Tarix özü bizim dost olmağımızı istəyir

 

Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumunun iştirakçıları - "Tribuna" qəzetinin baş redaktoru Oleq Kuzin, "Selskaya jizn" qəzetinin baş redaktoru Şamun Kagermanov və "İzvestiya" qəzetinin baş redaktoru Vitali Abramov və başqaları ilə AzərTAc-da görüşümüzün əvvəlində Ş.Kagermanov Bakıya xüsusi olaraq gətirdiyi "Selskaya jizn" qəzetinin 1979-cu il 8 sentyabr tarixli nömrəsini bizə təqdim etdi. Qəzetin birinci səhifəsində Heydər Əliyevə yüksək mükafatın təqdim olunması barədə material dərc edilmişdir. Təbii ki, ilk tanışlıqdan sonra biz qonaqlardan Azərbaycanın onlar üçün nə ilə maraqlı olması, ölkəmiz barədə bildikləri, Azərbaycanda baş verən hadisələrin qəzetlərində necə əksini tapması barədə soruşduq.

 

"Selskaya jizn" qəzetinin baş redaktoru Ş.Kagermanov demişdir:

- Azərbaycan haqqında xəbərlər, xüsusilə kənd təsərrüfatı barədə məlumatlar mənim üçün həmişə maraqlıdır. AzərTAc-ın kənd təsərrüfatı ilə bağlı materiallarını məmnuniyyətlə dərc edirik. Bu səfərimdə çox şeylər öyrəndim, təəssüf ki, vaxtımız azdır, teatrlara, muzeylərə gedə bilmədik... Azərbaycan Prezidentinin mətbuat xidməti ilə danışmışıq, ola bilsin ki, mən Azərbaycanın kənd təsərrüfatı nazirindən müsahibə aldım. Yazda bir daha bura gəlməyi, imkan yaranarsa, Prezidentlə görüşməyi planlaşdırıram. Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyi ilə Bakıda görüşməyimdən məmnunam. Bilirəm ki, Rusiyada, onun bir çox vilayətlərində və rayonlarında xeyli soydaşınız yaşayır. Onların əksəriyyəti əvvəllər sovxozlara və kolxozlara məxsus olmuş təsərrüfatlara uğurla rəhbərlik edir.

Oleq Kuzin Bakıda bir neçə dəfə olmuşdur. Şəhərimizi tanıyır və sevir. Başçılıq etdiyi qəzet də Azərbaycanla sıx əlaqəlidir. Azərbaycan rəhbərləri haqqında iki kitabın müəllifi Viktor Andriyanov da "Tribuna" qəzetinin əməkdaşıdır. Bu kitablardan biri ümummilli lider Heydər Əliyevə həsr olunmuş və "Görkəmli şəxslərin həyatı" seriyasında nəşr edilərək bir neçə dilə tərcümə edilmişdir. Digər kitab isə Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuşdur. Hər iki kitab Azərbaycan yazıçısı, qəzetin daimi müəllifi Hüseynbala Mirələmovun iştirakı ilə ərsəyə gəlmişdir. "Tribuna" qəzetinin əməkdaşları arasında azərbaycanlı Rafael Hüseynov da vardır.

O.Kuzin demişdir:

- Biz artıq 15 ildir ki, "MDB-nin 100 rəhbəri" məcmuəsini dərc edirik. Nəşrlərdə rəhbərlərin ən yaxşılarından söhbət açırıq. Məcmuənin elə bir nömrəsi yoxdur ki, orada azərbaycanlılardan danışılmasın. Bu, publisistikadır. Qəhrəmanlarımızın əksəriyyəti ilə əlaqələrimiz şəxsi dostluq münasibətlərinə çevrilmişdir.

Bakıda məni əziz dost kimi qarşılayırlar. Bu dəfə İçərişəhəri piyada gəzdim. Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası ilə tanış oldum. Azərbaycanın tarixi məni həmişə maraqlandırır. Qədim sikkələr kolleksiyamda Azərbaycan ərazisində zərb edilmiş sikkələrə də rast gəlmək olar. Moskvada çoxlu azərbaycanlı yaşayır. Onlar Rusiya cəmiyyətinə Bakı mentalitetini, mədəniyyətini və qonaqpərvərliyini gətirmişlər. Əlbəttə, Azərbaycanın nə ilə yaşadığı, mövcud problemləri barədə məlumatımız vardır. Prezident İlham Əliyev də bu barədə bizə danışdı. Azərbaycanın, ölkə iqtisadiyyatının inkişaf sürəti bizi sevindirir.

Bu gün şəhəriniz böyük inşaat meydançasına çevrilmişdir. Axırıncı dəfə burada 5 il əvvəl olmuşam və müqayisə edə bilərəm. Tamamilə başqa mənzərədir. Bakıya gələn hər bir qonaq hava limanına aparan yolu qiymətləndirməyə bilməz. Bu, Bakının vizit kartıdır. Mikrorayonda qaçqınların yaşadığı evi gördüm. Çox acı mənzərədir. Prezident İlham Əliyev demişdir ki, Qarabağ problemi həll edilməsə, regionun inkişafından danışmaq mümkün deyildir.

Prezidentin qəbulunda irəli sürülən bu görüşümüzün illik və açıq foruma çevrilməsi təklifini dəstəkləyirəm. Forumda təkcə Azərbaycan və Rusiya nümayəndələri deyil, digər ölkələrin də təmsilçilərinin iştirakı yaxşı olardı. Prezident bu təklifi maraqla qarşıladı. Düşünürəm ki, bundan sonra tez-tez görüşəcəyik.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 yanvar.- S. 3.