Heydər Əliyev Fondunda
görüş
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
yanvarın 22-də Rusiya Dövlət Dumasının
deputatları və Rusiyanın nüfuzlu kütləvi
informasiya vasitələrinin nümayəndələri ilə
görüşmüşdür.
Mehriban xanım Əliyeva Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda iştirak etmək üçün Bakıya gəlmiş qonaqları salamlayaraq onları ölkəmizdə görməsindən məmnunluğunu bildirdi.
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun əhəmiyyətindən danışan Mehriban xanım Əliyeva tədbirin işinə uğurlar arzuladı və forumun hər il keçirilməsinin vacibliyini bildirdi. Belə tədbirlərdə gələcəyə doğru real addımların atıldığını deyən fondun prezidenti, hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın bu gün də uğurla davam etdiyini diqqətə çatdırdı.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verən Mehriban xanım Əliyeva fondun ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği ilə yanaşı, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirdiyini və bunun da Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə xidmət etdiyini vurğuladı. Mehriban xanım Əliyeva Azərbaycanda rus dilinin inkişafına da qayğı göstərildiyini deyərək, ölkəmizdə rusdilli orta və ali məktəblərin fəaliyyət göstərdiyini söylədi. Bu istiqamətdə ölkələrimizin əlaqələrinin gələcəkdə də uğurla davam etdirilməsinin vacibliyini vurğuladı.
Qonaqlar Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdəki əməkdaşlıq məsələlərinə toxunaraq keçirilən forumun tərəflər arasında mövcud münasibətlərin daha da inkişafına zəmin yaradacağına əminliklərini bildirdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 23 yanvar.- S. 4.