Elmdə islahatlara bir addım
Çin atalar
sözüdür: "Min illik yol bir addımla
başlayır!" Həqiqətənmi elmdə
islahatların aparılması üçün bir addım yetərlidir?
Hər bir dövlət
texnoloji proseslərin ləngliyinin nə demək olduğunu
beynəlxalq rəqabət müstəvisində dəqiq təsəvvür
edir. Nəhəyət ki, dövlət rəsmiləri səviyyəsində
Azərbaycanda da bu narahatçılıq ortaya qoyuldu.
Xüsusilə də, qısır və müasir tələblərə
dəxli olmayan elmi tədqiqatların sadəcə, titul
qazanmaqla nəticələnən gedişinə etiraz səslərinin
ucaldılması mövzunun sağlam və səviyyəli
müzakirəsi üçün daha münbit şərait
yaratdı. Bizim mövzuya dair mövqeyimizin də bir
müxalif siyasətçinin təhlil və tənqidi
baxışı kimi deyil, elmimizin gələcəyi ilə
bağlı vətəndaş təəssübkeşliyi kimi
dəyərləndirilməsini təmənna edərdik.
XXI əsr başlayandan
"Beyin gücü" kapitalı ifadəsini tez-tez işlətməli
oluruq. "Bilgi çağı" adlanan Yeni Zamanın rəqabətə
davamlılıq indikatoru kimi informasiya və yeni biliklər əsasında
fəaliyyət göstərən texnologiyalar əsas
götürülür. Azərbaycanda da son illərdə elm və
texnologiyaya aid sahələrin iqtisadiyyatda çəkisinin
artması ideyası dəstəklənməkdədir. Təsadüfi
deyil ki, bu gün "Neft və qaz gəlirlərinin idarə
olunması üzrə uzunmüddətli Strategiya"da insan
kapitalının inkişafının stimullaşdırılması
əsas hədəf olaraq önə çəkilir. Bu fikrin təsdiqi
üçün elmin inkişafı və iqtisadiyyatın
texnoloji bazasının səviyyəsinin yüksəldilməsini
özündə ehtiva edən sənədlərin qısa
siyahısına diqqət yetirmək kifayət edər: Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiya; Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı; Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı; Ümumtəhsil məktəblərinin
informasiya-kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı (2005-2007-ci illər); 2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı; Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyalarının inkişafı üzrə
2005-2008-ci illər üçün Dövlət Proqramı;
Azərbaycan Respublikasında alternativ və bərpa olunan
enerji mənbələrindən istifadə olunması üzrə
Dövlət Proqramı; Azərbaycan Respublikasının
inkişafı naminə informasiya və kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)
və s.
Azərbaycan Respublikası
Prezidentinin 21 oktyabr 2009-cu il sərəncamı ilə Prezident
yanında Elmin İnkişafı Fondunun yaradılması
ölkədə elmin inkişafı istiqamətində
atılmış olduqca əhəmiyyətli bir
addımdır. Həmin fondun yaradılmasının məqsədi
"Azərbaycan Respublikasında fundamental elmi tədqiqatların
stimullaşdırılması, ölkəmizin təbii
resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin
gücləndirilməsi, elmin müxtəlif sahələrində
aparılan araşdırmaların səmərəliliyinin
artırılması və dünya elmi məkanında Azərbaycan
elminin layiqincə təmsil olunmasının təmin edilməsi"
kimi ifadə edilmişdir. Bunlar bütövlükdə elmi tədqiqatlar
və onların səmərəliliyinin
artırılmasına yönələn mütərəqqi
niyyətləri ortaya qoyur.
Bununla belə, elmə
ayrılan xərclərin UDM-ə nisbəti və dövlət
büdcəsində elm xərclərinin payının azalan
tendensiya üzrə getməsi elmi tədqiqatların səmərəsizliyinə
dövlətin reaksiyası kimi də başa düşülməlidir.
Aydındır ki, elmi fəaliyyətin
bütün istiqamətləri üzrə bu xərclərin
başlıca mənbəyi, eləcə də bu xərclərin
başlıca istifadəçisi kimi dövlət sektoru
çıxış edir. Belə ki, elmə ayrılan xərclərin
80-90%-dən çox hissəsi birbaşa və dolayı şəkildə
dövlət büdcəsi hesabına formalaşır. Özəl
sektorun payı isə cüzi olaraq qalır. Həmçinin
elmə ayrılan xərclərdən istifadənin də
60-70% dövlət sektorunun payına düşür.
Elm xərclərinin mənbəyinin
və istifadəsinin əsasən dövlət sektorunun
payına düşməsi elm-istehsal inteqrasiyasının
aşağı səviyyədə olmasını, həmçinin
istehsal sahələrinin əksəriyyətində texnoloji
inkişafın yüksəldilməsi üçün
müvafiq tədbirlərin yetərli olmadığını
göstərir. Bu, eyni zamanda, dünyanın inkişaf
etmiş dövlətlərində olan tendensiyaların əksinə
bir tablo ortaya qoyur. Problemin izahına ilk olaraq bu məsələdən
başlamaq vacibdir. Gerçək budur ki, müasir elm hər
şeydən öncə, sifarişdən asılıdır.
Elm cəmiyyətin və dövlətin qarşısında
duran zəruri problemlərin tədqiqi və
açılışı üçün intellektual və
texniki hazırlığa sahib, vəsaitlərlə təmin
edilmiş seçkin insanların mərhələlər
üzrə nəticəyə dayanan fəaliyyətidir. Bu
insan harada yetişəcək? Təhsil sisteminin mərhələləri
içində. Bu vəsaitlər harada toplanacaq? Elm
ocağı deyilən binaların içində. Bu
binaların içində elm mühiti varmı? Müstəqil
Azərbaycan elmi deyilən anlayış nə dərəcədə
doğrudur? Axı, biz Sovet elm məkanının tərkib
hissəsi olmuşuq. Buradan hansı mirasla
çıxmışıq və başqalarından əlahiddə
fərqimiz nə olmuş? Elm mühiti necə, yarada
bilmişikmi? Elm və cəmiyyət əlaqələrinin
mahiyyətini doğru izah etmişikmi?
Bütün cəmiyyətlərdə
elmə skeptik yanaşmalar mövcuddur. İngiltərədə
keçirilən bir sorğunun nəticələri
maraqlıdır: ictimaiyyətin əsas hissəsi hesab edir ki,
elmin inkişafı biznes üçün daha əlverişlidir.
Başqa sözlə, elmin gəlir gətirmə imkanları
daha böyük maraq kəsb edir. Bunu bir neçə aspektdən
izah etmək olar. Birincisi, elm, iqtisadi dəyər və
praktikada tətbiqinə görə daxili mahiyyətə
malikdir. İstər təbiət, istərsə də humanitar
sahələrdə aparılan tədqiqatlar bilik kütləsini
artırır, sivilizasiyanın səviyyəsini yüksəldir.
Elmin daxili dəyəri təhsil funksiyası - toplanmış
biliklərin nəsillərə ötürülməsi, biliklərin
yenilənməsi və vaxtaşırı qiymətləndirilməsi
ilə sıx bağlıdır. Qeyd etmək lazımdır
ki, təhsil funksiyası daha geniş ölçülərə
malikdir. Buna görə də geniş kütlələrin
maariflənməsi və təhsil alması cəmiyyətin
demokratik əsaslarının möhkəmlənməsi və
inkişafı nöqteyi-nəzərindən əsas alətdir.
Cəmiyyətin sıravi üzvü üçün elmin əlçatan
olması onun açıqlığı və demokratikliyinə
dəlalət edir.
İkinci yeri elmin
uğurları, yeni biliklər yaratması - innovasiya mahiyyəti
tutur. Fundamental və humanitar elm sahələrindəki varislik
və tamamlama prinsipi elm sahələrini müasir inkişaf səviyyəsinə
gətirib çıxarıb. Maraqlı bir bənzətmə
var: sənaye cəmiyyətində elektrik mühərriki
hansı rolu oynayırdısa, müasir cəmiyyətdə də
internet oxşar rolu oynayır.
Elmin ən mühüm
funksiyalarından biri siyasətdə əsaslandırılmiş
qərarların qəbul edilməsinə yardım göstərməkdir.
BMT-nin proqnozlarına görə, 50 ildən sonra planetimizin əhalisi
9 milyarda çatacaq. Bu qədər insanın təbii
resursları çox istismar etməməklə zəruri tələbatlarını
necə ödəmək mümkündür? Elmsiz bu mürəkkəb
məsələni həll etmək qeyri-mümkündür.
Ona görə də zənginliyi dünyada ömrünü
başa vurmuş sənaye sahələri (neft və mədənçilik)
üzrə kiçik tədqiqat uğurları istisna olmaqla
hansısa sahədə əlahiddə
uğurlarımızı saymaq mümkün deyil.
Çünki sənaye sahələri dünyadakı iqtisadi
rasionallığı inkar edən bir məkandır. Əhali potensialı
bizə yaxın, xam maddə resursları məhdud olan
İordaniya nümunəsinə diqqət etsək, görərik
ki, bu dövlət bilgi sənayesində böyük
investisiyalara imza atmaqla 50 mindən artıq insanı bu sahədə
məşğulluğa cəlb etməyi bacardı. Bir
vaxtların geridə qalan Hindistanı proqramlaşdırma və
biotexnologiyaya qoyduğu investisiyalara görə dünyada
hesablaşılan ölkəyə çevrilib.
Hazırda Avropa
İttifaqı ölkələri fizika və kimya üzrə
dünya elmi məhsulunun 50 faizini, biotibbi tədqiqatlarda, klinik
tibdə, riyaziyyatda, Yer və Kosmos haqqında elmdə
dünyadakı məhsulun 40 faizini yaradır. Avropa alimlərinə
XX əsrin son rübündə dünyanın
inkişafının simvollarına çevrilmiş çoxlu
elmi uğurlar məxsusdur. Belə ki, tibb sahəsində
inqilab sayılan cihaz olan tomoqraf- dünya elminin bütünlükdə
inkişafında yeni mərhələ sayılmaqdadır. Bu
cihaz Böyük Britaniyada 1971-ci ildə
yaradılmışdır. Yeni elmi tədqiqatların ən əsas
fərqliliyi budur ki, artıq elmi axtarışların mərkəzində
insan durur, fizika isə öz yerini biologiyaya buraxmağa
başlayır. Həmin Böyük Britaniya ötən əsrin
sonlarının daha ciddi nailiyyətinin sahibidir - artıq
kiçik canlıların klonlaşdırılmasının
uğurlu sınağını keçirmişdir.
Bu nümunələrin
ardından Azərbaycan elm mühitinə dönüş xeyli
problemlidir. Son illərin hansısa elm sahəsində
dünyanın marağını cəlb edəcək yenilik
olmamışdır. Fəlsəfə, tarix, riyaziyyat, fizika,
zoologiya, astronomiya, ədəbiyyat, sosiologiya, hüquq, tibb və
hamısı bir yerdə istisna nümunə ortaya qoymaq
mümkün deyil. Lokal Azərbaycan mühitindən kənarda,
qalıcı tədqiqatları olan alim adı dilə gətirmək
çox çətindir. Bunlar bizim ayıbımız deyil,
sadəcə, elm ocağı deyilən mühitin zəifliyi
ilə əlaqədardır. Eyni zamanda, qarşıda duran daha
ciddi problemlərdən biri də elmin
populyarlaşdırılması ilə bağlıdır. Bu iş
o səviyyədə aparılmalıdır ki, hətta az
yaşlı məktəblilərin də elmə həvəsi
yaransın.
Əlbəttə, nümunə
olaraq bu gün keçmiş SSRİ-nin varisliyini
götürmüş Rusiyanın müasir dünya elminə
töhfəsinə diqqət yetirmək kifayətdir ki, Azərbaycanda
bu sahədə geriliyə bəraət qazandırmaq
mümkün olsun. XX əsrin son rübündən
başlayaraq Avropa elmi həm Şimali Amerika və Yapon elmi ilə,
həm də "Asiya qaplanları", Hindistan və
Çinin tədqiqat təcrübələri ilə
yarış içindədir. Bu rəqabətin nəticələri
təkcə kəmiyyət parametrləri ilə
ölçülməməkdədir. Hələ 2000-ci ilin
göstəricilərinə görə elmi tədqiqatların
38,4% bu gün Şimali Amerikada, 35,4% Avropada, 19% Yaponiyada və
Asiyanın "yeni sənaye ölkələrində"
aparılır. Tədqiqatların təqribən 93%-i postsovet
məkandan kənarda olanların payına düşür.
Qalan 7%-in az bir hissəsi Rusiyanın payına
düşürsə, Sovet elminin bu qədər
potensialından bu dövlətin də nə qədər
qabiliyyətsiz istifadə etdiyi göz qabağındadır. Yəni,
Rusiyanın müasir texnoloji mənada rəqabətə
davamlı olmayan bir vəziyyətə düşməsindən
söhbət gedir. Bu o deməkdir ki, Azərbaycandakı tədqiqatların
dünya elminə zərrə qədər töhfəsi
yoxdur. Bunu sadəcə, yeni müstəqillik əldə etməyimiz,
maddi-texniki bazanın zəifliyi ilə izah etmək vəziyyətdən
çıxış yolu deyil. Təməldə birinci və
bir addımın nə olacağını müəyyənləşdirmək
durur: Təhsil islahatının nə dərəcədə
effektivliyi. İllərdir Bolonya prosesinin imitasiyası təhsil
sahəsində islahatlar qatarının çoxdan ötüb
keçdiyini göstərir.
Bizdə elmdə islahat
anlayışı yerinə elmi-tədqiqat mühitinin
yaradılması istiqamətində mövcud akademiya, institut və
universitetlərdə zəruri struktur dəyişikliklərinin
aparılması ifadəsi daha gerçəkçi səslənir.
Bu durumun elmin inkişafına təkan verəcəyini
proqnozlaşdırmaq olarmı? Bunu proqnozlaşdırmaq
çox-çox çətindir. Mümkün görünən
odur ki, bu dəyişikliklər ən azı, xüsusi fitri
istedadlar üçün münbit araşdırma mühiti
yaradılmasına gətirib çıxara bilər.
Bizim üçün əlçatmaz
sayılan ABŞ artıq çoxdan postsənaye və
texnoloji elmlərdə mübahisəsiz dünya lideri olmuşdur;
Qərbi Avropa isə əvvəlki kimi fundamental nəzəri
biliklərin daşıyıcısı olaraq qalır.
Kulturoloji planda avro-amerikan əməkdaşlığı
"elm-yaradıcılıq" və "elm-kütləvi
istehsal"ın qarşılıqlı əlaqəsi kimi
önə çıxır. Görünür, məhz bu
qarşılıqlı əlaqələr başlayan əsrin
əsas elm parametrlərini müəyyən edəcəkdir.
Bu parametrlərin bizim elm mühitində yerləşməsi
necə təsəvvür olunur? Ümumiyyətlə,
müasir anlamda elm yoxdursa, elmdə islahatlar real məzmun
daşıya bilərmi?
Əlbəttə, öz
sosial funksiyalarını yerinə yetirən dövlət elmi
dərəcələrin daşıyıcısı olan məhsuldar
və qeyri-məhsuldar şəxslərə müavinət
formasında bir şeylər düşünə bilər.
Ancaq etiraf edək ki, hansısa tələsik struktur
islahatları da təhsil təməli zəif olan elmin
çiçəklənəcəyini vəd etmir. Dövlət
vəsaiti hesabına xaricə göndərilən tələbələrin
daha zəngin laboratoriyaları və təhsil pillələrini
yarımçıq qoyaraq dönüşlərinin də bir
səmərəsi görünmür. İndiki şərtlərdə
Milli Elmlər Akademiyasının Çılpaq
strukturlarının Çılpaq universitetlərə
köçürülməsi ziddiyyətləri daha da dərinləşdirəcək.
Bizdə elmi tədqiqatlara vəsait
ayırmaq yerinə, içində yer almağımız real
görünməyən dünyanın, xüsusilə də,
məsafəcə bizə yaxın olan Avropanın elmi tədqiqatlar
məkanı ilə çevik tanışlıq sistemi
qurmalıyıq. Qlobal problemlərin həllinə yönəlik
tədqiqatların çevik tərcüməsi və təbliği
sistemini yaratmalıyıq. Yəni, dünyadakı elmi
inkişafı effektli izləmək, elmlə məşğul
olma imitasiyasından daha faydalıdır. Nyuton
fizikasının dəmir qanunları sayəsində
formalaşan idrak sistemimiz, gələcəyi anlamada çətinlik
çəkməyimizə səbəb olmaqdadır.
Nyutonçu düşüncə bizə transformasiya prosesinin
düzxətli və davamlı olduğunu, gələcəyin
nəzarət altına alına və düzgün
proqnozlaşdırıla biləcəyini öyrətmişdir.
Yeni elm adlandırılan Kvant fizikası və Xaos nəzəriyyəsi
isə bizə transformasiya prosesinin əslində düzxətli
olmadığını, gələcəyin qeyri-müəyyən,
nəzarət altına alınması imkansız və
proqnozlaşdırıla bilməyən olduğunu öyrətməkdədir.
Mütəxəssislərin fikrincə, düzxətli olmayan
transformasiya prosesi və gələcəyin qeyri-müəyyənliyindən
doğan fürsət və imkanlar, inkişaf etməkdə
olan ölkələrə inkişafın, sahib olduqları gənc
fəal insan potensialını yüksək bir təhsil
prosesindən keçirərək və "beyin
gücünü" effektli bir şəkildə təşkilatlandıraraq,
inkişaf etmiş ölkələrin tarixi prosesdə
keçdiyi mərhələləri bir-bir keçməyə
ehtiyac duymadan, bir sıçrama ilə mümkün ola biləcəyi
ümidini verməkdədir.
Danılmaz bir həqiqətdir
ki, inkişaf etmiş ölkələrdə akademik elmin əsas
struktur vahidi və elmi yaradıcılığın beşiyi
kimi "universitet ideyası" çıxış edir.
Hazırda Avropada pedaqoji proses faktik olaraq mənfəətli
deyil. Pulu qazanan elmdir, bunu tədqiqatlar nəticəsinə
görə qazanır, habelə ali təhsil ocaqlarının
nüfuzu bilavasitə elmi nəticələrlə
bağlıdır. Əvvəllər elm ali təhsildən fərqli
olaraq səmərəlilik problemi ilə
qarşı-qarşıya idi, indi isə hətta fundamental tədqiqatlar
bazar məntiqinə daha tez uyğunlaşa bilirlər. Ali məktəblər,
xüsusilə, universitetlər Avropa İttifaqının
Çərçivə proqramının reallaşmasında
aktiv rol alırlar. Bu o demək deyil ki, universitetlərin tədqiqat
potensialı təhsil potensialından daha da effektlidir. Bəllidir
ki, kiçik sənayeləşmiş ölkələrin
öz rəqabət qabiliyyətlərini mühafizə etməsinin
və ya bunu inkişaf etdirməsinin müəyyənləşdiricisi
olan milli innovasiya sistemidir. Belə ki, iqtisadiyyatdakı struktur
dəyişikliklərinin həyata keçirilməsi
üçün əsas bazanı universitetlər, tədqiqat
mərkəzləri, texnoloji infrastruktur və digər elmi və
texnoloji mərkəzlər təşkil edir. Sadəcə, bu
qurumların varlığı da kifayət etmir, qurumlar
arasındaki effektli əlaqələr və müştərək
öyrənmə şəraitinin yaradılması da zəruridir.
İnkişaf etməkdə olan ölkələr arasında
xüsusilə, Braziliya və Cənubi Koreya və kiçik
bir ölkə nümunəsı olaraq Finlandiyanın təcrübələri
incələnirsə, bu söylədiklərimiz daha
yaxşı anlaşıla bilər. Bunun üçün də
beynəlxalq standartlara cavab verən və Bolonya Prosessinin
imitasiyası ilə deyil, mahiyyəti ilə uzlaşan bir
neçə muxtar universitetin mövcudluğuna zərurət
vardır. Sual olunur, universitetlərimiz idarəetmədə nə
qədər müstəqildir? Universitetlərimiz tərəfindən
beynəlxalq standartlara cavab verən neçə elmi jurnal nəşr
edilir? Hər il neçə adamımızın beynəlxalq
nüfuzlu jurnallarda elmi məqaləsi dərc olunur?
Obyektiv meyarlar olaraq Təhsilin
keyfiyyəti, Fakültənin keyfiyyəti, Tədqiqatlar, Elmi
İstinad indeksi (SCİ), İctimai Elmlər İstinad
İndeksi (SSCİ), Sənət və Bəşəri Elmlə
İstinad İndeksi (AHCİ), İnstitutun tutumu nəzərə
alınır. Bu obyektiv meyarlara görə, haqlı olaraq
çoxsaylı ABŞ, Avropa İttifaqı və Yaponiya
universitetləri liderlik edir. Təsadüfi deyil ki,
"Dünyanın ən yaxşı 500 universiteti"
içində Rusiyadan 2 (Moskva Dövlət Universiteti və
Sankt-Peterburq Dövlət Universiteti) və Türkiyədən
2 (İstanbul və Hacettepe universitetləri), İrlandiya və
Hindistanın hər birindən 1 Universitet var. Hazırda Azərbaycan
universitetlərinin bu meyarlara yaxınlaşması əlçatmaz
görünsə də, ən azı, bəzi elmi
standartların sürətlə yüksəldilməsinə
nail olmaq mümkündür.
Digər tərəfdən,
dövlət tərəfindən latın əlifbası ilə
ədəbiyyatların kütləvi nəşri müsbət
hadisə olmaqla yanaşı, bədii ədəbiyyata aid nəşrlərə
aludəçilik bu sahədə bəzən lazımsız əsərlərin
tarixi irs adı altında kitabxana yığnağını
daha da artırdı. Halbuki dövlətin maliyyə dəstəyi
altında dünya elminin, ədəbiyyatının yeniliklərini
dərhal Azərbaycan dilində cəmiyyətə
qazandırmaq imkanları üzərində
çalışmaq lazım idi. Çoxşaxəli Tərcümə
Mərkəzi sistemi yaradaraq elmi nəşrlərin vacib
nümunələrini dərhal elm ictimaiyyətinə
qazandırmaq təxirəsalınmaz vəzifə kimi
qarşımızda durmalıdır. Təəssüf ki,
humanitar sahədə yazılan tədqiqat işlərinin
daxili coğrafiyadan bir addım uzağa getmədiyi və getməyəcəyi
hamımıza bəlli olduğu halda, tədqiqatlar sahəsində
bütün ağırlıq yenə də bu istiqamətə
yönəldilməkdədir. Yeni və orijinal nümunələri
dünyaya təqdim etmək imkanları demək olar ki, yoxdur.
Fizika, riyaziyyat, biotibbi tədqiqatlar sahəsində də
heç bir innovasiya hadisəsi ilə
rastlaşmayacaqsınız. Üstəlik, "klassik
indikatorlar" sayılan nəşrlərin sayı və sitat
gətirilmə indeksi baxımından da nümunələrimiz
yox səviyyəsindədir.
Digər tərəfdən,
elmlə cəmiyyət arasında əlaqələrin
qurulmasında kütləvi informasiya vasitələrinin rolu
artırılmalıdır. Məsələn, Rusiyada
çıxan məşhur "Nauka i jizn" jurnalı elm
sahələrində çoxçeşidli və əhəmiyyətli
məlumatlar verməklə yanaşı, həm də
insanların elmə marağını artırır.
Inkişaf etmiş ölkələrin əksəriyyətində
elm haqqında çoxsaylı jurnallar nəşr olunur,
televiziya və radio proqramları fəaliyyət göstərir.
Maraqlı bir nümunəyə
diqqət yetirək: Azərbaycan Respublikasının Prezidenti
tərəfindən 2004-2008-ci illərdə Azərbaycan Milli
Ensiklopediyasının nəşr olunması haqda sərəncam
imzalanıb. Sərancamda 1976-1987-ci illərdə çap
olunmuş Azərbaycan Sovet Ensiklopediyası kimi hazır universal
bazanın mövcud olması da müsbət bir hal kimi
vurğulanırdı. Buna baxmayaraq, Rusiya
Ensiklopediyasının ildə 3 cildi çapdan
çıxır, Azərbaycan Ensiklopediyasının
titullardan ibarət tərkibi 6 ildə bir cildin akademik nəşrini
ortaya qoya bilməmişdir. Keyfiyyətli ensiklopediya yaratmaq
üçün də yuxarıda qeyd olunan islahatların
aparılması mühüm əhəmiyyət
daşıyır.
Dünya isə bizim kimi
kiçik çevrədə fırlanmır. Məsələn,
Avropa elminin ölkələrüstü inkişafı
üçün Avropa İttifaqının "Çərçivə
proqramı" qəbul olunub. Üçpilləli
qarşılıqlı əlaqənin əsas prinsipi -
dövlətin fundamental elmlərə şərtsiz dəstəyi;
ayrı-ayrı üzv dövlətləri üçün
bahalı olan layihələrin ittifaq səviyyəsində dəstəklənməsi;
innovasiyanın artımı üçün dövlət və
regionlar arasında elmi-texniki inkişaf proqramının həyata
keçirilməsi olur. Analoji olaraq bizdə də ölkənin
texnoloji inkişaf səviyyəsini xarakterizə edən
müvafiq göstəriciləri əsas götürməklə
daha konkret hədəflərin və ölçüləbilən
göstəricilərin əks olunduğu "Azərbaycan
Respublikası innovasiya potensialının inkişafı
üzrə Dövlət Proqramı"nın
hazırlanması məqsədəuyğun olardı.
Maraqlıdır ki, Avropa
İttifaqı tədqiqatçıların sayına, patentlərin
sayına və yüksək texnologiyaların ixracına
görə ABŞ-dan geri qalır. Bunu anlayaraq Avropa
Komissiyası 2000-ci ilin yanvarında qitədə "bilgiyə
əsaslanan cəmiyyətin" formalaşmasının əsası
kimi Avropa Elm Məkanının yaradılmasını bəyan
etdi. Avropa Parlamenti 18 may 2000-ci il qətnaməsi ilə bu layihəni
dəstəklədi və Avropa Elm Məkanı ideyası
Avropanın elm ictimaiyyəti və iş çevrələri
tərəfindən məmnuniyyətlə qəbul olundu. Qeyd
edək ki, həmin Məkan üçün nəzərdə
tutulan növbəti 6-cı "Çərçivə
proqramı"nın strukturu aşağıdakı ixtisas sahələri
üzrə müstəqil şəkildə
bölünürdü:
- tədqiqat aktivliyi (sənaye
tədqiqatlarının üstünlüyü, milli
proqramların şəbəkə və koordinasiyası);
- tədqiqat və innovasiya
(Avropa İttifaqında texniki innovasiya imkanlarının
genişləndirilməsi);
- tədqiqat infrastrukturu,
habelə iri masştablı elektron şəbəkələr
sahəsində Avropa siyasətinin həyata keçirilməsi;
- elm, texnologiya və
innovasiyalarda insan resursları (mobilliyin təşviq
olunması, qadınların iştirakı, gənclər
üçün cəlbedicilik, üçüncü ölkələrdən
tədqiqatçıların cəlb olunması);
- elm, cəmiyyət və vətəndaş
(Avropada elm, siyasət və cəmiyyətin etik tələbləri
arasında yeni "ictimai müqavilənin" müəyyən
edilməsi);
Diqqət cəlb edən məqam
odur ki, bu Çərçivə Proqramının ardınca
"Avropa tədqiqatları" prioritetlərinə
aşağıdakılar aid olunmaqdadır:
- biologiyada "postgenetik tədqiqatlar"
və ümumdünya meyarlarına uyğun səviyyədə
əsas xəstəliklərin öyrənilməsi;
- nanotexnologiyanın fənlərarası
sahə kimi tədqiqi;
- informasiya cəmiyyəti
sahəsində, xüsusilə, vahid Avropa problemiminə aid sahədə
tədqiqatlar;
- beynəlxalq tədqiqat
sferası kimi aeronavtika və kosmos;
- yüksək qeyri-müəyyənlik
və risklərlə xarakterizə olunan tədqiqatlar;
- Avropanın inkişaf
modelinə kompleks yanaşan tədqiqatlar.
Bununla belə, hazırda
Avropada elmin bir institut kimi perspektivi heç də tam
aydınlığa qovuşmamışdır. Son 40 ildə
elm sahəsində büdcə azalmaları daha çox
müşahidə olunmağa başladı. Bu, əsasən
"soyuq müharibə"nin tamamlanması ilə
başlayan müdafiə elminin ixtisarı ilə əlaqəli
idi. Praktik olaraq idrakın bazarda səmərəliliyə və
tez tələb olunana tabe olunması eyni zamanda baş verdi.
Şərtsiz elmi prioritetlər sistemi faktik olaraq Tibb və
Farmakologiya üzərində ağırlıq qazandı. Sənayecə
inkişaf etmiş ölkələrdə fundamental tədqiqatların
qaneediciliyi barədə tezislər əhəmiyyətini itirməyə
başladı. Elm "hədsiz tətbiqi" olmuş və
texnoloji baxımdan daha çox istehsal prosesinə
yaxınlaşmışdır.
Bəs bu vəziyyət elmdə
nəyi vəd edir? "Həyat haqqında elmin"
bütün spektrləri daha çox inkişaf edir: genetikadan
tibbi problem olan narkoasılılıqdan reabilitasiyaya qədər.
3-cü minilliyin başlanğıcında ümumdünya ənənəsi
biotibbi tədqiqatlarının əhəmiyyətli
artımı, fiziki elmlərdə nəşrlərin
artımı, "köhnə biologiyaya" (klassik bioloji elmlərə)
marağın əhəmiyyətli azalması və kimya,
riyaziyyat və texniki elmlər sahəsində elmi
axtarışların ümumi həcminin azacıq azalması
ilə xarakterizə olunur.
Gəlinən nəticə
budur ki, artıq 3-cü minilliyin başlanğıcına
dünya elminin üç ağırlıq mərkəzi
formalaşmışdır: Şimali Amerika, Avropa və Asiya.
Onlar arasında əməkdaşlıq XXI əsrdə necə
olacaqdır? Biz bu prosesi izləməklə yanaşı,
Amerika, Avropa və Asiya elminə çatmaq imkanlarımız
olmasa da, onların nəzərdə tutduğu istiqamətləri,
qlobal elmi problemlərin siyahısını, Avropa tədqiqatları
prioritetlərini masamızın üzərindən asıb,
israrla öyrənməliyik.
Fazil MUSTAFA,
Böyük Quruluş Partiyasının
başqanı, Milli Məclisin deputatı,
fəlsəfə doktoru
Azərbaycan.- 2010.- 28 yanvar.- S. 6.