Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olmuşlar

 

Yanvarın 23-də Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olmuşlar.

Dünyanın ən tanınmış ali təhsil ocaqlarından sayılan Moskva Dövlət Universitetinin Bakı filialında forum iştirakçıları təhsil ocağının fəaliyyəti ilə tanış olmuşlar. Bakı filialı haqda qonaqlara ətraflı məlumat verən rektor professor Nərgiz Paşayeva burada filologiya, tətbiqi riyaziyyat, kimya psixologiya fakültələrinin fəaliyyət göstərdiyini bildirmişdir. Nərgiz Paşayeva vurğulamışdır ki, bu universitetdə təhsil almaq istəyən gənclərin sayı çoxdur.

Rusiyalı qonaqların gəlişi ilə bağlı təşkil edilən tədbirdə professor Nərgiz Paşayeva Azərbaycan-Rusiya əlaqələrinin tarixindən söz açmışdır. Rektor Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumundan danışmış, bu tədbirin bir çox məsələləri müzakirə etmək üçün gözəl fürsət olduğunu demişdir.

Nərgiz Paşayeva onu da qeyd etmişdir ki, rusiyalı qonaqların məhz bu gün MDU-nun Bakı filialına gəlməsi əlamətdar haldır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması haqqında sərəncam məhz yanvarın 23-də verilmişdir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov Bakı filialının tribunasından çıxış etməyin onun üçün böyük şərəf olduğunu söyləmişdir. O, rəhbərlik etdiyi təhsil ocağının da Moskva Dövlət Universitetinin tərkibindən yarandığını demişdir. Qonaq Azərbaycan təhsilinin üstünlüklərindən danışaraq ölkəmizdə həm müəllim heyətinin, həm tələbələrin ali təhsilin məqsədlərinə sadiq olduqlarını bildirmişdir.

A.Torkunov Moskva Dövlət Universitetinin Bakı filialında həm Azərbaycan, həm rus, həm Qərb mədəniyyətinin sintez şəklində birləşdiyini bunun təqdirəlayiq hal olduğunu vurğulamışdır. Qonaq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycan Diplomatik Akademiyasının birgə proqramlarının reallaşması üçün müzakirələr apardığını bildirmişdir.

Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının rektoru Vladimir Yeqorov ölkəsinin ali təhsil məktəblərinin fəaliyyəti haqqında danışmışdır.

Forum iştirakçıları tələbələri maraqlandıran sualları cavablandırmışlar.

Rusiyalı qonaqlarla görüşdə vurğulanmışdır ki, onların səfəri ölkələrimiz arasında əsl dostluq münasibətlərinə gözəl töhfədir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Görüşdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru professor Seyfəddin Qəndilov, "Russki Mir" Fondunun başçısı, RF-in Azərbaycandakı sabiq səfiri Vasili İstratov və başqaları iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-24  yanvar.- S. 4.