Zərdabini xatırladan ünvan

 

Göyçay qəzasının Zərdab kəndində anadan olan Həsən bəy Zərdabi dünyaya ilk gəlişində ailəsinə sevinc gətirsə də, heç kəsin ağlına gəlməzdi ki, bu uşaq gələcəkdə böyük mütəfəkkir, təbiətşünas-alim, istedadlı publisist və Azərbaycan milli mətbuatının banisi olacaq.

Dövrünün ziyasına, işıqlı insanlardan birinə çevrilən Həsən bəy Zərdabinin milli mədəniyyətimizin, mətbuatımızın inkişafındakı böyük və önəmli rolu ona əbədiyaşarlıq gətirdi.

İndi Zərdab rayonunda da bu böyük dahinin adını daşıyan bir ünvan fəaliyyət göstərir. Çox sadə, amma mənalı ismi var: Zərdabi muzeyi.

Rayon mədəniyyət və turizm şöbəsinin təşəbbüsü ilə yaradılan bu muzeydə böyük mütəfəkkirin ailəsinə, qohumlarına aid əşyalar toplanıb. Burada hələ çox qədim zamanlarda Zərdabi nəslinin istifadə etdiyi məişət avadanlıqları da qorunur. Həm tarixilik baxımından, həm də Zərdabilərə məxsus olduğundan diqqət çəkir: cəhrə, yun darağı, güyüm, nehrə, samovar və s. Muzeydə Zərdabinin əlyazmaları və "Əkinçi" qəzetinin bir neçə nüsxəsi də saxlanılır. O cümlədən, Zərdabinin ailəsinə, yaxın qohumlarına məxsus şəkillər də divarları bəzəyir.

Muzeyin həyətində Zərdabinin abidəsi var. Buraya gələnlər ilk dəfə böyük şəxsiyyətin büstü önünə gül dəstələri qoyaraq müzeyə daxil olurlar. Buradakı eksponatların arasında qədim bir lampa var. Deyilənə görə, uzun illər bu lampanın saldığı işıq altında Zərdabi "Əkinçi" üçün məqalələr yazıb. Əslində, bu muzey kiçik zaman kəsiyində yaradılsa da, mətbuat tariximizin bir hissəsini özündə cəmləşdirdiyi üçün çox dəyərlidir.

 

 

Ülviyyə VAHİDQIZI

 

Azərbaycan.- 2010.- 24 yanvar.- S. 7.