Vaqif Mustafazadənin 70 illik yubileyi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2010-cu ilin mart ayında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, respublika Dövlət mükafatı laureatı Vaqif Əziz oğlu Mustafazadənin anadan olmasının 70 illiyi tamam olur.

Vaqif Mustafazadə yaradıcılığı XX əsr milli musiqi mədəniyyətimiz tarixinin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisinin uğurlu sintezində dəyərli əsərlər meydana gətirmişdir. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olmuşdur.

Azərbaycan incəsənətinin daha da zənginləşdirilməsi və geniş miqyasda tanıdılması naminə töhfələr vermiş Vaqif Mustafazadənin 70 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla Vaqif Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2010-cu il

 

Azərbaycan.- 2010.- 27 yanvar.- S. 1.