Daha bir Koroğlu ekranda

 

"İgid ölər, adı qalar". Bu məşhur el məsəli Azərbaycanın Milli Qəhrəmanı leytenant Koroğlu İsmayıl oğlu Rəhimovun da timsalında öz təsdiqini tapdı. Koroğlunun Qarabağ savaşında hünərlə keçdiyi döyüş yolunun son mənzili şəhidlik zirvəsi oldu.

Gəlimli-gedimli dünyada yalnız müqəddəs əməl sahiblərinin adı qalır. Necə ki, Vətən uğrunda şəhid olmuş Koroğlu Rəhimov da öz döyüş hünərləri ilə şərəfli bir ad qoyub getdi.

"Adım Koroğludur. Mən döyüşmək üçün dünyaya gəlmişəm", - deyən Koroğlu doğrudan da öz hünər qəhrəmanlığı ilə daşıdığı adı layiqincə doğrultdu, bu adı bir daha şərəfləndirdi.

Yenicə ərsəyə gətirilmiş "Koroğlu" sənədli filmi qəhrəmana el hörmətinin, ümumxalq ehtiramının daha bir ifadəsidir. Rejissor Etibar Məmmədovun ssenarisi rejissorluğu ilə çəkilmiş bu film Koroğlu Rəhimovun həyat ömür yolunun, döyüşlərdə göstərdiyi igidliyin ayrı-ayrı məqamlarını əks etdirir.

Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən təqdimetmə mərasimində filmin məziyyətlərindən, gənc nəslin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət kəsb etməsindən, canlarını vətən uğrunda qurban vermiş şəhidlərimizin hünər qəhrəmanlıqlarının daim geniş təbliğ olunması zərurətindən danışdılar.

Filmin təqdimetmə mərasiminə həsr olunmuş tədbiri Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayev açdı. Şairlərdən Oqtay Rza, Mikayıl Muğanlı Koroğlu Rəhimova həsr etdikləri yeni şeirlərini oxudular.

Mərasim iştirakçıları Koroğlu Rəhimova həsr olunmuş filmin nümayişinə böyük maraq həyəcanla tamaşa etdilər.

Tədbirin sonunda Milli Qəhrəman Koroğlu Rəhimovun oğlu Rəşad atasının xatirəsinə göstərilən hörmət və ehtiram üçün mərasim iştirakçılarına, eləcə də filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədova, filmin ərsəyə gəlməsində əməyi olanlara ailələri adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.

 

 

Tofiq Abdullayev

 

Azərbaycan.- 2010.-27 yanvar.- S. 7.