Humanitar Əməkdaşlıq
üzrə Birinci Azərbaycan-Rusiya Forumu başa
çatmışdır
Yanvarın 23-də Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun bağlanış mərasimi olmuşdur.
Forumun yekununda birgə bəyanat
qəbul edilmişdir.
Tədbirdə İTAR-TASS agentliyinin
baş direktoru Vitali İqnatenko çıxış edərək
forumun çox səmərəli keçdiyini bildirdi. Həm
Rusiyanın, həm də Azərbaycanın
tanınmış, nüfuzlu şəxslərinin
qatıldığı tədbirin əhəmiyyətindən
danışan Vitali İqnatenko qeyd etdi ki, bu, gələcək
əməkdaşlığın inkişafına böyük
töhfə verəcəkdir. Görkəmli dövlət
xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevi
şəxsən tanıdığından qürur
duyduğunu bildirən Vitali İqnatenko ulu öndərlə
bağlı xatirələrini bölüşdü.
Tədbirdə
çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyev bildirdi ki, forum hər iki
ölkə üçün böyük əhəmiyyət kəsb
edir. Azərbaycanın regionda ən sabit ölkə
olduğunu vurğulayan Ramiz Mehdiyev bildirdi ki, respublikamız
bölgədə irimiqyaslı layihələrin müəllifi
və təşəbbüskarıdır.
Daha sonra Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri dövlətimizin
başçısının Azərbaycanın neft
kapitalının insan kapitalına çevrilməsi
üçün apardığı genişmiqyaslı işlərdən
danışdı, yaxın gələcəkdə ölkəmizdə
müxtəlif sahələrdə həyata keçiriləcək
böyük layihələr barədə məlumat verdi.
Rusiya Prezidenti
Administrasiyasının rəhbəri Sergey Narışkin isə
forumun yüksək səviyyədə təşkilinə
görə təşəkkürünü bildirdi və dedi
ki, bu tədbir Azərbaycan-Rusiya münasibətlərinin
inkişafında daha bir addım oldu. Qonaq gələcəkdə
forum çərçivəsində görüləcək
işlərin daha da genişləndirilməsinin zəruriliyini
vurğulayaraq prosesə vətəndaş cəmiyyətinin
bütün təbəqələrinin cəlb ediləcəyinə
ümidvar olduğunu qeyd etdi.
Rusiya Prezidentinin beynəlxalq
mədəni əməkdaşlıq üzrə xüsusi
nümayəndəsi Mixail Şvıdkoy, yazıçı
Çingiz Abdullayev, Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun (MDBMİ) rektoru, Rusiya Elmlər
Akademiyasının akademiki Anatoli Torkunov, Bakı Slavyan
Universitetinin rektoru Kamal Abdulla və digər
çıxış edənlər forumun ikitərəfli
münasibətlərin inkişafına töhfə verəcəyinə
əmin olduqlarını bildirdilər, müxtəlif sahələrdə
əməkdaşlığın genişləndirilməsi
üçün gözəl imkanların
yaradılacağını vurğuladılar.
Tədbirin sonunda İTAR-TASS
agentliyinin baş direktoru Vitali İqnatenko forum
iştirakçıları adından birgə bəyanatın
qəbul edildiyini bildirdi və qeyd etdi ki, onlar Azərbaycan və
Rusiya prezidentlərinin forumun fəxri sədrləri olması
təklifini irəli sürmüşlər.
(Geniş hesabat qəzetin
növbəti nömrəsində dərc olunacaqdır).
AzərTAc
Azərbaycan.- 2010.- 24 yanvar.- S. 3.