"Qəmərim"

 

İlk ifaçısı elə əslində müəllifi Xan Şuşinskinin özü olan "Qəmərim" mahnısının bu bənzərsiz xanəndədən sonra şirin səslə, qəlbə yatan ahənglə oxuyanlardan ən yaddaqalanı xalq artisti Arif Babayevdir. Təbii ki, muğam ifaçılarımız öz repertuarlarına bu mahnını mütləq daxil edirlər. "Qəmərim, ay Qəmərim" nidalarının ahəngindəki şirin ovqat dinləyicilərə xoş təsir bağışladığından bu mahnı həmişə sevilən, rəğbətlə dinlənilən əbədiyaşarlıq qazanmış musiqi əsərlərindən biridir.

Maraqlısı odur ki, "Qəmərim"i çox vaxt xalq mahnısı kimi təqdim edirlər. Halbuki bu mahnının yaradıcısı Xan Şuşinskidir. Musiqi tədqiqatçılarından Firudin Şuşinski "Xan Şuşinski" adlı yazısında bu barədə diqqətçəkən bir xatirə qələmə alıb. Həmin xatirədən bəlli olur ki, 1936-cı ildə Xan Şuşinski Şuşaya Firudin müəllimin əmisi qızı Fatmanın toyuna gəlibmiş. Qarabağın insanı vəcdə gətirən şən məclisləri, toy-düyünləri həmişə məşhur olub. Ötən əsrin 30-cu illərində Qarabağda, xüsusilə Şuşada keçirilən toylar həm təmtəraqlı, həm mənalı təşkil edilərdi. Məclisə gündüzlər qadınlar, gecələr kişilər dəvət olunardılar. Firudin Şuşinski yazır: " yeşiyə pul salardılar, toy sahibinə paket verərdilər. Rəqs zamanı yığılan şabaş isə yalnız musiqiçilərə çatardı. Özü məclisdə hamını yox, ən gözəl rəqs etməyi bacaranları oynadardılar. O zaman dəbdə olan oyun havalarından ən məşhuru "Qəşəngi" havası idi ki, qız gəlinlərimizin əksəriyyəti bu havaya, özü Xanın iştirak etdiyi toylarda oynamağa can atardılar. Yadımdadır: şirniçi Yunisin qızı Qəməri oynatdılar. Qəmər həm "Qəşəngi"ni oynamaqda, həm gözəllikdə Qarabağda birinci sayılırdı..." 35 yaşlı Xan da son dərəcə gözəl yaraşıqlı bir cavan idi. Qəmərin gözəlliyindən, şirin-şirin süzməsindən ruhlanan Xan bədahətən Qarabağ gözəlinə bu sözləri qoşaraq oxumağa başlayıb:

 

Saçın uzun hörməzlər,

Səni məni verməzlər,

Əyil, üzündən öpüm,

Qaranlıqda görməzlər.

Ay Qəmərim, Qəmərim,

Gözəl Qəmərim, Qəmərim!..

 

Beləliklə, indi xalq mahnısı kimi dillər əzbəri olan "Qəmərim" ilk dəfə 1936-cı ildə Şuşada Köçərli məhəlləsində Xan Şuşinski tərəfindən bədahətən oxunaraq musiqi dünyamızın solmayan incilərindən birinə çevrilib. Əlbəttə, Xan Şuşinskinin belə mahnıları çoxdur. Bu gün sevə-sevə oxunur, çox vaxt da xalq mahnısı kimi təqdim edilir.

 

 

Bəhruz NİFTƏLİYEV,

Magistrant

 

Azərbaycan.- 2010.-24  yanvar.- S. 7.