmazdı. bp şirkəti ilə əməkdaşlığa toxunan dövlət başçısı energetika sahəsində uğurlu əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23 yanvar.- S. 1.