Azərbaycan Avropa
Şurasının humanizm prinsiplərinə, demokratik dəyərlərinə
dərin sadiqlik nümayiş etdirir
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 9 il keçir. Ölkəmizin bu təşkilata daxil olması ilə Azərbaycan həqiqətlərini dünyaya bəyan etmək üçün daha bir beynəlxalq tribuna qazanılmışdır. Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycanın bu mötəbər quruma üzv qəbul edilməsi ilə rəsmi Bakı xarici siyasətdə qarşıya qoyduğu əsas məqsədlərindən daha birini reallaşdırmış və ölkəmiz Avropa ailəsində layiqli yerini tutmuşdur. Tarix baxımından 9 il o qədər də uzun müddət deyil. Lakin Avropa Şurasında Azərbaycanın tamhüquqlu üzvlüyünün rəsmiləşdiyi 2001-ci ildə, ondan bir qədər əvvəl və sonralar beynəlxalq həyatda baş verən proseslərə diqqətlə yanaşdıqda həmin hadisənin Azərbaycan üçün, onun bugünü və sabahı üçün nə qədər əhəmiyyəti olduğu bir daha aydınlaşır.
Azərbaycan Respublikası Avropa Şurası ilə əməkdaşlığa doğru ilk addım olaraq 1992-ci ilin yanvarında Avropa Şurasında xüsusi qonaq statusu almaq üçün rəsmi müraciət etsə də, bir tərəfdən Avropa Şurası o dövrdə özünün Qafqaz regionuna genişlənməsini planlaşdırmadığından, digər tərəfdən isə, Azərbaycan da bu münasibətlərə hazır olmadığı səbəbindən o dövrdə müsbət həllini tapmadı. O da məlumdur ki, 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən aparılan antiazərbaycan təbliğatı və ölkəmizin öz haqq səsini dünyaya doğru-düzgün çatdıra bilməməsi ilə bağlı olaraq beynəlxalq aləmdə, həmçinin Avropa Şurasında respublikamız haqqında mənfi fikir formalaşmışdı. Təbii ki, müraciətin qəbul edilməməsində bu da az rol oynamamışdı.
Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 1996-cı ildə Azərbaycan "xüsusi qonaq" statusu ilə Avropa Şurasına qəbul edilərək qurumun bir sıra proqramlarında iştirak etməyə başladı. Eyni zamanda, ölkəmiz üçün qəbul edilmiş və icrası nəzarətə götürülən proqrama uyğun olaraq Azərbaycanda Avropa Şurasının tamhüquqlu üzvlüyünə geniş hazırlıq işləri aparıldı. Bu işlərin nəticələri haqqında 25 yanvar 2001-ci ildə Strasburqda keçirilən təntənəli mərasimdə ulu öndər Heydər Əliyev ətraflı məlumat verərək bildirdi ki, qısa müddət ərzində biz ölkədə asayişi və qanuni hakimiyyəti bərqərar etməyə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmağa, şəxsiyyətin təhlükəsizliyinə təminat yaratmağa, demokratik əsasların inkişaf etdirilməsi və iqtisadiyyatın canlandırılması üçün quruculuq işinə başlamağa nail olmuşuq. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmiş, parlament seçkiləri keçirilmişdir. Avropa Şurası ekspertlərinin etiraf etdiklərinə görə, seçki qanunlarımız ədalətli və azad seçkilərin keçirilməsi üçün beynəlxalq standartlara tam uyğun olmuşdur.
Hələ Avropa Şurasının üzvü olmamışdan əvvəl də bu təşkilatın əsas sənədlərinin müddəaları Azərbaycan dövləti tərəfindən nəzərə alınırdı. Bu, ilk növbədə insan hüquqlarına dair Avropa Konvensiyasına və onun protokollarına aiddir. Azərbaycan Avropa Şurasının 15-ə qədər konvensiyasına qoşulmuşdu. Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə hazırlanırdı. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, vətəndaşın hüquqi müdafiəsinə təminat almışdır. Ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və vicdan azadlığı, azlıqların hüququ, qanun qarşısında bərabərlik və təqsirsizlik prezumpsiyası təmin edilirdi. Azərbaycanda Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi yaradılmış, şəffaf prosedurlar əsasında və beynəlxalq standartlara uyğun keçirilən seçkilər yolu ilə hakimlər korpusu yeniləşdirilmiş, məhkəmənin müstəqilliyi təmin olunmuş, senzura aradan götürülmüşdür. İnsan hüquqlarının qorunmasına və müvafiq mexanizmlərin təkmilləşdirilməsinə dair dövlət proqramları həyata keçirilmişdir. Azərbaycan Şərqdə ölüm hökmünü ləğv edən ilk dövlət olmuşdur. Azərbaycan Avropada da AŞ PA-nın üzvü olmamışdan əvvəl ölüm hökmünü ləğv etmiş ilk dövlət olmuşdur.
2000-ci ilin iyununda ümummilli lider Heydər Əliyev tərəfindən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında fərman imzalandı. Həmin fərmana əsasən, korrupsiyaya qarşı mübarizəyə dair qanun və dövlət proqramı hazırlandı. Penitensiar sistemin islahatı uğurla aparılmış, məhbusların saxlanması şəraitini yaxşılaşdırmaq və Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş penitensiar müəssisələrin idarə olunmasını təkmilləşdirmək üçün tədbirlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təkcə 1995-2001-ci illərdə 64 min şəxs barəsində amnistiya elan edilmiş, 2500-dək məhbus dövlət başçısı tərəfindən əfv edilmişdir. Əhalinin ümumi sayına nisbətdə məhkumların sayına görə Azərbaycan Avropa ölkələrinin göstəricilərinə yaxınlaşmışdır. Ölkədə kütləvi informasiya vasitələrinin azadlığı və qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti təmin olunmuşdur. Genişmiqyaslı islahatlar sayəsində iqtisadiyyatda tənəzzül aradan qaldırılmış, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Müvəffəqiyyətlə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın iqtisadi strategiyası iqtisadi fəaliyyətin liberallaşdırılmasına, inhisarçılığa son qoyulmasına və özəl sektorun inkişafına əsaslandırılmışdır. Makroiqtisadi göstəricilərin sabit artımı əldə edilmişdir. İnvestisiya prosesinin canlanması üçün əlverişli şərait yaradılmışdır.
Azərbaycan özünün coğrafi mövqeyindən, dünya miqyaslı strateji əhəmiyyətə malik olan təbii ehtiyatlarından və potensialından istifadə edərək bir çox dövlətlərlə əməkdaşlıq şəraitində böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəql edilməsi layihələrini səmərəli surətdə həyata keçirir. Avropa Şurasına qəbul edilmək ərəfəsində Avropa Birliyi ilə, Avropanın iqtisadi strukturları ilə fəal əməkdaşlıq şəraitində bu təşkilatların köməyi sayəsində 120-dən çox milli və transregional layihələr həyata keçirilmişdir. 25 yanvar 2001-ci il tarixdə Strasburqda keçirilən təntənəli mərasimdə çıxış edən ulu öndər Heydər Əliyev demişdir: "Bu gün Azərbaycanın demokratik inkişaf prosesi dönməz xarakter alıbdır, azadlığın və qanunun aliliyinin möhkəm təminatı yaradılıbdır. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır. Biz bundan sonra da Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik ideallarına və prinsiplərinə, demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət bəslənilməsinə əsaslanan dəyərlərə sadiqliyini nümayiş etdirəcəyik".
Avropa Şurasına qəbuldan sonra da ölkəmizdə qanunvericiliyin təkmilləşdirilərək Avropa dövlətlərinin səviyyəsinə çatdırılması istiqamətində xeyli işlər görülmüşdür. 2002-ci ilin avqust ayında Avropa Şurasına üzvlüklə əlaqədar ölkəmizin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məqsədilə Azərbaycan Respublikasının Konstitusiyasına çoxsaylı əlavə və dəyişikliklər edildi. Nəticədə vətəndaşlar artıq birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ qazandılar. Konstitusiyaya dəyişikliklərdən irəli gələn vəzifə kimi 6 il əvvəl qəbul edilmiş "Konstitusiya Məhkəməsi haqqında" qanun da təkmilləşdirildi. Bu, adıçəkilən orqanın fəaliyyətinin daha çevik, məqsədyönlü olmasını təmin etməklə bərabər, həm də ölkəmizin ən əsas qanunlarından birinin Avropa standartları səviyyəsinə yüksəlməsi demək idi. 2002-ci il dekabr ayının 24-də "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya qanunu qəbul edildi. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyası əsasında qəbul edilmiş bu qanunla Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş "Hər kəsin hüquq və azadlıqlarının həyata keçirilməsi bu Konstitusiyada və qanunlarla müəyyən edilmiş əsaslarla məhdudlaşdırılır" ifadəsinin hüdudları müəyyən edildi, məhdudlaşdırmanın səbəbləri, müddəti, məqsədi, forması konstitusiya qanunu ilə təsbit edildi.
AŞ PA-da təmsil olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisi o zaman Milli Məclisin deputatı olan cənab İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti formalaşdırdı. Çox yüksək intellektual potensiala malik üzvlərdən təşkil olunmuş nümayəndə heyəti bir məqsəd - Azərbaycanın milli maraqlarını təmin etmək və ölkəmizin mövqeyini möhkəmləndirmək məqsədi uğrunda çalışırdı. Azərbaycan təmsilçiləri 2001-ci ilin aprel ayında AŞ PA-nın sessiyasında iştirak etdi. Nümayəndə heyətimizin rəhbəri cənab İlham Əliyev ilk dəfə Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri bu mötəbər beynəlxalq təşkilatın tribunasından bütün dünyaya çatdırdı. Cənab İlham Əliyev göstərirdi ki, qondarma Dağlıq Qarabağ respublikası beynəlxalq təşkilatların nəzarətindən çıxdığı üçün idarə edilməyən zonaya çevrilmişdir. Burada narkotik maddələrin istehsalı və onların qeyri-qanuni dövriyyəsi ilə məşğul olan narkobiznesmenlər, insan alverçiləri və terrorçu təşkilatlar özlərini çox rahat hiss edirlər, terrorçu dəstələr hazırlanır və "çirkli" pullar yuyulur. Cənab İlham Əliyev çıxışında terrorizmə qarşı mübarizə apardığını bəyan edən Ermənistanın əslində terrorizmin təşkilatçıları ilə əlaqədə olduğunu, onları birbaşa və ya dolayı yolla dəstəklədiyini vurğulamış, Ermənistanın Azərbaycana təcavüzünü terrorizm kimi qiymətləndirərək bu işdə erməni terrorçu təşkilatı ASALA-nın çox fəal iştirakını qeyd etmişdir. Nümayəndə heyətimiz Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş genosidi təsdiq edən sənədin Avropa Şurasında yayılmasına nail oldu.
Bu çıxış özünün bütün digər məziyyətləri ilə bərabər həm də onu göstərirdi ki, Azərbaycanın məqsədi müdafiə olunmaq yox, əsl həqiqətləri dünyaya çatdırmaq, bütün bəşəriyyəti zərbə altında qoyan mənfur erməni xislətini ifşa etməkdir.
Azərbaycanın Avropa Şurasında üzvlüyünün ilk ili həm də onunla əlamətdar oldu ki, həmin il sentyabrın 11-də ABŞ-da törədilmiş dəhşətli terror aktlarından təxminən bir həftə sonra - AŞ PA-nın payız sessiyasında cənab İlham Əliyev çox ciddi bəyanatla çıxış edərək qətiyyətlə bildirdi ki, Azərbaycan terrorizmə qarşı mübarizədə daim ABŞ-la birgə olacaq. Eyni zamanda, nümayəndə heyətimiz bütün Avropa dövlətlərini terrorizmə "yox" deməyə çağırdı. Bu bəyanat çox ciddi əks-səda doğurdu, çünki hələ heç bir Avropa dövləti terrorizmə qarşı mübarizədə ABŞ-la birgə olacağını bəyan etməmişdi. ABŞ Dövlət Departamenti bəyanata dərhal reaksiya verərək rəsmi Bakının mövqeyini alqışladı.
AŞ PA-nın sonrakı sessiyalarında Nazirlər Komitəsinə Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması ilə bağlı yazılı sual təqdim edilmiş və alınan cavabda göstərilmişdi ki, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini müdafiə edir və sərhədlərinin toxunulmazlığına tərəfdardır. O, münaqişənin, istisnasız olaraq, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini müdafiə edir. Ermənilər tərəfindən işğal edilmiş ərazilərimizdə Azərbaycanın mədəni irsinin dağıdılması haqqında sənəd də hazırlanaraq Avropa Şurasının rəsmi sənədi kimi yayıldı.
2001-ci ildə Avropa Şurası ilə əlaqələr sahəsində ən mühüm işlərdən biri Parlament Assambleyasının Miqrasiya, Demoqrafiya və Qaçqınların İşi üzrə Komitəsinin Bakıda dörd günlük konfransının keçirilməsi oldu. Komitə üzvlərinin işğal edilmiş torpaqlardan cəmi 5-6 kilometr aralıda çadırlar quraraq ağır şəraitdə yaşayan insanlarla görüşləri onların Azərbaycanın bu böyük problemini dərindən dərk etməsinə səbəb oldu. Əsas məqsədini insan hüquqlarının qorunması elan etmiş mötəbər bir qurumun bir milyondan artıq qaçqın və məcburi köçkünün yaşadığı kiçik bir ölkənin öz haqq işini nə dərəcədə inadla, eyni zamanda Avropa ailəsinin layiqli üzvü olaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə müdafiə etdiyini görməsi Cənubi Qafqazda qaçqınlar və məcburi köçkünlər problemi ilə bağlı hazırlanmış hesabatda Azərbaycanın mənafelərinin kifayət qədər dolğun və hərtərəfli ifadəsinə səbəb oldu.
2003-cü il yanvarın 27-də cənab İlham Əliyev səs çoxluğu ilə AŞ PA sədrinin müavini (vitse-prezidenti) və büro üzvü seçildi. Cənab İlham Əliyev bu etimadı Avropa Şurası tərəfindən ölkəmizə olan böyük hörmətin və müsbət münasibətin nəticəsi kimi qiymətləndirdi. Qeyd etmək lazımdır ki, büro bu qurumun ən mötəbər orqanıdır. Bütün vacib məsələlər məhz burada müzakirə olunur. AŞ PA-nın gündəliyinə çıxarılacaq məsələlər və rəhbərlik tərəfindən bu məsələlərə münasibət də büronun iclaslarında müəyyən edilir. Cənab İlham Əliyev müstəqil Azərbaycanın tarixində nüfuzlu beynəlxalq təşkilatda belə böyük vəzifəyə seçilmiş ilk siyasətçi oldu. 2004-cü ildə Avropa Şurasında çoxcəhətli və məhsuldar fəaliyyəti nəzərə alınaraq artıq Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevə "Avropa Şurasının Fəxri Üzvü" medalı təqdim edildi. Bu medalla Avropa Şurasının, bütövlükdə Avropa Birliyinin insan haqlarının təmin olunması sahəsində xüsusi xidmətləri olan görkəmli şəxsləri təltif olunurlar.
Cənab İlham Əliyevin AŞ PA-da ölkəmizin nümayəndə heyətinə rəhbərlik etdiyi illər ərzində yaranmış ənənə - Parlament Assambleyasının ən fəal üzvləri olmaq ənənəsi bu gün də qurumda Azərbaycan nümayəndə heyətinin fərqləndirici cəhətidir. Assambleyanın iclaslarında, komitələrində, siyasi qrupların iclaslarında nümayəndə heyətimiz çox fəal iştirak edir, müzakirə olunan bütün məsələlər haqqında Azərbaycanın mövqeyi bildirilir. Təbii ki, bu fəallıq səmərəli nəticəsini verir. Azərbaycan həqiqətləri artıq Avropa Şurasına, onun vasitəsilə dünya ictimaiyyətinə daha aydın və düzgün şəkildə çatdırılır. Ermənistan nümayəndə heyətinin Azərbaycana qarşı mənfur planları isə dəfələrlə alt-üst edilmiş, nümayəndə heyətimizin gərgin fəaliyyəti nəticəsində Ermənistanın mənafeyinə zidd olan çoxsaylı qərarlar qəbul edilmişdir. Təkcə onu demək kifayətdir ki, canlı dialoqlarda, qərarların qəbulu zamanı səsvermələrdə hər dəfə nümayəndə heyətimizə uduzduğundan Ermənistan nümayəndə heyətinin üzvləri mütəmadi olaraq dəyişdirilir, heyətə yeni üzvlər daxil edilirsə də, xalqımızın haqq sözü bu mühüm Avropa tribunasından hər dəfə daha yüksəkdən, daha inamla səslənərək Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır.
Azərbaycanın Avropa Şurasında üzvlüyü nəticəsində əldə etdiyi nailiyyətləri ümumiləşdirərək demək olar ki, ölkəmiz daha bir mötəbər təşkilatın kürsüsündən öz reallıqlarını dünyaya çatdırmaq, islahatların keçirilməsi üçün Avropa ölkələrinin təcrübəsindən, onların potensialından istifadə etmək, Avropa ölkələri ilə əməkdaşlıq proqramlarının iştirakçısı olmaq və ən nəhayət, demokratik və hüquqi dövlət quruculuğu işini sürətləndirmək imkanı əldə etmişdir.
Fəxrəddin NAĞIYEV,
Dövlət qulluğunun baş
müşaviri,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının
kafedra
müdiri, hüquq elmləri namizədi, dosent
Azərbaycan.- 2010.-26
yanvar.- S. 4.