Ömür də silsilə dağlara bənzər

 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi bizim çoxumuz üçün ən doğma, müqəddəs məkan, arzularımızın ünvanı sayılır. İndi mətbuatda çalışan peşəkar jurnalistlərin əksəriyyəti məhz bu fakültənin məzunlarıdır. Harada işləməyimizdən, hansı vəzifəni tutmağımızdan, yaşımızdan, eləcə də sosial durumumuzdan asılı olmayaraq bu fakültənin adı çəkiləndə varlığımıza xoş hisslər yayılır, üz-gözümüzə təbəssüm qonur. Çünki bu fakültə jurnalist kimi yetişməyimizdə, formalaşmağımızda və nəhayət mətbuat aləminə peşəkar kimi qədəm qoymağımızda mühüm rol oynayıb.

 

Biz nəslin yaddaşında dəyərli müəllimlərimizin adları qalmaqdadır. Həmişə onları ehtiramla xatırlayırıq. Dünyasını dəyişənlərin ruhuna dualar oxuyur, fəaliyyət göstərənlərə də İlahidən uzun ömür diləyirik. Ötən il Bakı Dövlət Universitetinin 90 illik möhtəşəm yubileyi keçirildi. Bu işıqdan jurnalistika fakültəsinə də nur çiləndi. Qocaman müəllim, mətbuat tarixçisi, görkəmli tədqiqatçı, alim, professor Şirməmməd Hüseynovun 85 illiyi hamımızın sevincinə səbəb oldu. Uzun illər fakültədə cəfakeşlik göstərən Akif Rüstəmovun və nəhayət fakültənin dekanı, professor Yalçın Əlizadənin bu günlərdə qeyd olunan 70 illik doğum günləri... Tanrıdan möhürlənən bu yubileylərin həmrəyliyi çox mənalardan xəbər verir.

Nurəddin Babayevdən başlamış Şirməmməd Hüseynov, Famil Mehdi, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Akif Rüstəmov kimi müəllimlərin dekanlıq etdiyi jurnalistika fakültəsində indi bu vəzifəni Yalçın Əlizadə aparır.

Ömür də silsilə dağlara bənzəyir. Hər il bu silsilədən biri fəth edilir. Biləndə ki, Yalçın Əlizadənin ömür silsiləsində artıq 70-ci zirvəsi ötməkdədir, əvvəlcə bu dolğun rəqəmin yaratdığı heyrətə inanmadıq. Elə bil dünən idi. Biz o fakültədə təhsil alırdıq. Yuxarıda adlarını çəkdiyimiz müəllimlərimiz necə cavan idilər. Xüsusilə də Yalçın Əlizadə qarasaçlı, ucaboylu, amma olduqca ciddi və mehriban gənc müəllimlərimizdən idi. Bəzən tələbələrindən də seçilmirdi. Ömürdü, bir göz qırpımında ötüb keçir. İndi saçları seyrəlmiş, qarlı zirvələri xatırladan Yalçın Əlizadə ömrünün 71-ci silsiləsi görünməkdədir.

O, 17 yaşından jurnalistika fakültəsinə bağlıdır. Düz 53 ildir ki, eyni bir yolun yolçusudur. Düz 53 ildir ki, o, eyni bir ünvanın qapısını açır. Bioqrafiyasından çəkilən ləçəklərin hər birindən Yalçın Əlizadə ömrünün məziyyətləri süzülür. 1940-cı ilin yanvarında Gəncədə anadan olub. 1957-ci ildə Bakıdakı 132 nömrəli orta məktəbi bitirib. Sənədlərini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə verib. Elə o gündən də Yalçın Əlizadə ömrünün əbədi sevgisini qazanmış bir ünvanın tarixinə adı yazılıb. 1962-ci ildə ali məktəbi bitirdikdən sonra həm Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, həm də fakültədən uzaq düşməyib. Sonralar müəllimi Şirməmməd Hüseynovun dəvəti ilə fakültədə müəllimlik fəaliyyətinə başlayıb. "Azərbaycanda radio-jurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək bu sahənin ən yaxşı tədqiqatçılarından sayılıb, həmçinin radio-jurnalistikanın nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən biridir. Yalçın Əlizadə televiziya və radio-jurnalistikanın aktual problemlərinə dair yüzə yaxın elmi məqalənin, iki dərsliyin, üç sənədli publisist kitabın müəllifidir.

Tarixən jurnalistika fakültəsinin professor-müəllim heyəti aydın məramı, saflığı və təmizliyi ilə seçilib. Hətta müəyyən ali məktəblərdə, ayrı-ayrı fakültələrdə hansısa bir neqativ hala təsadüf edilsə də, bu faktdır və hamının böyük ürəklə etirafıdır ki, jurnalistika fakültəsi bütün zamanlarda ən ağır sınaqlardan üzü ağ çıxıb. Sanki bütün qabiliyyətli, sənətinə, işinə vicdanla yanaşan, tələbələrə həqiqi mənada insanlıq münasibəti göstərən sayseçmə müəllimləri məhz bu fakültəyə toplayıblar. Burada çalışan hər bir müəllim haqqında hamımız ürəkdolusu danışır, onların boynumuzdakı haqqlarını dilə gətirməkdən, söyləməkdən qürur duyuruq.

Yalçın Əlizadə ləyaqətli ömür sahibi olmaqla bərabər öz müəllimlərinin ümidlərini, həmkarlarının, eləcə də tələbələrinin inamlarını doğrultmuş alim, müəllim, əsl ziyalı və bacarıqlı dekandır. Fakültənin bütün əməkdaşları və tələbələr çox gözəl bilirlər ki, Yalçın müəllim nə qədər sərt, işinə ciddi münasibət bəsləyən, nöqsanları bağışlamayan dekandırsa eyni şəkildə ölçüyə gələ biləcək dərəcədə həm əməkdaşlara, həm də tələbələrə qayğı ilə yanaşan, ən çətin anlarda onları qoruyan, müdafiə edən böyük ürəkli insandır. Bu fakültədə kimi dindirsən, istər müəllim olsun, istərsə tələbə, fərq etməz hamısı böyük hörmət və səmimiyyətlə Yalçın müəllim haqqında xoş sözlər danışar.

Yalçın Əlizadənin fakültəyə dekanlıq etdiyi bu uzun illər ərzində özünü təşəbbüskar, yenilik sevən bir rəhbər kimi təsdiq edə bildi. Məhz onun qayğısı və diqqəti sayəsində fakültəyə yeni kadrlar - gənclər gəldi. Yalçın Əlizadənin dekan kimi tələbi budur: bütün müəllimlər özünəməxsus tərzdə dərs keçməli, onların hər biri tədqiqatla ciddi məşğul olmalı, elmi və pedaqoji fəaliyyətlərini vəhdət şəklində inkişaf etdirməlidirlər. Jurnalistika fakültəsinin spesifik xüsusiyyətinin mütləq nəzərə alınması bütün müəllimlərə tövsiyə edilib.

Bu, hər müəllimə, xüsusilə də ali məktəbdə çalışan pedaqoqa nəsib olmur ki, onu bütün tələbələri həmişə məhəbbət və rəğbətlə xatırlasınlar. Xoşbəxtlikdən Tanrı bu seçimi jurnalistika fakültəsinə bəxş edib. Yaranışınıdan indiyə kimi bu fakültənin yetirmələri həmişə pərvazlandıqları ünvana müqəddəs bir ocaq kimi baxıblar. Doğrudur, başqa fakültənin müəllimlərindən gələcək jurnalistlərə mühazirə oxuyanlar da var. Ötən əsrin 70-80-ci illərinin məzunları yaxşı xatırlayırlar ki, Əzizə Cəfərzadə, Mir Cəlal, Şamil Qurbanov, Firudin Hüseynov, Tariyel Qasımov və başqaları tələbələrə təkcə tədris etdikləri elmin sirrlərini deyil, həm də insanlıq dərsləri öyrədirdilər. Amma elələri də olurdu ki, nə jurnalistika fakültəsi onları "həzm" edirdi, nə onlar bu mühitə uyğunlaşa bilirdilər, nə də tələbələrin rəğbətini qazanırdılar. Belələrinin adları çəkiləndə, o illər auditoriyalarda dolaşan müxtəlif lətifələr yada düşür. Kütləvi surətdə dil müəlliminin dərsindən yayınaraq filologiya fakültəsində professor Ağamusa Axundovun mühazirəsini dinləməyə gedərdik. Və yaxud da saralmış vərəqlərdən tutuquşu kimi mühazirələr oxuyan ədəbiyyat müəlliminin tənəffüsdə başı qarışanda mühazirə qovluğuna "əl gəzdirərdik". İkinci saatda mütləq bir gülüş qopardı. Çünki müəllim mövzunu qarışdırırdı. Amma xoşbəxtlikdən jurnalistika fakültəsinin müəllimlərinin hamısının dərsinə səngiməz həvəsimiz, məhəbbətimiz olardı. Bu fakültədə çalışanlar sözün həqiqi mənasında bilikli, məlumatlı, əsl elm və söz adamlarıdır. Jurnalistika fakültəsi Şirməmməd Hüseynovdan tutmuş Yalçın Əlizadəyə kimi dekanların sayəsində yaranışından tutduğu düz yolda büdrəmədən inamla addımlayır. Onun yetirmələri arasında ölkənin tanınmış neçə-neçə söz-sənət sahibinin, ictimai xadimin, dövlət məmurunun, alimin, millət vəkilinin adını çəkmək olar. Bir maraqlı cəhət var ki, onların hamısının ürəyində bu fakültəyə böyük məhəbbət və sədaqət hissləri var. Həqiqətən də səmimiyyət böyük mənəvi dəyərdir. Elə bu dəyərin nəticəsidir ki, jurnalistika fakültəsi bizim hamımızın ürəklə ziyarətinə gedəcəyimiz unudulmaz bir ünvandır.

Ötənlərdən söz düşəndə, Yalçın Əlizadə bütöv bir jurnalist nəslini yetişdirən Həsən Şahgəldiyevin, Nəsir İmanquliyevin, Nurəddin Babayevin, Qulu Xəlilovun, Ceyran Əbdürrəhmanovanın, Seyfulla Əliyevin, Əliş N\əbilinin və başqalarının adlarını ehtiramla çəkir. Təqdirəlayiq haldır ki, Yalçın Əlizadə özü də bu elm xadimlərimizin qoyub getdikləri pedaqoji irsi ləyaqətlə davam etdirir. Onun yaratdığı şəffaflıq və səmimi mühitin nəticəsidir ki, jurnalistika fakültəsi təmizliyin simvoludur. Məzunlar hətta məhəbbətlə belə söyləyirlər: "Biz bu gün də jurnalistika fakültəsinin pillələrinə əyilib baş qoymağı özümüzə şərəf bilərik. Çünki yarandığı gündən bu fakültə həmişə düzlüyün, prinsipiallığın meyarı olub". 10 ildir ki, bu ab-havanı Yalçın Əlizadə də məharətlə qoruyub saxlamaqdadır. Çox çayların daşıb-bulandığı bir vaxtda jurnalistika fakültəsinin müqəddəs adının bu dərəcədə qorunub-saxlanılması həqiqətən şərəflidir.

Onun təşəbbüsü ilə fakültədə Jurnalistika Araşdırma Mərkəzi yaradılır. Yalçın Əlizadə fakültə üzrə elmi şuranın sədridir. Eləcə də universitet elmi şurasının üzvüdür. Respublika mətbuatında müntəzəm çıxış edən peşəkar jurnalistdir. Tədqiqatla daim məşğul olan, səmərəli araşdırmalar aparan alimdir. Yalçın Əlizadə bu gün Azərbaycan mətbuatında çalışan, imzası ilə oxucu məhəbbəti qazanan bir çox tanınmış və şöhrətli qələm sahiblərinin müəllimidir.

1989-cu ildə əməkdar jurnalist fəxri adına layiq görülən Yalçın Əlizadə "Qızıl qələm" mükafatı laureatıdır (1966). Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2000-ci ildə "Tərəqqi" medalına layiq görülüb.

Yubileyindən xəbər tutan kimi zəng edərək 70 illiyini təbrik etdik və haqqında yazmaq istədiyimizi bildirdikdə, həmişəki təvazökarlığının bir daha şahidi olduq: "Zəhmət çəkməyin, sizin hər birinizin uğurlu fəaliyyəti mənim üçün hər şeydir". Elə bu sadəliyinə, səmimiyyətinə görə də izinsiz, filansız istəkli müəllimimiz - Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə haqqında minnətdarlıq duyğularını ifadə edən qeydləri qələmə aldıq. Həqiqətən də zəngin mənəviyyata, daxili aləmə, böyük ürəyə, vətəndaşlıq qayəsinə, insanlıq sevgisinə malik olanlar həmişə sevilirlər. Bizim Yalçın müəllim kimi...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 27 yanvar.- S. 7.