Humanitar əməkdaşlığın zənginləşməsi üzrə çoxşaxəli işin başlanğıcı

 

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev: "Bizə yeni üfüqlər, birgə işimizin perspektivlərinə yeni baxış lazımdır"

 

Mövcud olduğu regionun lideri statusunu daşıyan, ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra tarix üçün qısa hesab edilən zaman kəsiyində beynəlxalq hüququn güclü müstəqil subyektlərindən birinə çevrilən, təkcə MDB yox, daha böyük coğrafi məkanı əhatə edən dövlətlər arasında seçilənlər sırasına daxil olan Azərbaycan həyata keçirdiyi xarici siyasət kursuna görə də dünyanın bir çox ölkələri üçün nümunəvi mövqedən çıxış etməkdədir. Bu gün Azərbaycanın ayrı-ayrı dövlətlərlə, ilk növbədə isə Ermənistan istisna olmaqla region ölkələri ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaş olması, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması, bu zaman milli mənafenin qorunmasını daim ön planda tutması onun xarici siyasətinin əsas istiqamətləri sırasındadır.

 

Dövlət və xalqlararası münasibətlərin inkişafına yeni töhfə

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün yeni əsrin tələbləri çərçivəsində daha da zənginləşdirilərək uğurla davam etdirilməkdədir. Bunun nəticəsidir ki, beynəlxalq sferada Cənubi Qafqazı əhatə edən siyasətin konturları mütləq Azərbaycanla razılaşdırılmaqda, bu məsələdə ölkəmizin mövqeyi, milli maraqları nəzərə alınmaqda və təmin olunmaqdadır. Əldə edilən bu mühüm göstəricilər fonunda Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi, keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi, qarşılıqlı maraqların daha geniş miqyasda təmin edilməsi istiqamətində fəaliyyətini gücləndirməkdədir. Müxtəlif ölkələrlə münasibətlərin inkişaf səviyyəsinin daha da intensivləşdirilməsi, bunun xalqlar arasında da dostluq, mədəni əlaqələrin genişlənməsinə öz töhfəsini verməsi üçün mühüm addımlar atılmaqdadır.

Yanvarın 22-də ölkəmizdə keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu məhz bu qəbildən olan çox vacib tədbirlərdən biri kimi yadda qaldı. Azərbaycan və Rusiya rəhbərliyinin təşəbbüsi əsasında baş tutan bu forum iki ölkə arasında qarşılıqlı münasibətlərin daha da dərinləşməsi, xüsusən də onun humanitar sahədə genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Forum iştirakçılarını qəbul edən Prezident İlham Əliyev bildirmişdir: "Bu forum ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına, çoxşaxəli münasibətlərin inkişafına güclü təkan verməlidir. Ona görə ki, əməkdaşlığın potensialı çox yüksəkdir, əldə edilmiş nəticələr bizi qane edir. Lakin heç şübhəsiz, əməkdaşlığı genişləndirməli olduğumuz sahələr də çoxdur - iqtisadi sahə, qarşılıqlı siyasi əlaqələr məsələsi, vətəndaş cəmiyyəti və mətbuat səviyyəsində, yəni, ictimai fikri formalaşdıran və dövlətin siyasi xəttini müəyyən dərəcədə təyin edən strukturlar səviyyəsində əlaqələr bu qəbildəndir".

Forumda diqqət yetirilən məsələlər, əldə olunan nəticələr isə bir daha bu mühüm tədbirin Azərbaycan və Rusiya münasibətlərinin inkişafına öz töhfəsini verəcəyini, həmçinin ölkəmizin mövcud reallıqlarının şimal qonşumuzla yanaşı, dünyaya çatdırılmasında da əvəzsiz rola malik olacağını deməyə əsas verir. Eyni zamanda forumun rus və Azərbaycan xalqları arasında humanitar körpünün daha möhkəm özüllər üzərində qurulmasına xidmət etdiyini nəzərə alan Rusiya tərəfi də bu kimi tədbirlərin davamlı olmasına xüsusi maraq göstərir. Digər tərəfdən, belə tədbirlərin nəticə etibarı ilə böyük səmərə verdiyi də nəzərə alınaraq onun iştirakçılarının sayının təkcə iki dövləti təmsil edən nümayəndələrlə məhdudlaşdırılmaması qərara alınıb. Təsadüfi deyil ki, artıq qarşılıqlı razılaşmaya uyğun olaraq Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu gələn ildən ənənəvi olmaqla beynəlxalq status daşıyacaq. Bununla əlaqədar Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirmişdir ki, gələn ildən etibarən bu forumun formatı yalnız Azərbaycan və Rusiyanın nümayəndələri ilə məhdudlaşmayacaq: "Biz belə qərara gəldik ki, bu, Bakı forumu olmalıdır. Bakı forumu dedikdə, burada yalnız Rusiyanın tanınmış xadimləri deyil, həm də hər bir ölkənin nümayəndəsi iştirak edə biləcəkdir. Bu bizə Azərbaycanın problemləri, ölkəmizin durumu haqqında məlumatları dünyaya çatdırmaq imkanı verəcəkdir".

Beləliklə, tərkib etibarı ilə növbəti ildən etibarən yeni formatda keçiriləcək forum mövcud Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əsas vasitələrdən biri kimi çıxış edəcək və şübhəsiz ki, bu, ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət etməklə yanaşı, dünya birliyinin Azərbaycan reallıqları, o cümlədən onun tarixi, mədəniyyəti, regionda oynadığı rol, bu qəbildən olan digər məsələlərlə daha yaxın tanış olmasını təmin edəcək.

 

Forum XXI əsrdə Rusiya və Azərbaycan əməkdaşlığının vektorunu təyin edəcək bir sıra perspektivli layihələrə start verəcək

 

Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu qeyd edilən istiqamətdə kifayət qədər mühüm əhəmiyyətə malik oldu. Xüsusən də, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin forumun açılışında söylədiyi geniş və dərin məzmunlu nitq bu kontekstdə ayrıca qeyd olunmalıdır. Rusiyanın ictimai-siyasi ab-havasını formalaşdıran, bu ölkənin elmini, ədəbiyyatını, incəsənətini, kütləvi informasiya vasitələrini, idman hərəkatını təmsil edən insanların iştirak etdiyi forumda natiq iki ölkənin tarixi və müasir dostluq əlaqələrinə toxunduqdan sonra qarşıdakı dövr ərzində bu münasibətlərin daha da genişləndirilməsinin zəruriliyinə diqqəti çəkmişdir: "Əlbəttə, bu forum parlamentlər səviyyəsində, mədəni və elmi sahələrdə mübadilələrin, şəxsi əlaqələrin hərtərəfli genişlənməsinə və dərinləşməsinə xidmət etməlidir. Lakin mənə belə gəlir ki, bizim əməkdaşlığın bugünkü səviyyəsini nəzərə alsaq, bunlar azdır. Bizə yeni üfüqlər, birgə işimizin perspektivlərinə yeni baxış lazımdır. Əminəm ki, bu forum XXI əsrdə bizim əməkdaşlığın vektorunu təyin edəcək bir sıra perspektivli layihələrə start verəcəkdir".

Bununla yanaşı, yeni tarixə qısa ekskursiya edən akademik Ramiz Mehdiyev Azərbaycanın müstəqillik yolunda qarşıya çıxan problemləri, o cümlədən M.S. Qorbaçovun əmri ilə törədilən qanlı Yanvar qırğını barədə forum iştirakçılarına geniş məlumat verərək o vaxtkı SSRİ rəhbərliyinin Ermənistana tamam fərqli münasibət bəslədyini də diqqətə çatdırdı. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqının sovet totalitarizminə qarşı çıxmasından narahat olan və xalqın əzmini güc yolu ilə qırmaq üçün Qorbaçovun əmri ilə Azərbaycana qoşun yeridildi, xeyli sayda dinc sakin qətlə yetirildi, görünməmiş qəddarlıqlar törədildi. Amma Ermənistanda törədilən cinayətlərə İttifaq rəhbərliyi göz yumdu. Qanlı yanvar kontekstində bu məqama xüsusi toxunan akademik Ramiz Mehdiyev qeyd edir: "Lakin Qorbaçov 1988-1990-cı illərdə təcavüzkar əhval-ruhiyyəli ermənilərdən ibarət qruplar azərbaycanlıları əzəli torpaqlarından qovanda, evləri yandıranda və bütün bunlar çoxsaylı insanların, o cümlədən qocaların, qadınların və uşaqların qəddarcasına qətlə yetirilməsi ilə müşayiət ediləndə, vəhşiləşmiş kütlə hamilə qadınların qarnını yaranda, döşlərini kəsəndə və s. nə üçünsə Yerevana qoşun yeritmədi. Təəssüf ki, ittifaqın kütləvi informasiya vasitələri susurdu, hətta onların bəziləri Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını açıq-aydın dəstəkləyirdi".

Qeyd olunan həqiqətin Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda yenidən diqqətə çatdırılması isə olduqca vacib əhəmiyyətə malikdir. İlk növbədə ona görə ki, sözügedən forumda Rusiyanın ictimai-siyasi həyatında mühüm rol oynayan şəxslər, o cümlədən bu ölkədə ictimai fikrin formalaşdırılmasında əsas mövqelərdən birinə sahib kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi. Qeyd edilən həqiqətlərin bir daha həmin şəxslərin diqqətinə çatdırılması ölkəmizin uzaq olmayan tarixinin reallıqları, ondan Rusiya, eləcə də dünya ictimaiyyətinin bir qədər də yaxından xəbər tutması baxımından mühüm xarakter daşıyır.

 

Mədəni əlaqələr dərinləşir

 

O da faktdır ki, dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolu elə də rəvan olmayıb və Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaşanan ərazi itkiləri, iqtisadi geriləmə, ilk dövrlərdə hakimiyyətdə olan qüvvələrin siyasi səriştəsizliyi üzündən qonşu dövlətlər, o cümlədən Rusiya və İranla yaşanan problemlər ölkəmizin üzləşdiyi çətinliklərin miqyasını daha da genişləndirir və ağırlaşdırırdı. Lakin xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra qeyd edilən problemlərin aradan qaldırılması istiqamətində tarixi nailiyyətlərə imza atıldı. Azərbaycan həm qlobal, həm də regional inteqrasiyanın çoxşaxəli şəbəkəsində yaxından iştirak etməyə başladı, dünyanın siyasi xəritəsinə suveren dövlət kimi öz adını həkk etdirdi. Bu fonda qonşu dövlətlər, eləcə də Rusiya ilə yeni münasibətlərin əsası qoyuldu. Bütün bunlar isə Azərbaycanın davamıl inkişafının təmin edilməsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin mövqelərinin gücləndirilməsi, Ermənistanın himayədarlarının işğalçı ölkəyə dəstəyinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyırdı.

Görülən işlər nəticəsində ən əlamətdar hadisələrdən biri də Rusiyada Vladimir Putinin hakimiyyət başına gəlməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu ölkədə yeni konseptual yanaşmanın meydana gəlməsi oldu. Daha sonra tərəflərin Xəzərin hüquqi statusu, Qəbələ RLS-in hansı şərtlər əsasında fəaliyyət göstərməsini müəyyənləşdirməsi Azərbaycan və Rusiya münasibətlərində yeni, qarşılıqlı maraqlara söykənən münasibətlərin başlanmasına təkan verdi. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda bununla əlaqədar Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirmişdir: "SSRİ dağılandan və ölkələrimiz müstəqillik əldə edəndən sonra münasibətlərimizin yeni mərhələsi Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana tarixi səfərindən başlanmışdır. Bu, Rusiya Prezidentinin suveren Azərbaycana ilk səfəri idi. Məhz o vaxt Prezident Putin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə aşağıdakı konseptual fikri söyləmişdi: "Bizim məqsədimiz - qaliblər və məğlublar olmadan sülhün bərqərar olmasına kömək etməkdir". Bu fikir öz aktuallığını bu gün də saxlayır. Heydər Əliyevin Rusiyaya cavab səfəri, Bakı Bəyannaməsinin imzalanması, Xəzərin statusu ilə əlaqədar məsələlərin həlli bizim müxtəlif səviyyələrdə münasibətlərimizə nəzərəçarpacaq tərəqqi və dinamizm gətirmişdir".

İki ölkə arasında keyfiyyətcə yeni mərhələyə qədəm qoyan münasibətlərin dərinləşdirilməsi təkcə siyasi yox, mədəni, humanitar sferaları da əhatə edir və bu istiqamətdə konkret addımlar atılırdı. Bunun nəticəsi idi ki, 2001-ci il oktyabrın 12-də Bakıda rus poeziyasının dahisi Aleksandr Sergeyeviç Puşkinin, 2002-ci il iyunun 9-da Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı oldu. Bunu Azərbaycan-Rusiya strateji əməkdaşlıq proqramının başlanğıcı kimi dəyərləndirən akademik Ramiz Mehdiyev qeyd edir ki, bütün XX əsr ərzində Azərbaycan rus mədəniyyətinin bir çox inciləri ilə tanış olmaq və lazımi mədəni məkan formalaşdırmaq imkanına malik olub. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda da əsas məqsədlərdən biri həmin məkanın qorunub saxlanmasına və genişləndirilməsinə xidmət etməkdir.

Keçmiş SSRİ-nin süqutu ilə postsovet məkanında rus dilinə münasibət də xeyli dərəcədə dəyişdi. İttifaqa daxil olan bir sıra dövlətlərdə bu dilin öyrənilməsi arxa plana keçirildi, yaxud da tamamilə aradan qaldırıldı. Lakin Azərbaycan o ölkələrdən oldu ki, rus dilinin öyrənilməsi ilə bağlı proseslərin və digər müvafiq işlərin ardıcıl xarakter daşımasına qərar verdi, bu dildə orta və ali təhsil verilməsi davam etdirildi. Azərbaycanda Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması isə bu istiqamətdə növbəti mühüm addımlardan biri oldu. Qeyd edilən amil bu gün Azərbaycan və Rusiya arasında münasibətlərin yüksək səviyyədə inkişafında özünəməxsus rol oynamaqdadır. Ölkəmizdə rus dilinə verilən yüksək qiymət Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən bir daha forum iştirakçılarının diqqətinə çatdırılmış və konkret faktlar göstərilmişdir: "Azərbaycanın ali məktəb sektorunda 16 mindən çox tələbə rus dilində təhsil alır. Bakıda Səməd Vurğun adına Rus Dram Teatrı uğurla fəaliyyət göstərir. Bakı Slavyan Universiteti rusdilli təhsil məkanının və mədəni məkanın formalaşmasına fəal kömək edir. Son beş ildə rus klassiklərinin - Puşkinin, Lermontovun, Tolstoyun, Çexovun, Dostoyevskinin, Bulqakovun, Blokun, Yeseninin və başqalarının əsərləri Azərbaycan dilinə tərcümədə ümumi tirajı milyon yarım nüsxə olmaqla nəşr edilmişdir".

 

İqtisadi uğurların Azərbaycan modeli

 

Bu gün Azərbaycanın diqqət mərkəzində olmasını şərtləndirən mühüm amillərdən biri də onun sürətli iqtisadi inkişafıdır. Hətta qlobal maliyyə böhranı şəraitində belə, Azərbaycan dinamik inkişaf tempini qoruyub saxlayaraq, iqtisaddiyatını 9,3 faiz artırıb. Buna müvafiq olaraq ölkə vətəndaşlarının sosial və maddi rifah halı daha da yüksəlib, sahibkarlar təbəqəsinin mövqeləri bir qədər də gücləndirilib, kənd təsərrüfatı, sənaye istehsalı artıb, regionların simasını dəyişən dövlət proqramlarının, nəhəng infrastruktur layihələrinin icrası uğurla davam etdirilib, yeni iş yerləri açılıb, daxili və xarici investisiya yatırımlarının həddi yüksəlib, bu qəbildən olan digər mühüm nailiyyətlərə imza atılıb.

Ancaq ölkəmizin qazandığı müvəffəqiyyətlər təkcə qeyd edilənlərlə məhdudlaşmayıb və qlobal maliyyə ilində Azərbaycan daha bir möhtəşəm uğura imza ataraq iqtisadi sahədə keçid dövrünü başa vurub. Halbuki, indi postsovet məkanında mövcud olan ölkələrin əksəriyyəti iqtisadi keçid finişinə çatmaqdan hələ çox uzaqdır və qlobal iqtisadi böhranın başlanması həmin ölkələrin keçid mərhələsini başa vurmasında böyük ləngimələrə səbəb olub. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda akademik Ramiz Mehdiyev Azərbaycanın iqtisadi uğurlarına da nəzər salaraq qeyd edib: "Bu gün biz fəxrlə deyirik ki, Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa çatdıra bilmişdir. Hazırda bu, liberal, müstəqil, davamlı, öz ehtiyatlarına əsaslanan iqtisadiyyatdır. Bu nəticəyə nail olmaq üçün Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin tam şəkildə nümayiş etdirdiyi böyük siyasi iradə, uzaqgörənlik lazım idi".

Ölkəmizin iqtisadi uğurlarını şərtləndirən amillərə toxunan Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin Azərbaycanın milli maraqlarının müdafiəsinə yönəlmiş siyasətinin belə möhtəşəm nailiyyətlər əldə olunmasına gətirib çıxardığını xüsusi olaraq diqqətə çatdırıb və bunları aşağıdakı kimi səciyyələndirib: "İlham Heydər oğlundan soruşanda ki, "mürəkkəb böhran dövründə Azərbaycan siyasətinin uğurunun sirri nədədir?" o, adətən siyasətinin bir neçə istiqamətini qeyd edir. Bu, əlbəttə ki:

- istehlak qiymətlərinin aşağı salınmasının vacibliyi və inflyasiyaya nəzarət;

- milli bankların dəstəklənməsi də daxil olmaqla maliyyə monitorinqi, kreditlərə və faiz dərəcələrinə nəzarət;

- təkcə neft sektoruna deyil, real iqtisadiyyata daimi sərmayə axınının təmin edilməsi;

- sosial öhdəliklərin qətiyyətlə yerinə yetirilməsinə yönəldilmiş siyasət;

- sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi;

- ərzaq təhlükəsizliyi probleminə daimi nəzarət və sairdir.

Bax, belə bir şərhi asan, həyata keçirilməsi çətin mexanizm. Lakin 2009-cu ilin yekunları Prezidentin atdığı addımların səmərəliliyini nümayiş etdirdi".

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin yeni tribunası

 

Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda ən mühüm məqamlardan biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin bir daha diqqətə çatdırılması, Azərbaycanın istənilən yolla ərazi bütövlüyünün bərpa edilməsinə hazır olduğunun vurğulanmasıdır. Bu mənada hesab etmək olar ki, sözügedən forum qeyd edilən münaqişə ilə bağlı Azərbaycan üçün yeni tribuna rolunu oynamaqdadır. Xüsusən də gələn ildən etibarən, bu forumda digər dövlətlərin də nümayəndələrinin iştirak edəcəyi nəzərə alınarsa, onda Azərbaycanın Ermənistana qarşı daha bir mühüm diplomatik hücum cəbhəsi əldə etdiyi aydın olar.

Beynəlxalq hüquq baxımından Azərbaycan və Ermənistanın mövqeyi ümumiyyətlə müqayisə belə oluna bilməz. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözümü üçün aparılan danışıqlarda artıq Azərbaycanın şərtləri diktə edən dövlət olaraq qəbul edilməsi heç kimə sirr deyil və o da məlumdur ki, danışıqlar prosesi məhz ölkəmizin maraqları çərçivəsində gedir. Xarici dövlətlərlə qurulan uğurlu əməkdaşlıq fonunda Azərbaycanın diqqət yetirdiyi başlıca məqamlardan biri də dinc yolla öz ərazi bütövlüyünü beynəlxalq birliyin yardımı ilə bərpa etmək və işğalçı Ermənistanın zəbt etdiyi əraziləri azad etmək üçün dünya miqasında bu dövlətə qarşı təzyiqlərin daha da güclənməsinə nail olmaqdır. Ötən ilin sonunda ATƏT-in xarici işlər nazirləri səviyyəsində Afinada keçirilən iclasında bu münaqişənin məhz ərazi bütövlüyü çərçivəsində həllinə dair sənəd qəbul edilib. Münaqişə dövrü ərzində ilk dəfə Ermənistan bu sənədə qoşularaq etiraf edib ki, problemin həlli yalnız ərazi bütövlüyü çərçivəsində mümkündür. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrdən biri olan və Ermənistana təsir imkanlarına malik Rusiyanın bu məsələnin həllində fəallığını daha da artırması isə Azərbaycanın marağı dairəsindədir. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda çıxışı zamanı akademik Ramiz Mehdiyev bu məsələyə geniş diqqət yetirərək Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə ətraflı məlumat verib.

Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra İrandan və Türkiyədən ermənilərin Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürüldüyünü, 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin buraya köçməsinin 150-ci ildönümünə həsr olunmuş abidənin təntənəli açılış mərasiminin keçirildiyini diqqətə çatdıran akademik Ramiz Mehdiyev xatırladır ki, 1918-ci ilin mayında Cənubi Qafqazda üç müstəqil dövlət - Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları yarananda Ermənistanın ərazisi təxminən 10 min kvadratkilometr olub: "1918-ci il mayın 19-da yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti bəzi dövlətlər arasında razılığa əsasən, İrəvan şəhərini paytaxt kimi Ermənistana verməyə məcbur oldu. Bununla bağlı müvafiq sənədlər vardır. Ermənistan əvvəlcədən bəyan edirdi ki, İrəvan ona verilərsə, bir də heç zaman Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyəcəkdir. Sovet hakimiyyəti illərində Ermənistan ərazisi Azərbaycan ərazisi hesabına daha 19 min kvadratkilometr genişləndi və bu gün artıq 29 min kvadratkilometr təşkil edir".

Bununla yanaşı, akademik bildirir ki, 1988-ci ilin əvvəlində - süni şəkildə yaradılmış bu münaqişənin başlanğıc mərhələsində erməni ekstremistləri Əsgəranda 2 nəfər gənc azərbaycanlını qətlə yetirmiş, bununla da kədərli statistikanın başlanğıcı qoyulmuşdur: "Bu qarşıdurmada 20 min Azərbaycan vətəndaşı həlak olmuş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdürE Bu gün ermənilər təkcə Dağlıq Qarabağı deyil, onun ətrafındakı əhalisi sırf azərbaycanlılar olan yeddi rayonu da guya təhlükəsizlik zolağı yaratmaq məqsədilə işğal etmişlər".

Qeyd olunan faktların Rusiyanın elitasının iştirak etdiyi forumda səsləndirilməsi Dağlıq Qarabağ münaqişəsilə bağlı həqiqətlərin Azərbaycanın sərhədlərindən kənarda da diqqət mərkəzində saxlanılması baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, akademik çıxışında Rusiya və Azərbaycanın dövlət başçılarının rəhbərliyi altında iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini də diqqətə çatdırıb.

O da xüsusi olaraq qeyd edilməlidir ki, sözügedən forum Rusiya-Azərbaycan münasibətlərinin inkişafında həm də yeni bir körpü rolunu oynamaqda, iki ölkə arasında münasibətlərin daha da inkişafına yeni impuls verməkdədir. Bu forum həm də onu göstərdi ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə humanitar əməkdaşlıq mühüm yer tutur. Xatırladaq ki, 2007-ci ildə Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlığa dair üçillik proqram təsdiq edilib. Proqramda mədəniyyət, səhiyyə, gənclər siyasəti və idman sahələrində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İndi isə tanınmış siyasətçilərin, görkəmli mədəniyyət, elm və təhsil xadimlərinin, Azərbaycanın və Rusiyanın aparıcı KİV-lərinin rəhbərlərinin iştirak etdiyi forum iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsinə böyük töhfə verəcək.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 27 yanvar.- S. 3.