Zəmanəsinin böyük mesenatı

 

Bütün varlığı ilə tərəqqipərvər və maarifpərvər insan olan Hacı Zeynalabdin Məmmədtağı oğlu Tağıyev 1823-cü il yanvar ayının 25-də Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1924-cü il sentyabr ayının 1-də Mərdəkandakı bağında 101 yaşında vəfat etmiş, vəsiyyətinə əsasən Bakıda və Abşeronda yaxşı tanınan Axund Hacı Abuturab Axundzadənin Pirhəsən qəbiristanlığındakı məqbərəsi yanında dəfn olunmuşdur. Doğum tarixi Azərbaycan sovet ensiklopediyasının 9-cu cildində 1838-ci il göstərilsə də, həmin tarix sovet dövründən bu günədək mübahisələrə səbəb olmuşdur. Lakin qızı Sara xanım "burjuy" damğası vurulmuş atasının hüquqlarının müdafiəsinə çalışdığı zamanlarda onun doğum şəhadətnaməsini də ortaya qoyaraq israrla deyirdi ki, atası 101 yaşında dünyasını dəyişib. Hacının öz sağlığında yaşını 15 il azaltması ikinci kəbinlə bağlıdır. O vaxt əyalətlərdə evlənmə məsələsində yaş fərqinin müəyyən hədləri var idi. Bu hədləri aşmaq məmur və zadəganlara xüsusilə qadağan idi. Bu nöqteyi-nəzərdən təkcə evində saxladığı doğum şəhadətnaməsindən savayı, XIX əsrin sonu, XX əsrin əvvəllərindəki bəzi sənədlərdə H.Z.Tağıyevin təvəllüdü 1838-ci il kimi göstərilir. Həqiqət isə belədir: 1823-cü il 25 yanvar.

Nəcib və xeyirxah insan H.Z.Tağıyev zəmanəsinin ən varlı şəxsiyyətlərindən sayılsa da, ondan da varlılar var idi. Hacının ən böyük varı xalqına, xalqın ona olan böyük məhəbbəti idi.

O, Azərbaycanda sənaye müəssisələrinin işə salınmasına, bank, ticarət sektorunun inkişafına böyük zəhmət çəkmiş, külli miqdarda vəsait sərf etmişdir.

Onun xeyriyyəçilik fəaliyyəti də sağlam prinsiplərə əsaslanırdı. Hacının Duma üzvü kimi fəaliyyətinin də ali məqsədi var idi: xalqına, ölkənin tərəqqisinə xidmət. Xalq arasında "el atası" titulunu qazanmış bu diplomsuz, lakin ən yaxşı iqtisadçı, bankir, memar, tacir, diplomat və həssas qəlbli humanist insan olan Hacı Zeynalabdin Tağıyev, sözün həqiqi mənasında, saf insan idi. Müasirləri onu son dərəcə mərhəmətli, son dərəcə ədalətli, müdrik və uzaqgörən bir şəxsiyyət kimi tanıyırdılar. Hacı yaxşı bilirdi ki, təhsili inkişaf etdirmədən, maarifləndirmə işini köklü surətdə yaxşılaşdırmadan milli dirçəlişə nail olmaq mümkün deyil. Bu məqsədlə o, 25-ə yaxın qəzet və jurnalın nəşrinə himayədarlıq etmişdir. Ölkəmizdə ilk qızlar məktəbi, ilk teatr, ilk ağır və yüngül sənaye müəssisələri, Bakıya kənardan çəkilmiş ilk möhtəşəm Şollar su kəməri, ilk gəmi tərsanəsi, Xəzər gəmiçiliyinin inkişafı Tağıyevin adı ilə bağlıdır. 1901-ci ildə Bakıda qızlar üçün məktəb açmaqdan ötrü 5 milyon qızıl pul sərmayə qoymuş, 1919-cu ildə Azərbaycan Dövlət Darülfünunun (BDU) açılmasına xeyli maddi yardım göstərmişdir. Bu barədə fikirlərini "Tazə həyat" qəzetinin 1908-ci il 12 noyabr sayında belə açıqlayır: "Kasıb olduqlarından ata-anam mənə məhəbbət və nəvazişdən başqa heç nə verə bilməyiblər. Məndə olan bütün yaxşı cəhətlər üçün onların mənə olan sevgilərinə borcluyam. Şübhəsiz, bu da Allah-təalanın əmri ilə olub.

Bütün işlərimlə yanaşı, fikrim-zikrim xalqımı xoşbəxtliyə, işıqlı gələcəyə, tərəqqiyə çatdırmaqdır. Buna görə də gecə-gündüz əlləşirəm. Məqsədə çatmaq üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab, məcmuə və qəzet çap etdirib hər yerə - uzaq şəhər və kəndlərimizə göndərilməlidir".

Ölkənin ictimai-siyasi və mədəni həyatında çox fəal iştirak edən Hacı Azərbaycan Xalq Cümhuriyyətinin qələbə çalması üçün maddi yardımlar göstərmiş, daşnakların ağalığına son qoyulmasına var gücü ilə çalışmışdır. Təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri Hacı Zeynalabdin Tağıyevi özlərinin ağsaqqalı və himayədarı hesab edirdilər.

Rusiyada, dünyada və Azərbaycanda baş verən ictimai-siyasi hadisələri diqqətlə izləyən Bakı Şəhər Dumasının üzvü, dövlət müşaviri, bir sıra cəmiyyət və birliklərin yaradılmasının təşəbbüskarı, mütərəqqi yeniliklərin müdafiəçisi və çoxsaylı xeyirxah işlərin müəllifi Hacının qürur duymalı və öyünməli xidmətləri geniş və çoxtərəflidir. Nəriman Nərimanov 1900-cü ildə "Hacı Zeynalabdin Tağıyevin 50 illik məişəti və cəmaətə xidmətləri" kitabında yazırdı: "Qeyrətli Hacının vətənə, millətə və insana olan hümmətindən sonra xarici millət deyə bilərmi müsəlmanlar nadan, vəhşi, camaat və dövlət işinə yaramayan tayfadır?". Hacı haqqında 1904 və 1906-cı illərdə "Himmət ər-ricat" ("Kişilərin himməti") adlı ikicildlik kitab çap olunmuşdur. Həmin kitablara H.Z.Tağıyevin millət və dövlət xadimi kimi çoxillik fəaliyyətini əks etdirən sənədlər, Yaxın Şərqdə ilk qızlar məktəbinin açılması münasibətilə ona göndərilən məktub və teleqramlar, Hacıya həsr edilmiş məqalə və şeirlər toplanmışdır. Hacının həyat və fəaliyyətinə aid həmin sənədlərdən də məlum olur ki, o, bütün Rusiyada və müsəlman Şərqində yaxşı tanınmış və sevilmişdir. Bununla yanaşı, Hacının düşmənləri, rəqibləri və əleyhdarları da çox olmuşdur. Xüsusilə, erməni sahibkarları əlbir şəkildə gizlincə daim onun əleyhinə iş aparmış, onu şərləmək, hörmətdən salmaq, müflisləşdirmək üçün dəridən-qabıqdan çıxmışlar. Xalq arasında və çar hökuməti yanında nüfuzdan salmaq, müxtəlif hiylələrlə əmlakını qarət etmək, özünü qətlə yetirmək üçün erməni-daşnak qruplaşması ən müxtəlif vasitələrə əl atmış, lakin Hacının zəkası və ağlı müqabilində niyyətlərinə çata bilməmişlər. Bütün bunlar o dövrün Azərbaycan, rus, ingilis, alman, fransız, İran və Türkiyə mətbuatında, eyni zamanda, xarici kəşfiyyatın arxiv materiallarında öz əksini tapmışdır. Çox təəssüf ki, H.Z.Tağıyevin 1920-1924-cü illərdə N.Nərimanovun təkid və tövsiyəsi ilə ona təyin olunmuş mirzəyə diktə edib yazdırdığı "Xatiratlar" adlı əlyazma tapılmamışdır. Hacının böyüklüyünü, dahiyanə müdrikliyini qələmə alan N.Nərimanov onu 1920-ci ildə bolşevik maskası taxmış erməni-daşnak "inqilabçılarının" hücumlarından müdafiə edərkən deyirdi: "Hacı elə-belə, adi adam deyil. O, Azərbaycan xalqının heç bir qatışığı olmayan təmiz, saf bir zatıdır. Bu böyük insan hər birimizdən on dəfə artıq vətənpərvər, on dəfə artıq maarifçi, on dəfə artıq demokrat və on dəfə artıq inqilabçıdır".

Öz dövründə Üzeyir Hacıbəyli ona musiqi əsəri, Nəriman Nərimanov nəsr əsəri, Hüseyn Cavid gözəl poeziya həsr etmişdir. Sovet rejimi dövründə Tağıyev "burjuy" kimi arxivin alt qatına atılsa da, xalqın qəlbində ona olan məhəbbəti qopara bilmədi.

Əlindən neft və milyonlar səltənəti alınsa da, tikib-yaratdığı binalar, müəssisələr, Şollar su kəməri, sənət abidələri kimi hələ əsrlərlə yaşayacaqdır. Təkcə xüsusi mülkü olan indiki Tarix Muzeyi kifayətdir ki, paytaxtımıza qonaq gələnlərdə bu nadir şəxsiyyət haqqında təsəvvür yaratsın. Hacı Zeynalabdinin əsl bəraəti də məhz Azərbaycanın ikinci dəfə müstəqilliyi illərinə təsadüf edir. Bu dövrdə xalqımızın milli iftixarı, böyük mesenat H.Z.Tağıyev haqqında bir çox dəyərli əsərlər yaradılıb.

Qızı Sara xanım ömrünün 92-ci ilində atasının qəbri üstə xalq məhəbbətinin rəmzi olan mərhum Arif Mansurovun düzəltdirdiyi büstü gördü, Tağıyev küçəsi, Tağıyev qəsəbəsi, Tağıyev kombinatı sözlərini eşitdi. Bundan sonra gözlərini dünyaya yuman Sara xanım ancaq onu bilmədi ki, 50-60 il ayrı yaşadığı, sürgünlərdə olan qızı Səfiyyə övladları ilə birgə Tağıyevin Mərdəkandakı bağ evinin bir hücrəsində məskunlaşıb. Bu gün atasının Mərdəkandakı bağ malikanəsi də, doğulduğu Tarix Muzeyinin binası da Azərbaycan tarixinin layiqli şəxsiyyətlərinə böyük həssaslıqla yanaşan, qədirbilən ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi qayğısı ilə təmir edilib və Pirhəsən qəbiristanlığında uyuyan müqəddəslərin - Hacı Mirabutalıb Ağanın, Hacı Zeynalabdin Tağıyevin, elə özünün də məzar sərdabələri yenidən qurulub.

 

 

Mirvari RƏHİMZADƏ

 

Azərbaycan.- 2010.- 26 yanvar.- S. 7.