Uğurlarla zəngin il

 

Dövlətimizin yüksəlişinə, vətəndaşlarımızın rifahına xidmət edən dinamik inkişaf siyasəti əzmkarlıqla həyata keçirilməkdədir

 

İqtidar komandasının fəaliyyətinin uğurlarını şərtləndirən əsas amillərdən biri gördüyü işlər barədə xalqa ardıcıl hesabat verməsidir. Bu mənada Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Nazirlər Kabinetinin rüblük və illik sosial-iqtisadi yekunlarla bağlı keçirilən iclasları, həyatımızda baş verən yeniliklər, nəzərdə tutulan işlər barədə geniş hesabatların verilməsi bir çox hakimiyyətlər üçün əsl nümunə sayıla bilər.

Azərbaycanda Nazirlər Kabinetinin geniş iclaslarının keçirilməsi artıq ənənəyə çevrilib. Bu iclaslarda hər rübdə və il ərzində görülən işlər haqqında məlumatlar dinlənilir, təhlillər aparılır, gələcək planlar müzakirə olunur. Azərbaycanda yeni hadisələrin, mütərəqqi proseslərin baş verdiyini nəzərə alsaq belə iclasların nə qədər əhəmiyyət kəsb etdiyini görərik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasi xətt çox dinamik və çevik olduğundan hakimiyyətin rüb və il ərzində xalqa çatdırmaq istədiyi xoş müjdələr də çoxdur.

Bu iclasların keçirilməsi xalqa verilən hesabatla yanaşı, həm də Azərbaycan hakimiyyətinin öz fəaliyyətini açıq və şəffaf şəkildə həyata keçirməsinin əyani təsdiqidir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, hökumətin fəaliyyəti daim xalqın nəzarəti altında olmalıdır. Çünki Azərbaycan hakimiyyətinin bütün təşəbbüsləri xalqının sosial rifah halının daha da yaxşılaşmasına, dövlətin möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yanvarın 18-də keçirilmiş iclasında da 2009-cu il ərzində bütün sahələrdə görülən işlərə nəzər salındı, hökumətin qarşısında duran vəzifələrə bir daha aydınlıq gətirildi.

 

Azərbaycan inkişafın dinamikasına görə 2009-cu ili də dünya lideri kimi başa vurdu

 

Yola saldığımız 2009-cu il respublikamız üçün kifayət qədər uğurlu və nailiyyətlərlə zəngin hesabat dövrü kimi yadda qaldı. Qlobal iqtisadi və maliyyə böhranının hələ səngiməməsinə baxmayaraq respublikamızda həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına ötən il Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamı, iqtisadi islahatların uğurla həyata keçirilməsi və əhalinin sosial rifahının daha da yaxşılaşması ilə əlamətdar oldu. Bu mənada, 2009-cu ilin ölkəmizin iqtisadi inkişafında növbəti uğurlu mərhələ kimi səciyyələndirilməsi tamamilə düzgün yanaşmadır. Nazirlər Kabinetinin iclasında ölkə Prezidenti bu barədə deyib: "2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bunu əyani şəkildə göstərmək üçün, sadəcə, iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır".

2008-ci ildən başlanan beynəlxalq maliyyə-iqtisadi böhran 2009-cu il boyu davam etdi. Böhranın hələ ilkin çağlarında beynəlxalq ekspertlər bildirirdilər ki, özünün iqtisadi təhlükəsizliyinə nail olmuş dövlətlər böhrandan minimum itki ilə çıxa biləcəklər. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya şəratində inkişaf etdiyindən qlobal iqtisadi böhranın ölkəmizə təsiri qaçılmaz idi. Böhran ciddi sınağa çəksə də, Azərbaycan Prezidentinin tapşırığı və göstərişləri ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə onun mənfi təsirləri dərindən hiss olunmadı. Qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz 2009-cu ildə qlobal maliyyə-iqtisadi böhranı minimum itki ilə dəf etdi.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarında Azərbaycanın 2009-cu il üçün iqtisadi inkişaf perspektivləri ilə yanaşı, dünya maliyyə böhranının təsirlərinin qarşısının alınması ilə bağlı görülən tədbirlər müsbət qiymətləndirilmişdi. Göründüyü kimi, 2009-cu ildə mürəkkəb xarici risklər və çağırışlar şəraitində Azərbaycan özünün iqtisadi tarazlığını qorudu, yüksək dayanıqlılıq və sabitlik nümayiş etdirdi, ÜDM-in artımında, xüsusən qeyri-neft sektorunda yüksək artıma nail oldu. Beləliklə, ötən il dünya tarixində maliyyə və iqtisadi böhran dövrü kimi yadda qalsa da, Azərbaycan üçün növbəti uğurlu dövr oldu.

Onu da qeyd edək ki, hələ 2008-ci ildən 2009-cu ildə icrası nəzərdə tutulan proqram və layihələr məlum idi. Amma bəzi iqtisadi ekspertlər qlobal iqtisadi böhran şəraitində ölkəmizin sosial-iqtisadi inkişafına xidmət edən bir çox layihələrin icrasının həyata keçirilməyəcəyi qənaətində idilər. Xüsusilə nəzərə çatdırılırdı ki, neftin qiymətinin kəskin aşağı düşməsi bu kimi işləri yarımçıq qoyacaq. Lakin nəticələr göstərir ki, ötən illərdən başlanan və həyata keçirilməsi 2009-cu ildə də nəzərdə tutulan bütün proqram və layihələr uğurla icra olunub.

2009-cu ilin ölkəmiz üçün ən mühüm uğurlarından biri valyuta ehtiyatlarımızın artmasıdır. Nazirlər Kabinetinin iclasında dövlət başçısı ölkəmizin valyuta ehtiyatlarının 20,4 milyon dollara çatmasını böyük nailiyyət kimi qiymətləndirərək dedi ki, bu bizə gələcəkdə özümüzü çox rahat hiss etməyə imkan verir. Təbii ki, beynəlxalq iqtisadi böhranın hələ başa çatmadığı şəraitdə valyuta ehtiyatlarımızın artması ölkəmizə sosial-iqtisadi inkişafın davamlı olmasını təmin etmək üçün əlavə imkanlar verir. Bu, Azərbaycanda 2010-cu ildə də makroiqtisadi sabitliyin möhkəmlənəcəyindən, bütün sosial proqramların və infrastruktur layihələrinin vaxtında icra ediləcəyindən xəbər verir.

 

Sosial məsələlər ötən il də prioritet olaraq qaldı

 

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Son illərin reallıqları da ondan ibarətdir ki, ölkəmizin dinamik iqtisadi inkişafı sosial sahəyə təsirsiz ötüşməyib. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. Artıq iqtisadi inkişafın, uğurla həyata keçirilən yeni neft strategiyasının elə bir mərhələsini yaşayırıq ki, indi nəinki problemlərin həlli, o cümlədən yeni sosial layihələrin həyata keçirilməsi üçün dövlətin kifayət qədər maliyyə imkanları var.

Prezident İlham Əliyevin sosial sahəyə diqqət və qayğısının nəticəsidir ki, son illərdə dövlət büdcəsi təsdiq olunarkən sosialyönümlülük prioritet kimi qalır. Məhz dövlət başçısının qətiyyətli siyasətinin sayəsində ölkədə yoxsulluğun səviyyəsi son altı ildə bir neçə dəfə aşağı düşüb. Mütəmadi olaraq əməkhaqlarının və təqaüdlərin artırılması, qaçqınlara, məcbüri köçkünlərə, şəhid ailələrinə və müharibə veteranlarına verilən müavinətlərin çoxalması dövlətin öz vətəndaşının sosial qayğılarına diqqətinin göstəricisidir.

Ötən il qlobal böhranın tüğyan etməsinə baxmayaraq ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşırılması istiqamətində işlər davam etdirildi. Böhran Azərbaycanda əhalinin sosial şəraitində demək olar ki, hiss olunmadı. Üstəlik bir sıra məhsulların qiymətinin aşağı düşməsi əhalinin alıcılıq qabiliyyətinin artmasına mühüm təsir göstərdi.

Nazirlər Kabinetinin iclasında bu məsələdən də söz açıldı və nikbinlik ifadə olundu. Bu sahədə görülən işlərdən razılığını ifadə edən Prezident İlham Əliyev bir daha bildirdi ki, sosial məsələlərin həllinə həmişə olduğu kimi böyük diqqət göstəriləcək: "Sosial məsələlərin həlli həmişə olduğu kimi, bizim üçün prioritet məsələlər olmuşdur. Baxmayaraq ki, böhranlı ildir, yaxud da ki, neftin qiyməti aşağı düşüb, yuxarı qalxıb. Bütün bunlar əlbəttə ki, Azərbaycanın iqtisadiyyatına təsirsiz ötüşmür. Ancaq sosial məsələlər həmişə prioritet olaraq qalır və qalacaqdır. Gələcək illərdə də bu sahədə bir dənə də yubanma, yaxud da ki, geriləmə olmamalıdır və olmayacaqdır".

Ötən illərdə olduğu kimi, 2009-cu il də Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dövlət proqramlarının uğurla davam etdirilməsi və eyni zamanda əhalinin sosial rifahının daha da yaxşılaşması ilə əlamətdardır. 2009-cu ilin yekunları ilə tanışlıq sosial sahədə xoş mənzərə yaradır. Belə ki, ötən ildə də dövlət büdcəsində sosialyönümlü xərclərə üstünlük verildi, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi tam təmin edildi. Bu məqsədlər üçün dövlət büdcəsindən 2 milyard 903 milyon manat, o cümlədən onun cari xərclərindən 2 milyard 763 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur.

Böhran ilinə baxmayaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə əhalinin 1 oktyabr 2009-cu il tarixə təbii qazdan istifadə üzrə yaranmış 330 milyon manat məbləğində borcları dövlət büdcəsinin vəsaiti hesabına silindi. Ötən il həmçinin aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 60 manata çatdırıldı. Ünvanlı sosial yardımların göstərilməsi məqsədi ilə dövlət büdcəsindən 180 milyon manat vəsait istifadə olundu ki, bu da 700 min nəfər aztəminatlı şəxsi əhatə etdi.

Əhalinin sosial durumunun yaxşılaşması həm ölkədə sabitliyə, həm də davamlı inkişafa təminatdır. Sosial problemlərin yoluna qoyulması üçün çoxşaxəli tədbirlərin həyata keçirilməsi, bütün kateqoriyalardan olan vətəndaşların rifahının yüksəlməsi respublikamızın ictimaiyyəti tərəfindən də rəğbətlə qarşılanır.

 

Sənayenin inkişafı uğurla davam edir

 

Azərbaycanda ÜDM-nin tərkibində əsas yerlərdən birini sənaye istehsalı tutur. Bu gün sənaye Azərbaycan iqtisadiyyatının ən mühüm və inkişaf etmiş sahələrindən biridir. Əsasən yanacaq və energetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gərgin əməyi sayəsində ötən əsrin ortalarından başlayaraq inkişaf etməyə başlayıb. Xüsusən ulu öndərin əsasını qoyduğu yeni neft strategiyasının uğurla reallaşması nəticəsində dinamik inkişaf edən neft sənayesi digər sahələrin də inkişafının sürətləndirilməsinə yol açıb. Həmçinin qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti və digər islahatlar ölkəmizdə sənayenin kompleks inkişafını təmin edib. Əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların bir qisminin artıq Azərbaycanda istehsal olunmağa başlanması daxili bazarın zənginləşməsinə, idxaldan asılılığın aradan qalxmasına imkan yaradıb.

Sənaye istehsalının artımı daha çox mədən sənayesinin payına düşsə də, Azərbaycan hakimiyyətinin uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq emal sənayesinin də ümumi istehsalda payı getdikcə artmaqdadır. Son illərdə içki və tütün də daxil olmaqla qida məhsullarının, dəri məmulatlarının, ağac məhsullarının, sellüloz-kağızın, neft-kimya məhsullarının, sementin, hazır metal məmulatların, məişət cihazlarının, avtomobillərin istehsalı davamlı olaraq artmaqdadır.

2009-cu il Azərbaycanda sənayenin inkişafı və sənaye məhsullarının istehsalında növbəti dinamik artım mərhələsi kimi qiymətləndirilə bilər. Ötən il ölkədə 22184.4 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu 2008-ci illə müqayisədə 8,6 faiz artım deməkdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin yekunlarına həsr edilmiş iclasında "Azərbaycanda son illər ərzində sürətlə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verməkdədir" - deyərək sənayenin inkişafından razılığını ifadə edib.

Dövlətimizin uğurlu iqtisadi siyasəti - sahibkarlığın təşviq edilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyata yatırılan sərmayələrin daha da artması növbəti illərdə ÜDM-də sənaye məhsulunun həcminin daha da artacağını söyləməyə əsas verir.

 

İnfrastruktur layihələrinin həyata keçirilməsində geriləmə olmadı

 

Bu gün ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biri iqtisadi inkişafın və maliyyə artımının verdiyi imkanlardan bəhrələnərək infrastrukturun inkişaf etdirilməsidir. Çünki lazımi səviyyədə infrastruktur olmadan kompleks inkişafla bağlı uzaq hədəflərə çatmaq mümkün deyil. Sosial-iqtisadi, mədəni və humanitar inkişafı şərtləndirən əsas amillərdən biri də məhz normal infrastrukturun yaradılmasıdır. Əgər elektrik enerjisinin verilişi lazımi səviyyədə olmasa, yollar, limanlar müasir standartlara cavab verməsə, kommunal və bank xidmətlərinin səviyyəsi yüksəlməsə, otellər, xəstəxana və idman qurğuları olmasa hansı inkişafdan danışmaq olar?

Qlobal böhrana qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin nəticəsi idi ki, ötən il nəzərdə tutulmuş infrastruktur və sosial layihələr uğurla yerinə yetirildi.

Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi günümüzün aktual məsələlərindən biridir. Nəzərə alsaq ki, Azərbaycanda nəqliyyat vasitələrinin sayı sürətlə artır və ölkəmiz bir sıra iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşir, onda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinin zəruriliyi məlum olar. Artıq bir neçə ildir ki, bu sferada başlanan mühüm layihələr ötən ildə uğurla davam etdirilib.

İdman həm ölkənin şöhrətini ucaldan, həm də insanları fiziki cəhətdən sağlam edən, eyni zamanda sosial sahədir. Bu amillər idmanı hər bir ölkədə cəlbedici və mühüm sahəyə çevirir. Azərbaycan da bunda istisna deyil. Son illər çoxsaylı idman qurğularının, olimpiya-idman komplekslərinin inşası bu sahədə həyata keçirilən səmərəli dövlət siyasətindən xəbər verir. Müasir standartlara cavab verən xəstəxanaların, müalicə-diaqnostika mərkəzlərinin, poliklinikaların tikilməsi, yararsız vəziyyətdə olanların təmiri dövlətimizin məqsədyönlü sosial siyasətinin göstəricisidir.

Ötən il sosial infrastruktur layihələrin icrasında geriləmə müşahidə olunmayıb, təhsil, idman və səhiyyə müəssisələrinin tikintisi yüksək dinamizmlə davam etdirilib. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev sosial infrastruktur layihələrinə hər zaman böyük diqqət göstəriləcəyini bir daha bəyan edib: "2009-cu ildə Azərbaycanda 64 məktəb tikilmişdir. 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük olimpiya kompleksi istifadəyə verilmişdir. Bu onu göstərir ki, hətta maliyyə imkanlarımız bir az azalanda da biz sosial infrastrukturun inkişafı üçün lazımi tədbirləri görürük, maliyyə vəsaiti ayırırıq".

Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında səslənən fikirlər bir daha göstərdi ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin və xalqın maraqlarına xidmət edən kompleks inkişaf siyasəti əzmkarlıqla həyata keçirilməkdədir. Bu siyasətin uğurları göstərir ki, Prezident İlham Əliyevin fəaliyyətinin qayəsini dövlətə, xalqa təmənnasız xidmət prinsipi təşkil edir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.- 27 yanvar.- S. 1, 4.