Forum iştirakçılarının
bir qrupu Heydər Əliyev Fondu ilə tanış olmuşdur
Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu iştirakçılarının bir qrupu yanvarın 23-də Heydər Əliyev Fondunda olmuşdur.
Qonaqlara fondun məqsədi barədə məlumat verildi. Bildirildi ki, fondun zəngin ekspozisiyasında ulu öndərin şəxsi arxivindən götürülmüş, onun həyat və fəaliyyətini əks etdirən fotolar və eksponatlar nümayiş olunur.
Forumun iştirakçıları ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi daşıyan Heydər Əliyev Fondu ilə böyük maraqla tanış oldular. Azərbaycanın nicat yolunu müəyyən edən bu böyük şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur. Böyük bir xalqın suveren məkanda yaşamaq imkanını ulu öndər gerçəkləşdirmişdir. Qonaqlar fondun görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliği, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönələn genişmiqyaslı fəaliyyəti ilə bağlı apardığı işləri yüksək qiymətləndirdilər.
Qonaqlar fondun xatirə kitabına ürək sözlərini yazdılar.
Rusiya Dövlət Humanitar Universiteti tərəfindən Heydər
Əliyev Fonduna tarix, mədəniyyət və digər sahələrə aid 200-dək
kitab hədiyyə edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.-24
yanvar.- S. 3.