Şərəfli ömrün mənalı
illəri və dəyərli əsərləri
Yaradıcı şəxsiyyətlər həyatın bütün sevincini istedadın onları məhkum etdiyi ağır zəhmətdən alırlar. Həyat onların ömür tablosunu sanki sonu görünməyən mübarizə boyaları ilə işləyib. Qarşıya qoyduqları amallara, məqsədlərə yetişmək sözü və zəkası ilə ucalan insanlar üçün dünyanın ən böyük xoşbəxtliyidir. Böyük rus mütəfəkkiri Aleksandr Blokun fikridir - "Əsl ömür yaşayan ziyalı geriyə yox, irəliyə baxan, tərəqqi edən insandır".
Yaradıcı insan həm də nəcib keyfiyyətləri xarakterində yaşadan ziyalıdır. Yazıb-yaratmaq, insanlara səmimi xidmət etmək istəyi onun mənəvi dünyasından qaynaqlanır. Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, düşünən beyni olan belə ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi söz sənətkarlığının zirvəsinə ucalıblar. Belə seçilmiş ziyalılar yaxşı dərk edirlər ki, insan daxilən zəngin olmayan zaman ona xarici azadlığın şirinliyini bəxş etmək çətindir. Ona görə də onların fəaliyyəti insanları daxili azadlığa qovuşdurmağa, qəlblərindəki, şüur və düşüncələrindəki çatışmazlıqlardan azad etməyə istiqamətlənir. Mehrini sözə salan, onun müqəddəsliyini qoruyan söz xiridarları yaradıcılıqları və şəxsi nümunələri ilə insanların daxili dünyalarında mövcud olan iki qüvvənin mübarizəsi sonunda işığın qaranlıq üzərində qələbəsinə nail olurlar.
Yaradıcılıq insanın özünütəsdiq əzmindən qaynaqlanan ali duyğu, nəcib keyfiyyətdir. Bu potensialı elmin bənzərsiz qüdrəti, sehri və mözücəsi ilə canlandırmaq qeyri-adi, fitri istedaddır. Belə keyfiyyət sonradan qazanılmış bilik və vərdişlərlə, dünyagörüşü ilə zənginləşə, püxtələşə bilər. Amma razılaşın ki, böyük istedad və dərin intellekt məhz yaranışdan ulu Tanrının insana ərməğanıdır. İstedadı, intellekti, tədqiqatçılıq əzmi daha ülvi bir məqsədlə - millətə, xalqa layiqli xidmət amalı ilə birləşəndə isə yaradıcı insan əsl şəxsiyyətə, ziyalıya çevrilir.
Dünyaya gəldikdən sonra qismətinə düşən ömür payını hər bir yaradıcı insan fərqli yaşayır, həyat adlanan uzun bir yolda özünəməxsus iz qoyur. Bəzən bu izlər var olmamış kimi insanın fiziki ölümü ilə yoxa çıxır, bəzən isə həyatın coşqun fırtınası ondan bir daş da qopara bilmir. Məhz belə insanların keçdikləri ömür yolu gələcək nəsillər üçün örnəyə çevrilir, özləri isə yaddaşlarda əbədi yaşamaq kimi xoşbəxtlik zirvəsinə ucalırlar.
Hər bir xalqın varlığı söz və sənət kodları ilə onun milli yaddaşında inikas olunur. Bu yaddaş özlüyündə həm də şəxsiyyətlərin taleyindən keçir. Xalqın millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır. Milli yaddaşını qoruya bilən xalq nəticə etibarilə millətlər içində layiqli yerə - zirvəyə qalxa bilir.
Mənsub olduğu xalqın, millətin tarixi yaddaşını elmi-publisistik yaradıcılığında yaşadan və dünyaya yayan şəxsiyyətlərin ön sırasında yer alan Naxçıvan Dövlət Universitetinin rektoru, akademik, əməkdar elm xadimi, Milli Məclisin deputatı, dövlətimizin iki ali təltifinə - "Şərəf" və "Şöhrət" ordenlərinə layiq görülən İsa Həbibbəyli ömür yolunun artıq 60 pilləsini geridə qoyub. Tarix üçün o qədər böyük olmayan bu zamana isə İsa Həbibbəyli ictimai xadim və ədəbiyyatşünas kimi nəhəng bir elmi fəaliyyət epoxasını sığışdıra bilib.
Zəngin dünyagörüşünə, geniş məlumat dairəsinə, dərin biliyə, qibtə ediləcək təfəkkürə sahib olan akademik İsa Həbibbəyli mənalı həyat yolu keçərək çoxlu sayda elmi əsərlərə də yeni, əbədi sayılan ömür bəxş edib. Sadə və mənalı həyat yolu keçən görkəmli alim elmin zirvəsinə də məhz yuxusuz gecələrinin, gərgin zəhmətinin sayəsində ucalıb. Yüksək tədqiqatçılıq əzmi ilə seçilən İsa Həbibbəylinin milli irsə çevrilən elmi əsərlərinin ruhunda milliliyin bütün elementlərinin tam mahiyyəti ilə üzə çıxması da təbii qanunauyğunluqdur. İsa müəllim bütün varlığı ilə milli kökə, xalqa bağlı şəxsiyyətdir. Xalqa layiqli xidmət amalı ilə fəaliyyət göstərən nüfuzlu akademik həyatının mənasını məhz bu şərəfli missiyada tapıb. Yəqin bu da təsadüfi deyil ki, dəyərli alimin elmi tədqiqatlarında xalqın maariflənməsi, cəhalətdən, mövhumatdan qurtulması, milli yaddaşının qorunması, tərəqqiyə doğru irəliləməsi üçün misilsiz xidmətlər göstərmiş klassik ədəbi simaların yaradıcılığı mühüm yer tutur. Hər cür mübaliğədən uzaq əminliklə deyə bilərik ki, İsa müəllim dahi Cəlil Məmmədquluzadə yaradıcılığının mahir tədqiqatçısı, araşdırıcısı kimi müasir əbədiyyatşünaslıq tariximizə sanballı möhürünü vurub. Bu baxımıdan "İsa Həbibbəyli Mirzə Cəlilin mənəvi övladıdır" - deyən bizlər heç də yanılmırıq.
Hazırda görkəmli alim elmi mühitdə daha çox "mirzəcəlilşünas" kimi tanınır. Namizədlik dissertasiyası "XX əsrin əvvəllərində Azərbaycan romantik lirikası", doktorluq dissertasiyası isə "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusuna həsr olunub. İsa Həbibbəylinin 60-a yaxın elmi kitabının, 300-dən çox elmi məqaləsinin, 500-dən artıq qəzet yazılarının aparıcı istiqamətini ötən əsrin əvvəllərinin ədəbi-ictimai fikrinin tədqiqi məsələləri təşkil edir. Görkəmli alim hələ 80-ci illərin əvvəllərində müdafiə etdiyi namizədlik dissertasiyasında Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Əlibəy Hüseynzadə kimi görkəmli ədəbi simaların yaradıcılığından bəhs edib. İsa Həbibbəylinin elmi yaradıcılığında Cəlil Məmmədquluzadənin həyatı, mühiti və müasirləri, bədii-publisistik irsi, nəsil şəcərəsinin tədqiqi sanballı elmi mənbələr əsasında araşdırılıb. Bu sırada "Cəlil Məmmədquluzadə" (1987), "Zamanın dühası" (1993), "Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə" (1994), "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" (1997) və digər sanballı əsərləri qeyd etmək olar. İsa müəllimin fədakarlığı ilə böyük nasir və dramaturq Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddinin) bütün əsərlərinin ilk dəfə "Klassik Azərbaycan əbədiyyatı" seriyasından dörd sanballı cilddə kütləvi tirajla nəşr edilib oxuculara çatdırılması isə müasir ədəbiyyatşünaslıq elminin və ədəbi-bədii fikrimizin ən əlamətdar hadisələrindən birinə çevrilib.
Akademik İsa Həbibbəylinin alim və ziyalı kimi özünəməxsus bir xüsusiyyəti də var: Milli Məclisin deputatı, Naxçıvan Dövlət Universitetinin rektoru kimi son dərəcə gərgin iş qrafikinə baxmayaraq, o daim elmi axtarışdadır. Açıq deyək - elmin bəlli bir zirvəsinə çatdıqdan sonra arxayınlaşan, keçmiş elmi fəaliyyəti üzərində "var-gəl edən", apatiyadan xilas ola bilməyən elm adamlarımıza bu gün az rast gəlmirik. Belələrinin elmi tədqiqatları ən yaxşı halda, Azərbaycan hüdudları ilə yekunlaşır. İsa Həbibbəylinin elmi fəaliyyəti bu mənada çox-çox fərqlənir. Akademik bizim bir çox namizəd və doktorlarımızdan fərqlənərək, öz axırıncı işini nəzərə alıb dayanmır, zəhmətkeş rejimini dəyişib sakitləşmir. O, dövr, məkan və problem çərçivəsini məharətlə aşır, tədqiqatları ilə milli məkanın sərhədlərini adlayır. Qahirədə ərəb və ingilis dillərinə tərcümə olunaraq nəfis şəkildə çapdan çıxmış və dünyanın ən aparıcı kitabxanalarına hədiyyə edilmiş "Çağdaş Azərbaycan ədibi Cəlil Məmmədquluzadə" kitabı bu həqiqəti bir daha təsdiq edir. Bəli, məhz İsa Həbibbəyli kimi dəyərli şəxsiyyətin gərgin, yorulmaz əməyi sayəsində Avropa və Şərqin qapıları Azərbaycan əbədiyyatının sütunlarından biri olan Cəlil Məmmədquluzadənin üzünə açılıb. Akademikin digər əsəri - ədəbi əlaqələr və elmilik baxımından böyük əhəmiyyət kəsb edən "XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı" kitabının Moskvada rus dilində təkmilləşdirilmiş çapı da mühüm ədəbi hadisədir. Məhz bu kitabın çapı sayəsində dünyanın bir çox xalqları ötən əsrin əvvəllərində yaşayıb-yaratmış dahi Azərbaycan ədibləri ilə tanışlıq imkanı qazanmışlar.
Azərbaycan ədəbiyyatının böyük dühalarından olan Cəlil Məmmədquluzadənin "Ər", "Lənət" və "Oyunbazlar" adlanan pyesləri məhz İsa Həbibbəylinin sayəsində üzə çıxıb, ədəbi mühitə məlum olub. Dahi klassikin yaradıcılığının dünya ədəbiyyatı kitabxanasına daxil olmasında, əsərlərinin müxtəlif dillərdə dərc olunaraq yayılmasında və beləliklə, həmin ədəbi nümunələrin beynəlxalq miqyasda varlığının təmin olunmasında da görkəmli akademikin xidmətləri əvəzsizdir.
Hər bir alimi tanıdan, məşhurlaşdıran əsas xüsusiyyətlərdən biri də onun qələmi, sözüdür. Hansısa elmi qənaəti sözün qüdrəti ilə dolğun şəkildə canlandırmaq və fikir süzgəcindən keçirib mənalandırmaq çətin məsələdir. Daha doğrusu, yığcam şəkildə geniş fikir söyləmək, elmi həqiqətləri inandırıcı şəkildə diqqətə çatdırmaq heç də bütün tədqiqatçılara xas olmayan cəhətdir. İsa Həbibbəyli imzası bu mənada seçilir, fərqlənir, diqqəti çəkir. Sadə və səlist elmi üslubda yazılmış əsərləri və məqalələri oxunaqlılığı, orijinal dəst-xətti, ideya siqləti ilə diqqəti çəkir. Mənəvi dünyasından qaynaqlanan şövq və fəhmlə yazıb-yaradan görkəmli akademikin söz sənətkarlığında vətəndaş mövqeyi, insan amili, xalqın və dövlətin mənafeyi hər zaman öndə durur. Onun qələmindən çıxan neçə-neçə əsərləri isə qətiyyətlə Azərbaycan ədəbi mühitində İsa Həbibbəyli zirvəsinin yarandığını deməyə əsas verir. Özü də bu zirvə alimin yeni-yeni elmi axtarışları, tükənməz yaradıcılıq enerjisi ilə daim yüksəlir, ucalır.
Elmi yaradıcılıqdan xüsusi zövq alan İsa Həbibbəylini fərqləndirən daha bir xüsusiyyət onun təkcə Azərbaycan yox, dünya ədəbiyyatının bir sıra görkəmli simalarının yaradıcılığını da yeni rakursdan tədqiq etməsi, onları Azərbaycan ədəbi mühitinə yaxınlaşdırmasıdır. Bununla da İsa Həbibbəyli sanki dünya və Azərbaycan ədəbiyyatı arasında bir körpü rolunu oynayıb, ədəbi xəzinəmizi daha da zənginləşdirib. Onun dünya şöhrətli rus yazıçısı Aleksandr Puşkinin və məşhur Amerika yazıçısı, Nobel mükafatı laueratı Ernest Hemenqueyin ədəbi irsinin öyrənilməsinə həsr olunmuş tədqiqatları dünya ədəbiyyatı tarixinə layiqli töhfə olmaqla yanaşı, beynəlxalq aləmdə elmi-bədii əlaqələrin inkişafı üçün də yeni cığırlar açır.
Görkəmli tədqiqatçının yorulmadan apardığı axtarışların ədəbiyyatla yanaşı, tarix elminə bəxş etdiyi yeni faktlar, xüsusən də, Naxçıvan və İrəvan xanlığı ilə bağlı Rusiya arxivlərindən topladığı zəngin materiallar İsa Həbibbəyli yaradıcılığının çoxşaxəli olduğunu, bir sahə ilə məhdudlaşmadığını göstərir. Akademik İsa Həbibbəylinin Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri də onun rəhbərliyi altında ölkəmizdə və onun hüdudlarından kənarda çoxsaylı alim və mütəxəssisin yetişməsidir.
Bir vaxtlar fəal jurnalistika ilə məşğul olması, indi də vaxtaşırı olaraq dövri mətbuatda çıxış etməsi İsa Həbibbəylinin həm də görkəmli publisistlərmizdən birinə çevrilməsinə gətirib çıxarıb. Fərdi üslubu olan, Azərbaycan dilinin bütün incəliklərindən istifadə edərək səlist və axıcı dildə publisistik əsərlər ərsəyə gətirən, ictimai-siyasi mövzuda analitik sanbalı ilə seçilən məqalələrin müəllifi olan İsa Həbibbəyli məhz bu cəhətləri ilə geniş oxucu auditoriyası qazanıb.
1996-cı ildən Naxçıvan Dövlət Universitetinə rektorluq edən İsa Həbibbəyli bu təhsil ocağının hərtərəfli inkişafında, dünyada tanınmasında müstəsna xidmətlər göstərib, həmçinin Azərbaycanda ali təhsil quruculuğu sahəsindəki əvəzsiz əməyi olan şəxslərdən biri kimi çıxış edib. Prezident İlham Əliyevin 31 mart 2007-ci il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin qeyd olunması bu elm ocağına təhsil sahəsində əldə etdiyi uğurlara görə verilən yüksək qiymətdir.
İsa Həbibbəylinin elmi-fəlsəfi düşüncələri, artıq məktəbə çevrilən yaradıcılığı, hadisələrə orijinal baxışı, onlara yeni məzmun və xarakter verməsi, zəngin daxili mənəviyyata malik olması, tələbkarlığı və elə bir o qədər də qayğıkeşliyi onun portretinin ayrılmaz cizgiləridir. Lakin İsa Həbibbəylini xarakterizə edən cəhətlər alimin təkcə elmi yaradıcılığı yox, həm də prinsipiallığı, yüksək idarəçilik qabiliyyəti, zamanın nəbzini tutmaq bacarığı, təşkilatçılığı, ən əsası, vətəndaş mövqeyidir. Məhz bu səbəbdəndir ki, İsa Həbibbəyli təkcə zəmanəsinin görkəmli elm təmsilçisi kimi çıxış etmir, həm də ictimai-siyasi proseslərdə fəal iştirak edən siyasi xadim kimi tanınır. Baş verən hadisələrə daim dürüst mövqe ifadə edən, laqeydlikdən uzaq olan İsa Həbibbəyli siyasi baxışlarının sabit olması, dəyişməz əqidəyə qulluq etməsi baxımından da seçilir. Siyasi bilgisi, innovativ xarakteri, geniş düşüncə diapazonu, təəssübkeşliyi, dönməzliyi, çevikliyi, milli ideyalara, dövlətçiliyə sadiqliyi İsa Həbibbəylinin ictimai-siyasi portretinə yeni rənglər qatan ən mühüm elementlərdəndir. Azərbaycançılıq ideologiyasının yorulmaz daşıyıcısı olan alim milli mənsubiyyətindən böyük qürur hissi keçirməklə yanaşı, dünya miqyasında da azərbaycançılığın ən fəal təbliğatçılarındadır.
Bütün bunlar İsa Həbibbəylini çoxcəhətli fəaliyyəti olan şəxs kimi xarakterizə etməyə əsas verir, yaradıcılıq potensialının təkcə bir sahə üzrə köklənmədiyini, daha geniş spektrləri əhatə etdiyini göstərir. Məhz bu səbəbdən İsa Həbibbəylinin şəxsiyyət obrazı konkret bir sahə üzrə məhdudlaşdırıla bilməz. Onun istər elmi, istərsə də ictimai-siyasi fəaliyyəti geridə qoyduğu 60 ilin nə qədər zəngin və mənalı səhifələrdən ibarət olduğunu əyani olaraq göz önündə sərgiləyir.
Alimin 60 illik ömür yoluna çıraq tutan və onun bu yubiley yaşına ən dəyərli töhfələrdən biri isə "Elm və Təhsil" nəşriyyatında "Ömrün illəri və əsərləri" adlı kitabın işıq üzü görməsidir. Olduqca nəfis şəkildə tərtib və nəşr olunan kitabda İsa Həbibbəyli haqda müxtəlif illərdə görkəmli ziyalılar, ədiblər, tədqiqatçılar, filoloqlar tərəfindən yazılan məqalələr toplanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun ön sözü ilə başlayan kitabda milli elm və əbədiyyatımızın görkəmli simaları - Abbas Zamanov, Elçin Əfəndiyev, Cavad Heyət, İsmayıl Hacıyev, Bəkir Nəbiyev, Yusif Seyidov, Qəzənfər Paşayev, Vilayət Quliyev, Teymur Kərimli, Hüseyn Həşimli və başqaları İsa Həbibbəylinin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı parlaq səhifələrinə nəzər salırlar. Müəlliflərin görkəmli akademikin yaradıcılığı və şəxsiyyəti ilə bağlı maraqlı fikir və xatirələri, rəyləri özünün rəngarəngliyi, forma əlvanlığı, orijinallığı ilə diqqət çəkir. Bu məqalələri oxuyan hər kəsdə İsa Həbibbəylinin necə böyük erudisiyaya, məntiqə, tədqiqatçılıq məharətinə, novator keyfiyyətlərə malik cəfakeş alim olduğuna bir daha qəti əminlik yaranır. Bu həqiqət də aşkar görünür ki, haqqında söz açan müəlliflər İsa müəllimi həm fədakar alim, həm də yaxın dost, ziyalı şəxsiyyət kimi tanıyır, onun milli elm və təhsilimizin inkişafındakı misilsiz xidmətlərini yüksək dəyərləndirirlər. Eyni zamanda, İsa müəllimin müasir əbədi tənqidin inkişafına verdiyi böyük töhfələr kifayət qədər dolğun və hərtərəfli şəkildə diqqətə çatdırılır.
"Ömrün illəri və əsərləri" kitabında toplanmış məqalələrin əksəriyyətində yer almış bu fikirlə tam razılaşmaq olar ki, görkəmli akademik İsa Həbibbəyli elmdə hamının dediyi, hətta təkrar etdiyi həqiqətlər üzərində dayanmır. Xarakterdə milli, düşüncədə son dərəcə yenilikçi olan İsa müəllimin uğurlarının əsasında həm də bu amil dayanır. İsa Həbibbəyli o ədəbiyyatşünas alimlərdəndir ki, onlar ilkin mənbələrə söykənmədən, araşdırdıqları yazıçının bütün irsini diqqətlə öyrənmədən onun haqqında söz demirlər. Bu mənada, akademik ciddi bir mətnşünas alim olmaqla yanaşı, həm də klassik ədəbiyyatımızın sirlərinə bələd olan və indi sayı azalmış nadir elm cəfakeşlərindən biridir. Onun dahi Nizami Gəncəvidən Şəhriyara qədər - Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Məhəmməd Tağı Sidqi, Məhəmmədağa Şaxtaxtlı, Hüseyn Cavid, Mir Cəlal və başqa ustadlarımız, eləcə də Dədə Qorqud şəxsiyyəti və boyları, Sara əfsanəsi, Aşıq Ələsgər irsi haqqında yazılarının hamısını birləşdirən ümumi cəhət də məhz bundan ibarətdir. Görkəmli akademik üçün elmi dəqiqlik və tədqiqat obyektinə dərindən bələdlik, araşdırdığı mövzu ilə bağlı mövcud olan nəzəri fikrə əsaslanmaq həmişə vacib şərt olub.
Kitabda geniş yer alan fikirlərdən biri də məhz bundan ibarətdir ki, akademik İsa Həbibbəyli elmi yaradıcılığının orijinallığını və yeniliyini təmin etmək üçün ömrünün ən mənalı günlərini dünyanın tanınmış kitabxanalarında, arxivlərində keçirməkdən mənəvi zövq alıb. Azərbaycanın ədəbi simaları, klassik yazıçı və şairləri ilə bağlı çoxsaylı yenilikləri, həqiqətləri üzə çıxarıb. Onun uzun illər ərzində Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi, Təbriz, Ankara, Odessa, Qori, habelə Bakı və Naxçıvan arxivlərində, muzey və kitabxanalarında apardığı araşdırmalar, topladığı materiallar, nadir sənədlər tariximizin və mədəniyyətimizin daha dərindən öyrənilməsinə sanballı töhfədir. Şəxsi kitabxanasında 20 minə yaxın sanballı elmi və bədii kitabın olması akademikin zəhmətkeş elm adamı olduğunu bir daha təsdiqləyir.
Ümumilikdə, "Ömrün illəri və əsərləri" kitabında yer alan məqalələrin məzmunu, dəyərli ziyalının elmi yaradıcılığı barədə səslənən fikirlər, elmə verdiyi töhfələr, onun barəsində olan xatirələr, ictimai-siyasi xadim, millət vəkili, universitet rektoru kimi göstərdiyi fəaliyyət bir daha İsa Həbibbəyli obrazının ucalığını, alicənablığını, insan zəhmətinin nələrə qadir olduğunu aydın təsəvvür etməyə imkan verir.
Bəli, Azərbaycan ədəbi elmində, həqiqətən, İsa Həbibbəyli zirvəsi var və bu zirvə bundən sonra da yeni tədqiqatlar, axtarışlar, ərsəyə gələcək dəyərli elmi əsərlər hesabına daha da ucalacaq. Çünki bu tale çoxlarının qət edə bilmədiyi əsl alim ömrüdür...
İxtiyar HÜSEYNLİ
Azərbaycan.- 2010.- 26 yanvar.- S. 7.