Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları Azərbaycan Teleradiosunun fəaliyyətini yüksək qiymətləndirmişlər

 

Yanvarın 21-23-də Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları "Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) işi ilə tanış olmuşlar.

Qonaqlara məlumat verilmişdir ki, "Azərbaycan TeleviziyaRadio Verilişləri" QSC bu gün yeniləşmə və müasirləşmə dövrünü yaşayır. Bu yenilik teleşirkətin zahiri görkəmində də özünü göstərir. Qonaqlar qış fəslində bahar ovqatı bəxş edən teleradionun həyətini böyük məmnuniyyətlə gəzmişlər. Onlara Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə ölkənin baş televiziyasında mərhələlərlə həyata keçirilən islahatlar barədə məlumat verilmişdir.

Televiziyanın müxtəlif səpkili verilişlərinin yeni ünvanına çevrilən yay pavilyonu qonaqlarda böyük maraq doğurmuşdur. Onlar buradan əl içi kimi görünən paytaxtımızı seyr etmiş, Bakının gözəl mənzərəsinə bir daha heyran olmuşlar.

Sonra qonaqlar televiziyanın maddi-texniki bazası, studiyaları, çəkiliş pavilyonları ilə tanış olmuşlar. Ötən il fevralın 1-dən efirə çıxan "İdman-Azərbaycan" kanalının studiyasına gələn qonaqlara bildirilmişdir ki, bu kanal idman ictimaiyyəti və idmansevərlərə dövlətimizin gözəl hədiyyəsi olmuşdur. MDB məkanı üçün nadir telelayihələrdən olan və peyklə bütün dünyaya yayımlanan bu kanal artıq bir ildir ki, orijinal proqramlar təqdim edir.

Qonaqlar televiziyanın "Xəbərlər" proqramının studiyasında da olmuşlar. Bildirilmişdir ki, ölkəmizin həyatına dair, habelə dünyanın ən qaynar nöqtələrindən mühüm informasiyalar tamaşaçılara ən müasir avadanlıqla təmin olunan bu studiyadan çatdırılır. Qonaqlar müasir standartlara cavab verən xəbər otağında əməkdaşların qaynar rejimi ilə tanış olmuşlar.

Canlı yayımların, maraqlı proqramların məkanı olan, ən müasir rəqəmsal avadanlıqla təchiz edilmiş "Xəzər" studiyasının yüksək səviyyədə qurulan şəraiti və yeni dekorasiyaları qonaqların xüsusi marağına səbəb olmuşdur. Studiyanın texniki imkanları əyani şəkildə qonaqlara təqdim edilmişdir.

Nümayəndə heyəti "Səhər" musiqi-informasiya proqramının da qonağı olmuşlar. Sonra "Azərbaycan TeleviziyaRadio Verilişləri" QSC-nin sədri Arif Alışanovla keçirilən görüşdə Azərbaycan Televiziyası ilə Rusiya telekanalları arasında əməkdaşlıq haqqında ətraflı fikir mübadiləsi aparılmış, maraqlı təkliflər səsləndirilmişdir. Görüşdə müştərək layihələrin işlənməsi, proqram mübadiləsi, kadrların peşə hazırlığının artırılması və digər məsələlər müzakirə edilmişdir.

Qonaqlar Bakıda keçirilən forumun yüksək təşkilindən razı qaldıqlarını, Azərbaycan Televiziyası ilə tanışlıqdan sonra ölkəmizlə bağlı təəssüratlarının daha da genişləndiyini xüsusi vurğulamışlar. Onlar studiyaların texniki avadanlıqla təchizatının və sisteminin yüksək səviyyədə olduğunu bildirmişlər. Qeyd edilmişdir ki, "Azərbaycan TeleviziyaRadio Verilişləri" QSC-nin maddi-texniki bazası rəngarəng və keyfiyyətli proqramlar hazırlamağa, eləcə də geniş və yüksək səviyyədə əlaqələr qurmağa imkan verir. Qonaqlar Azərbaycan Televiziyasının fəaliyyəti və kollektivi ilə tanışlıqdan məmnun qalmış və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  27 yanvar.- S.  3.