"Silahlı münaqişələr
zamanı mədəni dəyərlərin qorunması"
mövzusunda konfrans keçirilmişdir
Yanvarın 27-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə "Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması" mövzusunda konfrans keçirilmişdir.
BQXK-nın Azərbaycandakı nümayəndəliyi üzvlərinin və altı ölkəni təmsil edən beynəlxalq ekspertlərin iştirak etdiyi konfransın məqsədi "Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyasının müddəalarına əməl olunmasının vəziyyəti, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və muzey işçilərinin biliklərinin təkmilləşdirilməsindən ibarətdir.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda mədəniyyət abidələrinin qorunması istiqamətində görülən işlərdən və həyata keçirilən layihələrdən danışmışdır.
Nazir vurğulamışdır ki, bu gün müzakirə edilən mövzu dövlətimiz üçün xüsusi önəm daşıyır. Belə ki, ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 927 kitabxana, 25 muzey, 4 teatr, 85 musiqi məktəbi, 4 rəsm qalereyası və yerli əhəmiyyətli digər mədəniyyət obyektləri məhv edilmişdir. Habelə işğalçılar XI-XIX əsrə aid dünya əhəmiyyətli 40 min qiymətli və nadir muzey eksponatını ölkədən çıxarmışlar. Azərbaycanın əzəli və əbədi ərazisi olan Dağlıq Qarabağda və ətraf rayonlarda 566 tarix və mədəniyyət abidəsi qalmışdır ki, onların da 13-ü dünya əhəmiyyətlidir.
Nazir demişdir ki, Azərbaycanın erməni işğalçıları tərəfindən ələ keçirilmiş ərazilərində yerləşən mədəni və tarixi abidələrin qərəzli şəkildə məhv edilməsi və dağıdılması "Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, eləcə də "Dünya mədəni və təbii irsinin qorunması haqqında" 1972-ci il YUNESKO Konvensiyasına tamamilə ziddir.
Ə.Qarayev təəssüf hissilə qeyd etmişdir ki, biz dünya ictimaiyyətinin diqqətini Azərbaycanın mədəni dəyərlərinə qarşı erməni təcavüzü probleminə yönəltməkdə bir sıra çətinliklərlə qarşılaşırıq. Azərbaycan tərəfi dəfələrlə BMT və Avropa Şurası qarşısında hər iki dövlətin ərazisinə və Dağlıq Qarabağa müxtəlif mütəxəssis qruplarından ibarət faktaraşdırıcı missiyanın göndərilməsi məsələsini qaldırmışdır. Bizə məlum olmayan səbəblərdən hər iki beynəlxalq təşkilat bu işin obyektiv qiymətləndirilməsi və öyrənilməsində çətinlik çəkir. Gördüyünüz kimi, "Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyasına qoşulmuş və hətta işğalçı dövlətin milli-mədəni dəyərlərinə münasibətdə belə Konvensiyanın maddələrinə əməl edən Azərbaycan tərəfi öz mənafelərinin kobud surətdə pozulması faktı ilə üzləşmişdir.
Azərbaycanda mədəni irsin mühafizəsi və təbliğinə münasibətdə dövlətimizin başçısının xüsusi diqqəti və təşəbbüsü nəticəsində son bir neçə ildə mədəniyyət sahəsinə ayrılan büdcə vəsaitlərinin məbləğinin artdığını bildirən Əbülfəs Qarayev demişdir ki, memarlıq abidələrinin kataloqu üzərində iş başa çatdırılmış, Müasir İncəsənət Fondu yaradılmışdır.
Nazir Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmişdir.
Bu konfransın muzey işçilərinin təcrübəsinin artmasına töhfə verəcəyini deyən Ə.Qarayev bildirmişdir ki, mədəni irsin qorunması ilə məşğul olan bütün tərəflərin birgə səyləri nəticəsində biz sülhün bərqərar olunmasına, bütün xalqların mədəniyyətinin çiçəklənməsinə və mədəniyyətlərarası dialoqun qorunmasına nail olacağıq.
BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Tun Vandenhuv başçılıq etdiyi qurumla bağlı ətraflı məlumat vermiş, Azərbaycanda mədəni abidələrin qorunması istiqamətində görülmüş işləri yüksək qiymətləndirmişdir.
Nümayəndəliyin rəhbəri demişdir ki, bu tədbir Azərbaycanda, eləcə də regionda mövcud olan mədəni sərvətlərə hörmətlə yanaşmağa və onların qorunmasına xidmət edəcəkdir. Bu istiqamətdə işimizi bundan sonra da davam etdirəcəyik.
Tədbirdə BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının rəhbəri xanım Paskal Mej Vaqnerin "Rəqabətli prioritetlər: mədəni dəyərlərin qorunması məsələsinin humanitar hüququn gündəliyinə daxil edilməsi" mövzusunda çıxışı dinlənilmişdir.
Müxtəlif mövzulara toxunan natiqlər vurğulamışlar ki, silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunmasını tənzimləyən qaydalar beynəlxalq humanitar hüququn bir hissəsidir. Belə tədbirlər həmin qaydalara riayət olunmasını gücləndirməyin yollarını birgə araşdırmağa imkan yaradacaqdır.
İşini bölmə iclaslarında davam etdirən konfransda mədəni dəyərlərin qorunması məsələsinin humanitar hüququn gündəliyinə daxil edilməsi, silahlı münaqişə zamanı mədəni dəyərlərin mühafizəsinin məqsəd və prinsipləri, mədəni dəyərlərin mühafizəsinə dair hüquqi müddəaların pozulmasının qarşısının alınması, mədəni dəyərlərin mühafizəsinə dair qaydaların implementasiyası və digər məsələlər müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 28 yanvar.- S. 7.