Humanitar Əməkdaşlıq
üzrə Birinci Azərbaycan-Rusiya Forumunun
iştirakçıları xalça muzeyində olmuşlar
Rusiya Humanitar Universitetinin
rektoru, "Rusiya-Azərbaycan" Dostluq Cəmiyyətinin
prezidenti Yefim Pivovarın başçılığı ilə
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya
Forumunun bir qrup iştirakçısı Lətif Kərimov
adına Azərbaycan Dövlət xalça və xalq tətbiqi
sənəti muzeyində olmuşlar.
Muzeyin ekspozisiyası ilə
yaxından tanış olan qonaqlara muzeyin yaranma tarixi, xalq tətbiqi
sənətinin nadir inciləri barədə məlumat
verilmişdir.
Y.Pivovar muzeylə
bağlı təəssüratlarını
bölüşmüşdür: "Bu, şedevrdir. Həm
Azərbaycan mədəniyyətinin, həm də
bütövlükdə dünya mədəniyyətinin bədii
sənət inciləridir. Fəxr etmək, valeh olmaq, sevinmək
lazımdır ki, belə bir muzey vardır. Bu muzey nadir
muzeydir. Mədəni irsin qorunması və zənginləşdirilməsi
məsələsinə gəldikdə, sovet dövrü və
müasir dövr ayrılmazdır".
Qonaqlar bildirmişlər ki,
bu xalçaların ilmələri Rusiya və Azərbaycan
arasında əlaqələr kimi elə möhkəm
toxunmuşdur ki, zaman dəyişsə də, tarixin gərdişi
dönsə də, bu hörüklər
açılmayacaqdır.
Xatırladaq ki, Lətif Kərimov adına Azərbaycan Dövlət xalça və xalq tətbiqi sənəti muzeyi 1967-ci ildə yaradılmışdır. Hazırda muzeyin fondunda 10 mindən çox qiymətli sənət əsəri saxlanılır. Muzey Azərbaycanın incəsənətinin nümunələri barədə məlumatlardan ibarət onlarca kataloq, buklet, albom, kitab dərc etdirmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 24 yanvar.- S. 4.