Zəhmətin ucalığı

 

Vaqif Şadlinskinin adı ölkəmizin elm və təhsil işçilərinə, ziyalılara, səhiyyə sahəsində çalışanların böyük əksəriyyətinə yaxşı tanışdır. Onun ömür yoluna nəzər salanda bir üzü ailəsinə bağlı qayğılı günlərlə, bir üzü özünü həmişəlik həsr etdiyi tibb sahəsi, fəal pedaqoji fəaliyyəti, cəfakeş ziyalı qayğıkeşliyi, ən nəhayət, əsl müəllim-alim ömrü ilə tanış oluruq.

Vaqif müəllim Vedibasar elinin böyük oğlu, xalq qəhrəmanı Abasqulu bəy Şadlinskinin yaxın qohumu Bilas Şadlinskinin oğludur. Respublikamızın ən ucqar yerlərində belə Şadlinskilər nəslini yaxşı tanıyırlar. Bu nəslin ləyaqətli nümayəndəsi və dəyərli davamçısı kimi Vaqif Şadlinskiyə də ehtiram göstərir, rəğbət bəsləyir və sevirlər.

Vaqif Şadlinski 1940-cı il yanvarın 24-də Böyük Vedi rayonunun Böyük Vedi kəndində ziyalı ailəsində anadan olub. Sovet hakimiyyətinin deportasiya siyasəti nəticəsində 1948-ci ildə erməni daşnakları tərəfindən dədə-baba yurdlarından didərgin salınan Vaqif Şadlinskinin ailəsi Şəmkirə gəlib, Leninkənddə (indiki Çinarlı qəsəbəsi) məskunlaşıb. Atası, təcrübəli pedaqoq Bilas Şadlinski Leninkənd qəsəbə və Seyfəli kənd orta məktəblərində uzun müddət müəllimlik edib. 1949-cu ildə "Qırmızı əmək bayrağı", 1954-cü ildə isə Lenin ordeni ilə təltif olunub. Əsl müəllim ömrü yaşayan əməkdar müəllim Bilas Şadlinski Leninkənddə binə olandan mənzilinin bir otağında kitabxana yaratmışdı. Qəsəbə ziyalıları və məktəblilər buradakı nadir kitablardan bəhrələnirdilər. Kitabxanada daha çox ermənilərin qonşu ölkələrdən Azərbaycana nə vaxt, necə və nə səbəbə köçürülməsindən, terrorçu "Daşnaksütyun" partiyasının düşmənçilik fəaliyyətindən, erməni-müsəlman qırğınlarından, ermənilərin torpaq iddialarından bəhs edən qəzet-jurnal məqalələri, broşüralar, kitablar və digər sənədlər toplanmışdı. Elə gün olmazdı ki, məktəbli gənclərdən, bədii qiraət həvəskarlarından, qəsəbəyə yolu düşən qonaqlardan kitabxanaya baş çəkən olmasın.

Vaqif Şadlinskinin uşaqlıq illəri 1948-1950-ci illərin məşəqqətli köçkünlük dövrünə təsadüf edir. Orta məktəbin 8-ci sinfinəcən Aşağı Seyfəli kənd orta məktəbində, yuxarı sinifləri isə Leninkənd qəsəbə orta məktəbində oxuyub. Dərs əlaçısı olmaqla yanaşı, yaxşı idmançı kimi də tanınırdı.

1958-ci ildə orta məktəbi bitirən Vaqif Şadlinski "bir-iki il işləyim, evin müəyyən ehtiyaclarını ödəyim, sonra ali məktəbə gedərəm, onsuz da oxumaq istədiyim ali məktəbə iki il iş stajı tələb olunur", - deyə sovxoza üz tutdu. Bir ildən artıq təsərrüfat işlərində çalışdı. 1959-cu ilin noyabrında hərbi xidmətə yollandı. Üçillik hərbi xidmətdən Şəmkirə baş çavuş rütbəsində, neçə-neçə fəxri fərman, "Əlaçı əsgər" döş nişanı və sürücülük vəsiqəsi ilə qayıtdı. Qərara aldı ki, bacıları ali məktəbi bitirənə kimi sovxozda işləsin. Elə də etdi. Bu dəfə fəhlə yox, köhnə "ZİS" markalı yük maşınının sürücüsü kimi.

Vaqif Şadlinskinin həyatında əsl dönüş elə bu vaxtlar başladı. 1963-cü ilin yayında Bakıya gəlib, sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə verib qəbul imtahanlarından yüksək qiymət alaraq halal tələbə adını qazandı. Vaqif müəllimin tərcümeyi-halına yaxından bələd olduğumdan bilirəm ki, həkim olmaq arzusu onda lap kiçik yaşlarında, hələ Vedidə ikən, böyük qardaşı Heydərin 15 yaşında adi soyuqdəymədən bircə günün içində dünyasını dəyişməsindən sonra baş qaldırmışdı. 1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdi və Elmi Şuranın qərarı ilə oxuduğu ali təhsil ocağında saxlandı. Bununla da onun həyatında böyük bir yolun başlanğıcı qoyuldu.

Vaqif müəllimin fəhlə və sürücü işlədiyi illəri (özü də həmişə, hər yerdə, tərcümeyi-halında bunu qürurla bildirir) təsadüfən xatırlatmadım. O, ömürlük bağlandığı həkimlik peşəsinin də ağ xalatlı, boğazı qalstuklu fəhləsi olub. Vaqif Şadlinski məhz fəhləlikdən, adi laborantlıqdan akademikliyə qədər əziyyətli, məsuliyyətli, şərəfli bir yol keçmiş, adi insan ömründən fərqli, adi müəllim ömründən işıqlı bir ömür yaşyıb və yaşayır. Yeri gəlmişkən, Vaqif müəllimin haqqında 10 il bundan öncə qəzetlərin birində çap olunmuş "Özü üçün yaşamayan insan" sərlövhəli xatirə-oçerkdə yazılmış fikirlərə diqqətinizi cəlb etmək istəyirəm: "O, görkəmli pedaqoq Bilas Şadlinskinin vaxtilə vəsiyyət etdiyi amallara sadiq qalaraq Vətəni, xalqı üçün yaşayan, özünü elmə həsr edən, kimsəsizə, qəlbi sınığa məlhəm olan təvazökar insandır. Elmə, alimə verdiyi qiymət qocaman akademiklərimizin xatirəsini əbədiləşdirmək üçün monoqrafiyaların yazılması təşəbbüsü ilə çıxış etməsində özünü daha qabarıq büruzə verir. "Hansı sahədə mütəxəssis olmağın əhəmiyyəti yoxdur. Əsl alim tanınmalıdır, bunu ilk növbədə biz ziyalılar etməliyik. Gələcək nəsillər öz sələflərini hərtərəfli tanımalıdırlar" deyən Vaqif Şadlinskinin təşəbbüsü akademik Hacıbəy Sultanovdan başladı və bu gün də davam etməkdədir".

Vaqif müəllim xarakter etibarilə ciddi, tələbkar, prinsipial, qayğıkeş insandır. Müəllimin tələbkarlığı, obyektivliyi və şəxsiyyət bütövlüyü bir-birini tamamlayanda eşidilən, sayılan insan kimi hörmət və ehtiram sahibi olmaqla ucalardan uca görünür. Bu isə ali məktəb müəllimləri üçün ən vacib şərtlərdəndir. Çünki gənclər həyatda və sənətdə kiməsə oxşamağa çalışır, kimi isə özlərinə ideal hesab edirlər. Cəmiyyətdə yüksək səviyyədə qəbul olunan şəxsiyyətlər ideala çevrilirlər. Bu mənada tərəddüd etmədən deyə bilərik ki, akademik Vaqif Şadlinski həmin şəxsiyyətlərdəndir, düşünən və düşündürən alimdir. İndiyədək 350 elmi işin, o cümlədən 11 monoqrafiya, 19 dərslik və dərs vəsaitinin, 20 metodik tövsiyənin, 2 səmərələşdirici təklifin, yüzlərlə elmi-kütləvi məqalənin müəllifidir. Bu əsərlərin bir qismi xarici ölkələrdə də nəşr olunub. Vaqif müəllimin rəhbərliyi altında onlarca namizədlik və doktorluq dissertasiyası müdafiə edilib.

Bu günlər Azərbaycan Tibb Universitetində yubiley yubileyə qarışıb. Universitet rəhbərliyi, ictimai təşkilatlar, professor-müəllim heyəti və tələbələr akademik Vaqif Şadlinskinin rəhbərlik etdiyi İnsan anatomiyası kafedrasının, eləcə də MDB və Şərq ölkələrində analoqu olmayan İnsan anatomiyası muzeyi yaradılmasının 90 illiyini qeyd edirlər. Akademik Vaqif Şadlinski İnsan anatomiyası kafedrasının müdiri vəzifəsində çalışdığı son 15 ildə tədrisin dünyanın inkişaf etmiş ali məktəblərinin kəmiyyət və keyfiyyət göstəriciləri səviyyəsində qurulması üçün universitet rəhbərliyi tərəfindən aparılan islahatlarda, tədbirlərdə yaxından iştirak edir. Təhsil, təlim-tərbiyə sahəsində əldə etdiyi uğurlara görə ATU-nun rektorluğu və respublika Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə fəxri fərmanlara layiq görülmüşdür.

Akademik Vaqif Şadlinskinin elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti bunlarla məhdudlaşmır. O, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının müdiri olmaqla yanaşı, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru, respublika Ziyalılar Cəmiyyətinin vitse-prezidenti və Ziyalı Universitetinin fəxri doktoru, Qafqaz Xalqları Akademiyasının vitse-prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq Kadrlar Akademiyasının anatomiya professoru, Beynəlxalq Morfoloqlar Assosiasiyasının Əlaqələndirmə Şurasının üzvü, Avropa Patoloqlar Cəmiyyəti idarə heyətinin üzvü, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib. O, 2000-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülməsini əməyinə verilən mükafatların ən dəyərlisi hesab edir.

Vaqif Şadlinski həyatda və elmdə uğurlarını ilk növbədə ailəsi ilə bağlayır. Hələ tələbə olanda ictimai işlərdən baş açan kimi Azərbaycan Xarici Dillər İnstitutunun qabağına gedər, əsgərlikdən qayıdandan sonra gözaltı etdiyi qonşu qızı görməyə tələsərdi. Solmaz xanım o vaxt Azərbaycan Xarici Dillər İnstitutunda oxuyurdu. 1971-ci ildə Vaqif müəllim Tibb İnstitutunun axırıncı kursunda idi, həm də anatomiya kafedrasında assistent işləyirdi. Elə həmin ilin oktyabrında Solmaz xanımla ailə qurdu.

İllər bir-birini əvəzlədikcə sevgidən, sədaqətdən, qarşılıqlı hörmətdən və zəhmətdən yoğrulmuş bu ailədə üç qız, bir oğlan uşağı dünyaya göz açdı, böyüyüb boya-başa çatdı. Bu zaman qayğılar öz-özünə gəlib evin xanımı Solmaz müəllimənin əl-ayağına dolaşırdı. Çox gecələri Solmaz xanım uşaqlarının beşiyi başında, Vaqif müəllim isə iş stolunun arxasında kitabxanalardan, arxivlərdən gətirdiyi materialları araşdıra-araşdıra səhər etmişdilər. Solmaz xanım Vaqif müəllimin elmi-tədqiqat işlərinə mane olmamaq, fikrindən-zikrindən ayırmamaq üçün nəinki gecələr, heç gündüzlər də ona qıymırdı, evin qayğılarını çox qabartmırdı, çalışırdı ki, hər şeyin öhdəsindən özü gəlsin...

Ailədə böyüyən uşaqlar valideynlərinə layiq övlad olublar. Böyük qız Ramidə Tibb İnstitutunu bitirib, ailəlidir, bir oğlu, iki qızı var, tibb elmləri namizədi, stomatoloqdur. İkinci qız Səidə də Tibb İnstitutunu bitirib, ailəlidir, bir oğul, bir qız anasıdır, 1 saylı Bakı şəhər xəstəxanasında fizioterapevt-həkim işləyir. Bacıların kiçiyi Səbinə də Ramidə və Səidənin təhsil aldığı ali məktəbdə oxuyub, müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib, ailələdir, iki uşağı var. Tələbəlik illərindən üzərində çalışdığı dissertasiya işini ötən il müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb.

Evin yeganə oğul payı Ceyhun isə Tibb Universitetində təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsini də bitirib. Yaxşı mütəxəssis və idmançı olmaqla yanaşı, bir neçə dil bilir. Ailəlidir, üç övladı var. Bu ocağın, bu evin süfrəsi başında bu şöhrətli nəslin davamçıları - nəvə Vaqif və nəvə Abasqulubəy böyüyür. Vaqifin üç, Abasqulubəyin iki yaşı var. İki qardaşın bir bacısı Cəmilə isə məktəblidir, birinci sinifdə oxuyur.

Vaqif Şadlinski həmişə özündən çox haqqın-ədalətin, xalqının, Vətəninin, yaxşı insanların tərəfindədir. Yaxşı oxuyan hər tələbəsini, müəllifi olduğu hər kitabını, xalqına gərək olan kiçik bir elmi əsərini də öz övladı hesab edir. Ömrünün 70 ilinin 40 ilini elmi-pedaqoji fəaliyyətə həsr etmiş yubilyar-akademik yazıb-yaratdığı əsərləri, cismani yadigarlarını həyatının çırağı sayır. Qoy bu çırağın işığı daha gur, ömrü daha uzun olsun!

 

 

Rəhman SALMANLI,

filologiya elmləri namizədi

 

Azərbaycan.- 2010.- 23 yanvar.- S. 7.