Azərbaycan nümayəndə
heyətinin üzvü AŞ PA-da çox mühüm sənəd
yaymışdır
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov indiyədək ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra problemlərlə bağlı 80-dən artıq sənəd hazırlamışdır. Onların böyük əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olmuşdur. Bəzi sənədlər isə ümumavropa məsələlərinə həsr olunmuşdur. Əlamətdar haldır ki, tövsiyə üçün təqdim olunmuş təklif və qətnamələr ətrafında bir sıra məruzələr təyin edilmiş, bəzi məruzələrin müəllifi kimi Rafael Hüseynovun özü çıxış emişdir.
AŞ PA-nın qış sessiyasının ilk iş günündə R.Hüseynov Ümumavropa əhəmiyyətli daha bir sənəd hazırlamışdır. Bu sənəddə Avropa ölkələrinin intellektual baxımdan daha da yaxınlaşmasını nəzərdə tutan maraqlı ideya irəli sürülmüşdür. Təhsil sistemlərinin getdikcə yaxınlaşması onların ortaq dərsliklər və tədris üsullarına yiyələnməsini tələb edir. Sənəddə bu problem geniş şəkildə əksini tapmışdır.
20-dən artıq deputatın imzaladığı bu sənəd Avropa Şurasının katibliyi tərəfindən nəşr edilmişdir. AŞ PA büro iclaslarının birində sənədin növbəti mərhələsi ilə əlaqədar müzakirə keçirəcəkdir.
"Avropa təhsil şəbəkəsində ortaq dərsliklərdən istifadənin məqsədəuyğunluğu" adlı sənəddə deyilir: Avropa ölkələri arasında getdikcə artan çoxsahəli əməkdaşlıq bu ölkələrin bir-biri ilə daha artıq yaxınlaşmasını və qarşılıqlı anlaşmanın dərinləşməsini təmin etməklə bütöv Avropanın formalaşmasına aparan yolu da qısaldır. XX əsrin əvvəllərində biri digərindən qanlı müharibələrlə ayrılan bir sıra Avropa dövlətlərinin bu gün birlikdə ümumi məqsədlər uğrunda mübarizə aparması müştərək Avropa Evinin yaranması üçün ciddi bünövrə sayılmalıdır. Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər mühüm Avropa strukturlarının ardıcıl fəaliyyətləri ümumavropa məkanının təşəkkülü, ümumavropa qanunvericilik sisteminin həmqərar olmasına müsbət töhfələr vermişdir. Lakin həmin proseslərin daha da sürətlənməsi, Avropa xalqlarını ayıran ən müxtəlif sərhədlərin daha da intensiv şəkildə aradan götürülməsini təmin edəcək bir sıra imkanlar vardır ki, onlardan istifadə zəruridir.
Avropa ölkələrinin təhsil sistemində son illərdə ortaq prinsiplərin tətbiq edilməsində əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Xüsusən, uzun müddət qapalı rejimlər içərisində mövcud olan və yeni müstəqillik əldə etmiş dövlətlərin təhsil sistemində aparılan islahatlar, modernləşmə təmayülləri və Avropa standartlarına uyğunlaşma istiqamətində görülən işlər ümumavropa təhsil məkanında prinsipial fərqlərin tədricən aradan çıxmasına gətirib çıxarır.
Avropa ölkələrində bir sıra əsas fənlər üzrə ortaq dərsliklərin istifadə olunması həm qitənin təhsil sistemində, həm də Avropa xalqlarının bir-birlərini daha yaxşı tanımasına, intellekt və mənəvi keyfiyyətləri baxımından vahidləşməsinə təsirli təkan verə bilər.
Avropa ölkələrinin tarixi, ədəbiyyatı və mədəniyyəti ənənəvi olaraq, qitə dövlətlərinin orta və ali məktəblərində tədris edilir. Lakin bu dərsliklər fərqli konsepsiyalar və yanaşmalar əsasında hazırlandığından bir Avropa ölkəsinin Avropa tarixi və ədəbiyyatı haqqında öz gənc nəslinə verdiyi biliklər başqa Avropa ölkəsininkindən bir çox təfərrüatları ilə seçilir. Avropanın hansısa xalqının tarixindəki ümumavropa inkişafı baxımından maraq kəsb edən səhifələr digər Avropa ölkəsinin öyrəncisinə naməlum qalır, yaxud hansısa Avropa xalqının ədəbiyyat və sənət tarixində misilsiz izləri olan klassikləri digərlərinə tanıdılmır.
İldən-ilə daha qabarıq görünən reallığa çevrilən Avropa məkanı, ortaq Avropa evi ideyası özü tələb edir ki, bu qitənin insanlarının özünü tam mənada avropalı hesab edə bilməsi üçün nabələdlik sindromlarından daha çox təmizlənsin.
Özünü Avropanın övladı saymaq bilikdən başlanır və bu təməl biliyi də ilk növbədə, sabit təhsil sistemi ortaya qoymağa qadirdir.
Müştərək dərsliklərin hazırlanması müxtəlif üsullarla həyata keçirilə bilər. Bunun üçün ayrı-ayrı qitə ölkələrində olan müvafiq dərsliklərin ən yaxşıları seçilərək onlar zəruri fəsillərdə təkmilləşdirilməli, ya da sınaqdan keçmiş uğurlu dərsliklərin təcrübəsi ümumiləşdirilərək tamam yeni dərsliklər hazırlanmalıdır.
Ümumavropa tədris məkanı üçün nəzərdə tutulmuş dərsliklərdə başlıca meyarlardan biri diqqətin Avropa xalqlarını bir-birinə yaxınlaşdıran məqamların əsas fon kimi götürülməsinə yönəldilməsindən ibarət olmalıdır.
Avropa Şurası üzv ölkələr arasında bu istiqamədə ən nüfuzlu əlaqələndirici funksiyasını yerinə yetirmək iqtidarındadır.
İdeyanın gerçəkləşdirilməsi üçün tövsiyələr hazırlanmışdır: Problemi təfərrüatları ilə araşdırmaq və ortaq dərsliklərin konsepsiyalarını müəyyənləşdirmək üçün AŞ PA-nın mədəniyyət, elm və təhsil komissiyasında məruzəçi təyin edilməsi, üzv ölkələrin tanınmış mütəxəssislərinin iştirakı ilə xüsusi kollokviumun keçirilməsi və Nazirlər Komitəsinin səlahiyyətləri çərçivəsində üzv ölkələrlə müvafiq iş aparılması tövsiyələr sırasındadır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.- 2010.- 27 yanvar.- S. 5.