Azərbaycan ilə Rusiyanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişlənir

 

Yanvarın 23-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) bu ali təhsil ocağının rektoru Hafiz Paşayevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov ilə görüşü olmuşdur.

A.Torkunovun verdiyi məlumata görə, 2007-ci ildə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair saziş imzalanmış və ikitərəfli münasibətlər fəal inkişaf etdirilir.

MDBMİ-nin rektoru bildirmişdir: "Bizim professorlar, müəllimlər burada bir neçə dəfə olmuş, aspirantlarımız ADA-nın yay məktəblərinin işində iştirak etmişlər. Lakin bu gün biz mahiyyətcə yeni əməkdaşlıq istiqamətlərinə dair - birgə magistraturaların yaradılması ilə bağlı razılığa gəlmişik".

Azərbaycan Diplomatik Akademiyasında yüksək səviyyəli müəllimlərin çalışdığını vurğulayan rusiyalı qonaq demişdir: "Bu səbəbdən, hesab edirik ki, birgə proqramların hazırlanması istiqamətində əməkdaşlıq etməliyik. Bir neçə birgə magistr proqramı hazırlamağı planlaşdırırıq. Yəni, təhsil müddəti bitdikdə, magistrə iki - həm Moskva İnstitutu, həm də Diplomatik Akademiyanın diplomu veriləcəkdir. Bundan başqa, tədqiqat sahəsində əməkdaşlığa dair razılığa gəlmişik və bu istiqamətdə bir sıra konfranslar keçiriləcəkdir".

İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq münasibətləri səviyyəsində olduğunu deyən akademik əminliklə bildirmişdir ki, nəzərdə tutulmuş bütün məsələlər həyata keçiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 yanvar.- S. 4.