Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi xəritələr aşkarlanmışdır

 

Hazırda ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparan xalqımızın haqq səsini bütün dünyaya çatdırmaq, yalan üzərində qurulan erməni təbliğatını ifşa etmək üçün Azərbaycan barəsində həqiqətləri hər kəsə bəyan etmək çox vacibdir.

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan bildirmişlər ki, tarixi sənədlər məhz Azərbaycan xalqının əzmkar mübarizəsində haqlı olduğunu açıq-aşkar göstərir. Sadəcə, ermənilərin dünya ictimaiyyətinin gözü önünə çəkdiyi qalın yalan pərdəsini yarmaq üçün hər birimiz həqiqətləri üzə çıxarmaq işində əlimizdən gələni əsirgəməməliyik.

Bu sahədə Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyevanın ötən ay Misirin Dar-ül-Kütub kitabxanasından əldə edərək gətirdiyi xəritələr böyük əhəmiyyətə malikdir. Həmin kitabxananın kartoqrafiya şöbəsində 15 mindən artıq müxtəlif tarixi xəritə saxlanılır. Misirə qısa səfəri dövründə Gövhər Baxşəliyeva bu xəritələrin yalnız bir qismi ilə tanış olmaq imkanı əldə etmişdir. Lakin elə bu xəritələr arasından o, Azərbaycan üçün çox dəyərli olan 5 xəritəni üzə çıxararaq həmin xəritələrin surətini götürmüşdür.

Avropa və Asiya ölkələrində ötən əsrlərdə nəşr edilmiş və tarixin müxtəlif dövrlərini əhatə edən bu xəritələrlə tanış olarkən Azərbaycanın ərazi bütövlüyünün, Ermənistanın isə indiki ərazisindən çox-çox uzaqlarda, cənubda olmasının Qərb alimlərinə, xəritəşünaslarına açıq-aydın bəlli olduğu təsdiqlənir. Bütün bunlar mənfur qonşularımızın son dövrlərdəki yalançı təbliğatının ifşa edilməsinə yeni bir əsas verir.

Gövhər Baxşəliyeva həmin xəritələrin surətini Bakıya gətirmiş və onları dərindən araşdırmışdır. G.Baxşəliyevanın bu araşdırmalarının nəticəsi ilk növbədə Azərbaycan oxucusuna, daha sonra isə bütün dünya ictimaiyyətinə çatdırılacaqdır.

Bu xəritələrdən birincisi (şəkil 1a, şəkil 1b) ötən əsrin əvvəllərində Parisin Sent Denis Bulvarı 18-20 ünvanında A.Tarid tərəfindən nəşr edilmişdir. Dəmir yolları və naviqasiya xətlərini göstərmək üçün tərtib olunan bu xəritə Avropa və Asiya ölkələrini əhatə edir. Bu xəritədə Xəzər dənizinin qərb sahillərində təsvir edilən və Azərbaycan kimi təqdim edilən dövlətin ərazisi Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) ərazisi ilə uyğun, hətta nisbətən geniş verilmişdir.

Azərbaycan Milli Ensiklopediyasında təqdim edilən müvafiq xətirədə (səh. 290) mübahisəli ərazi kimi qeyd edilən yerlər də A.Taridin xəritəsində Azərbaycan ərazisi kimi verilmişdir. Dağlıq Qarabağın, o cümlədən Şuşanın tarixi Azərbaycan ərazisi olduğunu təsdiqləyən bu xəritədə ölkəmizin ərazisinə indiki dövlətimizin ərazisindən əlavə şimaldan Dərbənd, Qasımkənd və daha yuxarı olan yerlər verilir. Qərbdən sərhəd Göyçə gölündən keçir. Müasir Ermənistanın Mehri, Qafan, Gorus, Sisyan, Vardenis, Krasnoselsk rayonları, Berd rayonunun yarıdan çoxu və s. Azərbaycan ərazisi kimi göstərilir. Bu xəritənin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən tarixi coğrafiyasının öyrənilməsində mühüm əhəmiyyəti vardır.

Digər bir xəritədə Gülüstan, Türkmənçay müqavilələrindən sonrakı İran ərazisi əks olunmuşdur. Fars dilində tərtib olunan bu xəritədə Azərbaycan toponimi Araz çayının sahillərindən ta İraqın sərhədlərinə kimi uzanan ərazi üzərində yazılmışdır. Burada Azərbaycan ərazisində Əhər, Mərənd, Savalan dağı, Urmiya gölü, Marağa, Mahabad, Maku, Xoy, Ərdəbil, Miyanə, Təbriz və digər şəhərlər göstərilir.

Xəritələrdən üçüncüsü (şəkil 3a, şəkil 3b, şəkil 3c) 1785-ci ildə İtaliyanın Venesiya şəhərində tərtib olunmuşdur. Böyük makedoniyalı İsgəndərin imperiyası adlanan bu xəritə Avropa, Afrika və Asiyanı əhatə edir. Xəritə Antonio Zatta və onun oğlanları tərəfindən italyan dilində tərtib edilmişdir. Burada Xəzər dənizinin qərb sahilində Albaniya ərazisi göstərilir. Ərazinin cənubunda Araz çayı qeyd edilir. Xəritəyə diqqət yetirdikdə dövlət deyil, sadəcə, coğrafi ərazi kimi böyük və kiçik Ermənistanın Araz çayından xeyli cənubda Assuriya və Mesopatamiya ilə qonşuluqda verildiyini görmək olar.

Növbəti iki xəritə Niderlandın Amsterdam şəhərində tərtib olunmuşdur və Osmanlı imperiyasını əhatə edir. Rəssam Yudukus Hundius tərəfindən tərtib edilən bir xəritə Sultan III Məhmətin dövrünə (1595-1603) aiddir. Digər xəritə isə 1775-ci ildə rəssam Fridrix dö Vid tərəfindən tərtib edilərək çap olunmuşdur. Bu xəritələrdə də erməni ərazilərinin indikindən xeyli cənubda olaraq, müasir Ermənistan dövlətinin ərazisinə heç bir aidiyyətinin olmaması aşkar görünür. Fridrix dö Vidin xəritəsində Azərbaycan ərazisində Şirvan toponimi qeyd edilir.

Göründüyü kimi, bütün bu xəritələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməklə, erməni uydurmalarını ifşa etməklə yanaşı, bunun Qərbdə və Şərqdə ötən əsrlərdə xəritəşünas alimlər tərəfindən şəksiz qəbul edildiyini tam olaraq sübuta yetirir, tarixi Ermənistan ərazilərinin isə nəinki Dağlıq Qarabağa, heç indiki Ermənistan dövlətinin özünə də aidiyyəti olmadığını göstərir.

İstər Dar-ül-Kütubda, istərsə də dünyanın digər mötəbər mənbələrində bu həqiqətləri bir daha təsdiqləyə biləcək daha onlarla sənədlər əldə etmək mümkündür. Bütün bunları aşkarlamaq Azərbaycan elminin, dünya ictimaiyyətinə çatdırmaq isə hər bir azərbaycanlının borcudur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 yanvar.- S.6.