Yanmış barmaqlar

 

Ötən əsrin ortalarında Elmlər Akademiyasının binasında xalq yazıçısı Süleyman Rəhimovla görüş keçirilirdi. Universitetdən bizi o görüşə aparmışdılar. Adamlar dəstə-dəstə akademiyaya gəlir, foyedə yığışır sonra da tədbirin keçiriləcəyi salona daxil olurdular. Çəlimsiz, həm çox sadə görünən, yaşlı bir kişi foyeyə daxil oldu. Bu şəxsi görən kimi çoxu böyük hörmətlə, ehtiramla ona yaxınlaşıb mehribanlıqla görüşdülər. Bu məqamlarda təəccüb dolu bir hisslə öz-özümə fikirləşdim: görəsən kimdir ki, hamı ona belə hörmətlə yanaşır?

Yanımdakılardan həmin adamın kimliyini soruşdum. Dedilər, rəssam Səttar Bəhlulzadədir.

Bu adı eşidəndə bir qədər duruxdum. dərhal məktəbli illərimi yada saldım. Sevdiyim rəssamın hələ uşaq yaşlarımda qəzet jurnallarda böyük maraqla baxdığım əsərlərini xatırladım. Böyük zövq aldığım "Qudyalçay vadisi" yadıma düşdü...

...Günlərin bir günü 9 Yanvar bağında (o vaxt belə adlanırdı) tələbə yoldaşlarımla çay içirdik. Gördüm Səttar Bəhlulzadə gəlir. Əlində sadə bir çantası vardı.

Dərhal ayağa qalxıb ona tərəf yeridim çay içməyə dəvət etdim. "Sağ olun" deyib, ötüb getmək istədi. Emalatxanadan gəldiyini, yorğun olduğunu, bir qədər bu bağda gəzib sonra da Əmircana - evə gedəcəyini dedi. Lakin təkidimi görüb qəlbimi sındırmadı. Onun bu sadəliyinə, səmimiliyinə hamımız bir daha heyran qaldıq. Axı məşhur, tanınmış bir rəssamla bir yerdə oturub çay içməkdən, söhbət etməkdən hər birimiz böyük fəxr duyurduq. Fürsətdən istifadə edib onu sorğu-suala tutur, sənətlə bağlı fikir düşüncələrini öyrənməyə çalışırdıq.

Söhbətimizin bir məqamında: - Səttar müəllim, - dedim, - emalatxananıza gəlmək olarmı?

- Əlbəttə, olar, - dedi, - istənilən vaxt qapı üzünüzə açıqdır...

...Bir-iki gündən sonra tələbə yoldaşımla birlikdə onun emalatxanasına getdik.

Bizi mehribanlıqla qarşıladı. Rəssamın çalışdığı, böyük-böyük əsərlər yaratdığı emalatxananı - bu sənət dünyasını xüsusi maraqla seyr edirdik. Bir-iki dəqiqədən sonra elə emalatxananın ortasındaca balaca bir çay süfrəsi düzəltdi... Divar boyunca sıralanmış irili-xırdalı tablolar, gələcək böyük əsərlərin ilk eskizləri, ilk cizgiləri, dəst halında yığılmış rənglər, müxtəlif ölçülü fırçalar, daha nələr, nələr... bir rəssamın bir-birinə caladığı siqaretlərin havada qövs cızan tüstüsü...

Az qala bütöv divarı tutan iri bir tabloya maraqla dönə-dönə baxdığımı görüb:

- Rəhmətlik anamın rəsmidir, - dedi, - neçə vaxtdır üzərində işləyirəm. Artıq qurtarmaq üzrəyəm...

O, bu sözləri deyəndə kövrəldi, səsi titrədi, gözlərində yaş gilələndi...

Kədər notlarından ayrılmaq üçün söhbətin səmtini dəyişdim:

- Səttar müəllim, - dedim, - mənim üçün çox maraqlıdır, Siz rəsm üzərində işləyərkən adətən hansı hissləri keçirirsiniz? Bax, o məqamlarda düşünürsünüz?...

Fikirləşdim ki, verdiyim bu sual, bəlkə , şablon təsiri yaradacaq mənim ilk baxışda ümumi görünən bu sualıma elə ümumi cavab alacağam. Amma belə olmadı. O, mənim bu sualımı eşidəndə əlini göstərib:

- Bax, - dedi, - siqaret tutduğum bu barmaqlar az qala sümüyə qədər yanıb...

Diqqətlə baxdım. Doğrudan da, hər iki barmağın əti kösöv kimi yanıb qaralmışdı.

Fikrinə aydınlıq gətirib dedi:

- Mən rəsm üzərində işləyəndə siqareti yandırıram. Çəkdiyim mövzuya o qədər uyuram ki, siqaret yaddan çıxır. Bir görürəm ki, siqaret yana-yana barmağıma çatıb. Yalnız barmağım yananda hiss edirəm ki, əlimdə siqaret varmış...

Bəli, rəssamın bu sözü, həm onun yanmış barmaqları əsl sənət sənətkar barədə çox şey deyirdi.

 

 

Tofiq ABDULLAYEV

 

Azərbaycan.- 2010.-24 yanvar.- S. 7.