Humanitar Əməkdaşlıq
üzrə Birinci Azərbaycan-Rusiya Forumu iştirakçılarının bir qrupu İTRYŞ-də
olmuşlar
Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda iştirak edən Rusiyanın aparıcı televiziya kanallarının nümayəndələri yanvarın 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTRYŞ) olmuşlar.
Şirkətdən bildirmişlər ki, görüşdə qurumun baş direktoru İsmayıl Ömərov ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafında kütləvi informasiya vasitələrinin əvəzsiz rolunu qeyd etmişdir. İTRYŞ-nin 2005-ci ildə yarandığını diqqətə çatdıran baş direktor telekanalın qısa vaxtda tam fərqli bir proqram siyasətinə malik olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu kanalın efirində sosial, ictimai əhəmiyyətli problemlərin daha çox müzakirə olunduğu tok-şoular, auditoriyanın maraqlarına cavab verən maarifləndirici proqramlar xüsusi üstünlük təşkil edir. Sayından asılı olmayaraq ölkəmizdə yaşayan milli azlıqlar barədə proqramlar hazırlayan "Azsaylı xalqlar departamenti" yaradılmışdır. Bu departamentin hazırladığı rəngarəng proqramları auditoriya maraqla izləyir.
Sonra şirkətin əldə etdiyi nailiyyətlərə həsr olunmuş qısa film nümayiş etdirilmişdir.
Nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy İTRYŞ-nin qısa zamanda qazandığı uğurları vurğulamışdır. Azərbaycan və Rusiya arasında əlaqələrin inkişafı, hər iki ölkə haqqında informasiyaların daha geniş işıqlandırılması üçün imkanların mövcudluğu bildirilmişdir. M.Şvıdkoy ölkələrimiz arasında birgə telelayihələrin keçirilməsini mümkün hesab etmiş və bunun üçün bütün mexanizmlərin olduğunu diqqətə çatdırmışdır. Şirkətin Türkiyə, Gürcüstan, Moldova, Macarıstan və digər ölkələrlə həyata keçirdiyi telekörpülərin Rusiya ilə də təşkilinin əhəmiyyətli olacağı qeyd edilmişdir.
Görüşdə Azərbaycanın illərdən bəri üzləşdiyi erməni separatizmi və Azərbaycan ərazilərinin işğalının Rusiya KİV-ində işıqlandırılması məsələsi də müzakirə edilmişdir. Rusiya İctimai Şurasının üzvü, tanınmış siyasi analitik və jurnalist Nikolay Svanidze bu cür mövzuların işıqlandırılmasında neytrallığın qorunmasını vacib saymışdır.
Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova, tanınmış jurnalist Altay Zahidov, siyasi şərhçi Rüstəm Məmmədov, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı Azərbaycan və Rusiya KİV-i arasında əlaqələrin inkişafının vacibliyini qeyd etmişlər. Bildirilmişdir ki, iki dövlət arasında siyasi əlaqələr uğurla inkişaf edir və telekanallar bu əməkdaşlığın genişləndirilməsində fəal iştirak etməlidirlər.
Görüşdə Azərbaycan
və Rusiya arasında televiziya üzrə kadr hazırlığı sahəsində
əməkdaşlığa dair fikir mübadiləsi
aparılmış və
bu sahədə ümumi tədris akademiyasının təşkili
təklif olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 24 yanvar.- S. 4.