Kiyevdə akademik Ramiz Mehdiyevin Ukrayna dilində çapdan çıxmış "Azərbaycanlıların soyqırımının reallıqları" kitabının təqdimatı olmuşdur

 

Kiyevin Müəllimlər evində 20 Yanvar şəhidlərinin xatirəsinin anım gecəsi və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycanlıların soyqırımının reallıqları" kitabının ölkəmizin Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Ukrayna dilində nəşrinin təqdimatı olmuşdur.

Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev tədbiri açaraq salona toplaşanlara - Ukraynada akkreditə olunmuş diplomatik korpusun, Ukrayna siyasətinin və ictimaiyyətinin nümayəndələrinə, diasporumuzun üzvlərinə həmrəyliyə və xoş mərama görə təşəkkürünü bildirmişdir. O, 20 il əvvəl baş vermiş, tariximizə Azərbaycan xalqının ən faciəli və eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil olan hadisələr barədə məlumat vermişdir. Diplomat faciənin növbəti günü, bütün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, Qanlı yanvar qırğınının təşkilatçılarını pisləyən kəskin bəyanatla çıxış etmiş ümummilli lider Heydər Əliyevin əzəmətini və xalqına sədaqətini xüsusi vurğulamışdır.

T.Əliyev demişdir ki, yalnız 1994-cü ildə dahi lider Heydər Əliyev ölkəyə rəhbərliyə qayıdandan sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş, cinayətin təşkilatçılarının adları ictimaiyyətə açıqlanmışdır.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti xalqımızın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə xüsusi qayğı ilə yanaşır, ölkəmizin tarixində faciəli hadisələrin - 1918-ci il mart, 1990-cı il 20 Yanvar hadisələrinin, 1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramla yanaşır.

Diplomat Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycanlıların soyqırımının reallıqları" kitabının Ukrayna dilində nəşri ilə bağlı təəssüratlarını bölüşmüşdür. Kitabda ilk dəfə olaraq sovet hərb maşınının törətdiyi qanlı qırğın elmi cəhətdən işıqlandırılır, 1918-ci ilin martında Azərbaycan xalqına qarşı soyqırımından, Xocalı faciəsindən söhbət açılır.

Sonra tədbirdə Türkiyənin Ukraynadakı səfiri Əhməd Bülənt Meriç, GUAM-ın baş katibi, səfir Valeri Çeçelaşvili, Ali Radanın deputatı, AŞPA-nın fəxri üzvü Anatoli Raxanski, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü Valeri Soldatenko, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, təşkilatın Kiyev şəhər bölməsinin rəhbəri Oleq Krapivin çıxış edərək xalqımızın həyatında faciəli hadisələrin elmi təhlilini vermiş, kitabı yüksək qiymətləndirmişlər.

Salonda böyük ekranda Qara Yanvar hadisələrini əks etdirən sənədli kadrlar nümayiş olunmuş, səhnədə Azərbaycanın dövlət bayrağı ucaldılmış, şamlar yandırılmış, qırmızı qərənfillər düzülmüşdür. Müəllimlər evinin foyesində bu dəhşətli gecənin qurbanlarının fotoşəkillərindən ibarət stend qoyulmuş, toplaşanlara səfirliyin mətbuat üçün hazırladığı "Qara Yanvar: Bakıya sovet basqınının 20-ci ildönümü" açıqlaması paylanmışdır.

Tədbir iştirakçılarına akademik Ramiz Mehdiyevin "Azərbaycanlıların soyqırımının reallıqları" kitabının Ukrayna dilində nəşrinin nüsxələri hədiyyə olunmuşdur.

Nəşrin məsləhətçisi Azərbaycanın Ukraynadakı səfiri, fəlsəfə doktoru, siyasi elmlər namizədi Tələt Əliyev, redaktoru Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun professoru Arif Quliyev və T.Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun dosenti Zəminə Əliyevadır. Z.Əliyeva həm də bu dəyərli tədqiqat işinin nəşrinin sponsorudur.

AzərTAc-ın fotoxronikasının materiallarından istifadə olunan kitab Xarkovun "Fort" nəşriyyatı tərəfindən buraxılmışdır. Kitab siyasətçilər, sosial elmlər sahəsində mütəxəssislər, humanitar ali məktəblərin tələbələri və bütövlükdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2010.- 24 yanvar.- S. 3.