Sərvətlərimiz qorunur
Prezident İlham Əliyev 2007-ci il 23 fevralda Azərbaycan kino sənətinin inkişafı üçün mühüm sərəncam imzaladı. Sənəddə Azərbaycan kinematoqrafçılarının görəcəyi işlər, bu sahənin inkişafı üçün atılacaq addımlar, beynəlxalq standartlara uyğun yeni binanın inşası və digər vacib tədbirlər nəzərdə tutulurdu. 2009-cu ilin aprel ayında artıq binanın tikintisi başa çatdırıldı və möhtərəm Prezidentin iştirakı ilə istifadəyə verildi.
Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev söhbət zamanı bildirdi ki, Film Fondunun binası ümumilikdə 18 iritutumlu xüsusi filmsaxlama bokslarından ibarətdir. Bu bokslarda filmlərin xüsusi temperatur rejimində saxlanılması, təmizlənməsi, müxtəlif kimyəvi maddələrlə yuyulması işləri aparılır. Bu da Azərbaycan mədəniyyətinin milli sərvəti olan filmlərimizin ömrünün uzanmasına xidmət edir. Bu ilin aprel-may aylarında isə Fransanın "SMT DEBRİ" şirkətindən kino- arxiv təşkilatlarının istifadəsi üçün istehsal olunan ən son texniki avadanlıqlar gətiriləcək. Bunlar film-bərpa, səs montajı masaları və xüsusi filmtəmizləmə funksiyalarını yerinə yetirən avadanlıqlardır. Hazırda isə binanın birinci mərtəbəsində yerləşən kimyəvi laboratoriyada filmlər üzərində ilkin bərpa işləri görülür. Cari ilin yekununa görə, Moskva Film Fondundan artıq 9 filmin alındığı və 2010-cu ildə daha 12 filmin gətirilərək bərpa olunacağı nəzərdə tutulur.
Azərbaycan Dövlət Film Fondu Avropanın 3 nüfuzlu təşkilatı olan Beynəlxalq Arxeologiya Kinematoqrafçılar və Muzey Şurasının üzvüdür. Fondda görülən bütün işlər də məhz bu təşkilatların tərtib etdiyi proqrama uyğun olaraq 5 istiqamətdə aparılır. Bunlar filmlərin qorunması və bərpası, arxiv faktlarının toplanması, milli və xarici kinonun təbliği, beynəlxalq əlaqələr və etnik araşdırmalarla bağlı olan istiqamətlərdir. Təbii ki, işin bu şəkildə qurulması Azərbaycan kino sənətinin beynəlxalq kino aləminə inteqrasiyasını sürətləndirir. Azərbaycan Dövlət Film Fondunun yeni inşa olunmuş binasının fotoşəkilləri Beynəlxalq Arxivlər Federasiyasının fevral-mart aylarında nəşr olunacaq "Arxivlər kitabı"na daxil ediləcəyi də sevindirici haldır. Artıq bunun üçün lazım olan materialların federasiyanın qərargahına göndərildiyi bildirilir.
Cəmil Quliyev söhbət zamanı Azərbaycan filminə diqqətin artdığını və yeni filmlərin çəkilməsi üçün kinorejissorluq sahəsində, xüsusilə bacarıqlı gənclərin layihə təklifinə və onların beynəlxalq kinofestivallarda iştirak etmələri üçün lazımi imkanların yaradıldığını dedi. Əlavə olaraq onu da qeyd etdi ki, Azərbaycan kino ensiklopediyasının yaradılması ilə bağlı işlər görülür. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilmişdir. Fondun rəhbəri elmlər doktoru Rəhman Bədəlovun və tanınmış kinoşünas Aydın Kazımzadənin təqdimatı ilə bütün materialların hazır olduğunu bildirdi. Cəmil Quliyevin Azərbaycan filminin gələcəkdə daha da inkişaf etməsi üçün kino sahəsində çalışan gənclərə tövsiyəsi də oldu. O, beynəlxalq kino dərsliklərinin dərindən öyrənilməsinin, xarici ədəbiyyatla tanışlığın, xarici kinematoqrafçılarla ünsiyyətin Azərbaycan filminin inkişafında olduqca vacib əhəmiyyətindən danışdı. Bunun üçün xarici dillərin öyrənilməsini əsas şərt kimi göstərdi.
Dövlət Film Fondu milli mədəni sərvətlərimizin qorunduğu və yüksək dərəcədə diqqətlə, məhəbbətlə mühafizə edildiyi bir unvandır. Onun eksponatlarının sayı isə getdikcə artmaqdadır.
Səbuhi BAYRAMOV
Azərbaycan.- 2010.- 24 yanvar.- S. 7.