Rusiya mətbuatının görkəmli
nümayəndələri AzərTAc-da keçirilən mətbuat
bölməsinin işində iştirak etmişlər
Humanitar Əməkdaşlıq üzrə Bakıda keçirilən Birinci Azərbaycan-Rusiya Forumunun nümayəndələri yanvarın 23-də Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da keçirilən mətbuat bölməsinin işində iştirak etmişlər.
AzərTAc-ın baş direktoru Aslan Aslanov Rusiya kütləvi informasiya vasitələrinin görkəmli nümayəndələrini salamlayaraq Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun böyük əhəmiyyət kəsb etməsini vurğulamış, qeyd etmişdir ki, bu forum iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı olacaqdır. Azərbaycan ilə Rusiya arasında münasibətlərin tarixi üzərində ətraflı dayanan A.Aslanov qeyd etmişdir ki, bu əlaqələr təqribən 200 illik dövrü əhatə edir. 70 ilə yaxın müddətdə Azərbaycan və Rusiyanın bir ittifaq dövlətinin tərkibinə daxil olduğu dövrdə ölkələrimiz arasında münasibətlər xüsusilə inkişaf etmişdir. Həmin dövrdə ölkəmizin elmində, mədəniyyət və incəsənətində böyük tərəqqi əldə olunmuşdur. TASS (SİTA) kanalları ilə bu barədə yayılan informasiya Azərbaycanı bütün dünyada məşhurlaşdırmış və şöhrətləndirmişdir.
Baş direktor görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə ölkəmizin inkişafı barədə qonaqlara məlumat verərək ulu öndərin Azərbaycanın bütün dünyada populyarlaşmasında, Azərbaycan ilə Rusiya arasında, Azərbaycan xalqı ilə rus xalqı arasında münasibətlərin genişlənməsində və dərinləşməsində çox böyük xidmətləri olduğunu vurğulamışdır. A.Aslanov ümummilli liderin AzərTAc-a, onun maddi-texniki bazasının inkişafına diqqət və qayğısını da xatırlatmışdır. O qeyd etmişdir ki, məhz bu diqqət və qayğının sayəsində AzərTAc dünya informasiya məkanına çıxmışdır, onun beynəlxalq əlaqələri ilbəil genişlənir.
Respublikanın rəsmi informasiya agentliyinin - 1920-ci ilin martında, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış AzərTAc-ın tarixi barədə məlumat verən A.Aslanov agentliyin mövcud olduğu 90 il ərzində onun keçdiyi böyük inkişaf yolundan danışmışdır. O bildirmişdir ki, agentliyin yubileyi münasibətilə bu ilin mart ayında MDB İnformasiya Şurasının iclası Bakıda keçiriləcəkdir. Bildirilmişdir ki, hazırda AzərTAc Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) və onun rəhbər orqanı olan İcraiyyə Komitəsinin, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvüdür. Bundan əlavə, agentlik Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentliklərinin (PANİA) və Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) təsisçilərindən biridir, 2008-ci ildən TKA-nın Baş Məclisində sədrlik edir. AzərTAc həmin beynəlxalq təşkilatlar çərçivəsində Rusiyanın İTAR-TASS Agentliyi ilə fəal əməkdaşlıq edir, onunla sıx ikitərəfli münasibətlər saxlayır.
Görüşdə çıxış edən rusiyalı qonaqlar forumun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş, iki ölkə arasında, o cümlədən KİV nümayəndələri arasında münasibətlərin daha da inkişaf etdirilməsinin və möhkəmlənməsinin zəruriliyini qeyd etmişlər.
Seksiyanın iclasları çərçivəsində AzərTAc-da qruplar üzrə görüşlər keçirilmişdir. Rusiya KİV-in görkəmli nümayəndələri agentliyin işi ilə tanış olmuş, onun əməkdaşları ilə söhbət etmiş, müasir jurnalistikanın bir sıra mühüm problemləri barədə fikir mübadiləsi aparmış, humanitar əməkdaşlıq üzrə Bakıda keçirilən Birinci Azərbaycan-Rusiya Forumu barədə fikirlərini bölüşmüşlər. Onlar Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün bu forumun çox böyük əhəmiyyətini qeyd etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 24 yanvar.- S. 4.