Azərbaycan-Rusiya Forumu çərçivəsində təhsil seksiyasının iclası keçirilmişdir

 

Yanvarın 23-də Bakı Dövlət Universitetində (BDU) Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu çərçivəsində təhsil seksiyasının iclası keçirilmişdir.

Rusiyalı qonaqlar əvvəlcə Bakı Dövlət Universitetinin Heydər Əliyev muzeyində olmuşlar.

Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanda elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

1919-cu ildə yaradılan Bakı Dövlət Universitetinin fəaliyyəti barədə məlumat verən rektor bildirmişdir ki, hazırda bu ali məktəbdə müxtəlif ixtisaslar üzrə 18 mindən çox tələbə təhsil alır. Onların arasında ayrı-ayrı ölkələrdən, o cümlədən Rusiyadan olan gənclər vardır.

Akademik A.Məhərrəmov ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu fəxri doktoru olduğunu qürur hissi ilə xatırlatmışdır.

Universitetin beynəlxalq əlaqələrindən bəhs edən rektor BDU ilə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti arasında elm təhsil sahəsində səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdırmışdır.

Akademik A.Məhərrəmov Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun əhəmiyyətindən danışmış, bunun müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrimizin daha da genişlənməsində mühüm rolu olacağına əminliyini vurğulamışdır.

"Russlavbank"ın İdarə Heyətinin sədri Nikolay Qusman Bakıda reallaşdırılan forumun çox uğurlu olduğunu söyləmişdir. O qeyd etmişdir ki, biz ayrı-ayrı sahələrdə əlaqələrimizi daha da inkişaf etdirməliyik.

İclasda Azərbaycan ilə Rusiya arasında elm, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə əlaqədar geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 yanvar.- S. 4.