Azərbaycan-Rusiya Forumu çərçivəsində QHT seksiyasının iclası
olmuşdur
Yanvarın 22-də Diasporla İş üzrə Dövlət Komitəsində Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu çərçivəsində qeyri-hökumət təşkilatları (QHT) seksiyasının iclası olmuşdur.
Qonaqları salamlayan Azərbaycan Respublikası Prezidenti Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov forumun ölkələrimiz və xalqlarımız arasında tarixi əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini vurğulamışdır. N.Məmmədov xalqlarımızın 200 ilə yaxın tarixi dövrdə birgə yaşadıqlarını xatırladaraq hazırda müstəqil dövlətlərimiz arasında təkcə siyasi, iqtisadi deyil, həmçinin elmi, mədəni, humanitar və digər sahələrdə də əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Bakıda keçirilən bu tədbir Azərbaycan ilə Rusiya arasında dostluğun və mehriban qonşuluğun daha da möhkəmlənməsinə şərait yaradacaqdır.
Rusiya Federasiyasının MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Farit Muxametşin bu gün Bakıda işə başlamış forumun ölkələrimiz arasında qədim tarixi kökləri olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini söyləmişdir. F.Muxametşin təmsil etdiyi ölkədə fəaliyyət göstərən diaspor təşkilatları arasında Azərbaycan diasporunun həm böyüklüyünə, həm də gördüyü işlərin miqyasına görə fərqləndiyini məmnunluq hissi ilə diqqətə çatdırmışdır.
Forumun hər iki ölkənin qeyri-hökumət təşkilatları arasında da əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə şərait yaratdığını diqqətə çatdıran qonaq bu sahədə əlaqələrin davamlı xarakter alması üçün münbit bazanın mövcudluğunu vurğulamışdır.
Hər iki tərəfdən müxtəlif humanitar sahələri əhatə
edən qeyri-hökumət
və diaspor təşkilatları rəhbərlərinin
iştirak etdikləri
tədbirdə əməkdaşlığı
daha da inkişaf
etdirməklə bağlı
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2010.- 23 yanvar.- S. 4.