Rusiya-Azərbaycan humanitar əlaqələri
keyfiyyətcə yeni mərhələyə qədəm qoyur
İqtisadi, siyasi və hərbi potensialı ilə beynəlxalq münasibətlər sistemində mühüm yeri olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş Sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri çağdaş geosiyasi gerçəkliklərə nəzərən inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində daim vacib məsələlərdən biri kimi nəzərdən keçirilir. Artıq tarixə çevrilmiş 2009-cu ili Rusiya-Azərbaycan münasibətlərinin intensiv inkişafı baxımından kifayət qədər uğurlu saymaq olar. Dövlət başçısı İlham Əliyevin il ərzində 4 dəfə Rusiyada səfərdə olması, rusiyalı həmkarı ilə geniş və səmimi müzakirələr aparması bunu bir daha təsdiqləyir. Eyni zamanda, ötən il Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycanda işgüzar səfərdə olmuş, iki ölkə arasında enerji sahəsində əməkdaşlığa dair müqavilə imzalanmışdır.
2009-cu il noyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev Ulyanovsk şəhərində Heydər Əliyevin abidəsinin və onun adını daşıyan meydanın açılış mərasimində iştirak etmişlər. Həmin səfərdə ölkə başçısı İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinin hazırkı inkişaf səviyyəsi barədə demişdir: "Ölkələrimiz arasında qarşılıqlı əlaqələr uğurla inkişaf edir. Aramızda çox sıx münasibətlər yaranmışdır, prezidentlər səviyyəsində tez-tez əlaqə saxlayırıq. Biz bu münasibətləri strateji tərəfdaşların, mehriban qonşuların, dostların münasibətləri kimi səciyyələndiririk".
Bu günlərdə Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun keçirilməsi isə ölkələrimiz arasında əsası uğurlu təməl üzərində qoyulmuş humanitar əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə adladığını göstərir. Forumda iştirak etmək üçün Rusiyanın nüfuzlu elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin Bakıya səfəri mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Tədbirin kifayət qədər səmərəli nəticələrlə yadda qalan yekunları isə deməyə əsas verir ki, tarixən qırılmaz tellərlə bir-birinə yaxın olan Rusiya və Azərbaycanın bu sahədə əməkdaşlığının daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkanlar mövcuddur. Prezident İlham Əliyev forum iştirakçılarını qəbul edərkən iki ölkə arasında bütün sahələrdə qarşılıqlı anlaşma olduğunu xüsusi vurğulamış və demişdir: "Təbii ki, Rusiya ilə Azərbaycan münasibətlərinin dərin kökləri vardır. Bizim ikitərəfli münasibətləri indi necə qurmağımız, zənnimcə, bütövlükdə həm regionda, həm də daha geniş mənada nümunə ola bilər. Bizim bu münasibətləri necə qurmağımız onu göstərir ki, siyasi əzm və həqiqi arzu olduqda çox şeyə nail olmaq mümkündür. Münasibətlərimiz çox möhkəmdir, onların gələcəyini öncədən görmək mümkündür, onlar qarşılıqlı maraqlara, ortaq tarixə, ölkələrimizin sülh və təhlükəsizlik şəraitində yaşamaq, əməkdaşlığı möhkəmləndirmək, öz xalqları üçün nemətlər yaratmaq və özlərinin inkişafı ilə qonşu dövlətlərin də inkişafına şərait yaratmaq istəyinə əsaslanır".
Təcrübə göstərir ki, xalqlar arasında mövcud olan tarixi-mədəni əlaqələr diplomatik münasibətlərin səmərəli qurulmasında az əhəmiyyət daşımır və rəsmi Bakı Rusiya ilə əlaqələrin inkişafında bu amili hər zaman nəzərə almağa çalışmışdır. Azərbaycanın sivilizasiyalararası dialoq təşəbbüskarı kimi çıxış etməsi, ölkədə milli azlıqların bütün hüquqlarının yüksək səviyyədə qorunması, yüksək tolerantlıq mühitinin hökm sürməsi Rusiya-Azərbaycan münasibətlərinə müsbət impulslar verir. Ölkəmiz bu gün MDB-də azsaylı respublikalardan biridir ki, burada dövlət büdcəsi hesabına rus dilinin, rusdilli təhsilin inkişafına xüsusi diqqət yetirilir.
Respublikada rus dilinin öyrənilməsi zərurəti ilk növbədə Azərbaycanın tarixən Rusiya ilə yaxın münasibətdə olması ilə şərtlənir. Xalqımız bir sıra tarixi proseslər fonunda rus dili ilə bağlı olmuş, dünya mədəniyyətinə məhz bu dilin köməyi ilə çıxmışdır. XIX-XX əsrlərdə respublikamızın bir çox nüfuzlu ziyalısı, yazıçı və dramaturqu Rusiyada yüksək ali təhsil almışdır. İki əsrdən artıq müddətdə respublikamızda rus dilinin, mədəniyyətinin və maarifinin pozitiv təsirləri duyulmuş, mütərəqqi təhsil ənənələrinin formalaşmasında öz sözünü demişdir. Eyni zamanda, hazırda Rusiyada güclü Azərbaycan diasporu mövcuddur. Qonşu ölkədə yaşayan azərbaycanlılar ictimai-siyasi, sosial-iqtisadi, mədəni, elmi sahələrdə çalışır, dövlətçiliyin möhkəmlənməsinə, ikitərəfli əlaqələrə öz layiqli töhfələrini verirlər. Onlar yaşadıqları ölkənin dilini, mədəniyyətini, tarixini bilmək məcburiyyətindədirlər. Bu incə məqam da Azərbaycanda rus dilinin öz mövqelərini qorumasında mühüm rol oynayır. "Azərbaycanda, demək olar ki, bütün dövlət ali məktəblərində rus dilində tədris var. Yəni, bu ona görə qorunub saxlanılmışdır ki, Azərbaycan dilini bilməyən və ya yaxşı bilməyən insanlar əziyyət çəkməsinlər. Ona görə də hamı üçün eyni şərait yaradılmışdır və bunu qiymətləndirmək lazımdır. Biz bunu qiymətləndiririk, Rusiya bunu qiymətləndirir, odur ki, bu amil dövlətlərarası münasibətlərdə çox vacibdir, insanlar ölkələrimiz arasında baş verən proseslərə çox həssas yanaşırlar", - deyə dövlət başçısı İlham Əliyev vurğulayır.
Bir sıra MDB dövlətlərindən fərqli olaraq, respublikamızda rus dilinin aktuallığını itirmədiyini statistik məlumatlar da təsdiqləyir. Hazırda respublikamızda sırf rus dilini tədris edən 20-yə yaxın məktəb mövcuddur və bu məktəblərdə 6 mindən çox şagird təhsil alır. Eyni zamanda, 40-a yaxın orta ümumtəhsil məktəbinin nəzdində rus dili bölmələri fəaliyyət göstərir və bu məktəblərdə 100 mindən artıq şagird rus dilində təhsil alır. Rus dilini tədris edən əsas elmi mərkəzlər sırasında Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti xüsusilə fərqlənir. Respublikamızın bütün dövlət və özəl ali məktəblərində də rus dili fənni tədris olunur, bu xalqın ədəbiyyatı, mədəniyyəti yaxından öyrənilir. Azərbaycanın ali məktəb sektorunda 16 mindən çox tələbə rus dilində təhsil alır. Ölkə Prezidenti forum iştirakçıları ilə görüşündə xarici dillərin tədrisinə, o cümlədən rus dilinə münasibət bildirərək demişdir: "Azərbaycanda 20 ilə yaxın müstəqillik dövründə rus dili itirilməmişdir. O, mövcuddur və biz çalışırıq, səy göstəririk ki, vətəndaşlarımız mümkün qədər çox xarici dil bilsinlər. Bu, rus məktəblərinə də, ali məktəblərdə təhsilə də, Rusiyanın mədəni həyatına da aiddir".
İki ölkə arasında hələ 1997-ci il iyunun 13-də imzalanmış "Ticarət-iqtisadiyyat, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında" sazişə əsasən, azərbaycanlı gənclər keçmiş SSRİ-nin süqutundan sonra ilk dəfə Moskva şəhərindəki nüfuzlu universitetlərdə təhsil almaq imkanı qazanmışlar. 2002-ci ilin fevral ayında isə hər iki ölkənin təhsil nazirləri arasında imzalanmış əməkdaşlıq protokolu tələbə mübadiləsinin inkişafına yeni təkan vermişdir. "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında" saziş, 2002-ci ildə isə hər iki ölkənin hökumətləri arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq sazişi imzalanmışdır. Həmin sənədlər çərçivəsində Rusiya tərəfi öz ali məktəblərində Azərbaycan vətəndaşlarının dövlət xətti ilə təhsil almaları üçün hər il müəyyən sayda yer ayırır. 2009-2010-cu tədris ilində 237 azərbaycanlı gənc Rusiyanın Azərbaycana ayırdığı təqaüdlər çərçivəsində təhsillərini bu ölkənin ali məktəblərində davam etdirir.
Rusiya Federasiyası son 10 ildə Türkiyədən sonra Azərbaycan vətəndaşlarının istər dövlət, istərsə də qeyri-dövlət xətti ilə ən çox təhsil aldığı ölkədir. Azərbaycanlı tələbələr Moskvanın ən nüfuzlu ali təhsil ocaqlarında - M.V.Lomonosov adına MDU-da, Moskva Maliyyə Akademiyasında, Rusiya Dövlət Tibb Universitetində, D.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində, İ.M.Qubkin adına Dövlət Neft və Qaz Akademiyasında, Moskva Dövlət Cihazqayırma və İnformatika Akademiyasında, G.V.Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasında, İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında, Moskva Tibbi Stomatologiya İnstitutunda, N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində və digər nüfuzlu ali məktəblərdə təhsil alırlar. Son illər Rusiyada təhsil almış 300-ə yaxın tələbəmiz müvafiq ixtisaslara yiyələnərək məzun olmuşdur. Onların bəziləri yüksək təhsil göstəricilərinə görə fərqlənmə diplomu almışdır və ali məktəblərin növbəti pilləsində təhsillərini davam etdirirlər (2 nəfər doktoranturada, 24 nəfər aspiranturada, 5 nəfər isə klinik ordinaturada).
Azərbaycan və Rusiya təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında mövcud sənədlərə əsasən tələbə mübadiləsindən başqa digər mühüm işlər də aparılır. Azərbaycanda fəaliyyət göstərən təlimi rus dilində olan ümumtəhsil məktəblərinin dərsliklərlə təminatına Rusiya tərəfi əsaslı kömək göstərir. Rusiyanın Azərbaycandakı səfirliyi ilə birlikdə 2009-2010-cu dərs ilindən respublikanın 50 məktəbində (Bakı şəhərində 35, rayonlarda 15) rus dilinin intensiv tədrisi layihəsinə başlanması üzrə tədbirlər həyata keçirilir. Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı bazasının möhkəmlənməsi və inkişafında müvafiq ixtisaslar üzrə kadrların hazırlanmasında Rusiya Federasiyasının xüsusi rolu var. Moskvadakı Azərbaycan etno-mədəni komponentli 157 nömrəli orta məktəbin şagirdlərinin yay tətili dövründə Azərbaycanda istirahəti təşkil olunur.
Humanitar sahədə əməkdaşlıq digər mühüm sahələri də əhatə etməklə mədəni inteqrasiyaya zəmin yaradır. 2001-ci il oktyabrın 12-də Bakıda rus poeziyasının dahisi Aleksandr Sergeyeviç Puşkinin və 2002-ci il iyunun 9-da Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidələrinin açılışı ölkələrimiz arasında əməkdaşlığın tamamilə yeni müstəviyə keçməsinin bariz təcəssümü olmuşdur.
2003-cü ilin payız aylarında isə Bakıda Rus Mətbuatının V Ümumdünya Konqresinin möhtəşəm toplantısı keçirilmişdir. Həmin ilin sentyabrında Rusiya Federasiyasının sabiq prezidentinin xanımı, Rus Dilinin İnkişafı Mərkəzi Fondunun prezidenti Lyudmila Putina Azərbaycanda səfərdə olarkən Bakı Slavyan Universitetinə gəlmiş və burada "Rus kitabı" guşəsini açmışdır. 2006-cı ildə müxtəlif siyasi və mədəni tədbirlərin keçirilməsi ilə əlamətdar olan "Rusiyada Azərbaycan ili" xalqlarımızı daha da yaxınlaşdırmış, qarşılıqlı etimadı gücləndirmişdir. 2007-ci ilin sentyabr ayında Bakıda keçirilmiş Beynəlxalq rus kitabı festivalı isə bütövlükdə Azərbaycanda Rusiya elminə və mədəniyyətinə olan yüksək diqqətin təzahürü kimi yadda qalmışdır. "Azərbaycanda Rusiya ili" çərçivəsində təşkil olunmuş beynəlxalq festival, eyni zamanda, tarixən bir-birinə bağlı olmuş iki qonşu dövlət arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini, qarşılıqlı etimad mühitinin daha da möhkəmləndiyini göstərmişdir. Ümumilikdə, belə tədbirlər ölkələrimiz arasında münasibətlərin mövcud durumu və inkişaf perspektivləri ilə bağlı bütün tərəddüdləri tamamilə aradan qaldırmışdır.
İkitərəfli humanitar əlaqələrin geniş miqyas almasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Onun təşəbbüsü ilə hələ 2006-cı il fevralın 1-də Heydər Əliyev Fondunda Rusiyanın Puşkin kitabxanası fondundan kitabların hədiyyə edilməsi tədbiri keçirilmişdir. 2006-cı il iyulun 5-də isə Heydər Əliyev Fondunun kitab nəşri ilə bağlı daha bir layihəsinin təqdimat mərasimi keçirilmiş, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif elm sahələrinə aid Rusiyada nəşr olunmuş 4 mindən artıq kitab respublikamızın 14 ali məktəbinə hədiyyə edilmişdir.
2007-ci ildə Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlığa dair üçillik proqram təsdiq edilmişdir. Proqramda təhsil, elm, mədəniyyət, səhiyyə, gənclər siyasəti və idman sahələrində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 15 yanvar 2008-ci il tarixli sərəncamı ilə Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması və qısa müddətdə fəaliyyətə başlaması da humanitar sahədə əməkdaşlığın yüksək səviyyədə qurulduğunun əyani təsdiqidir.
2009-cu ildə İSESKO tərəfindən "İslam mədəniyyətinin paytaxtı" elan olunmuş Bakı şəhəri həm də sivilizasiyaların dialoqu prosesində yaxından iştirak edir. Bir məqamı da unutmaq olmaz ki, tarixən Bakı ilə Rusiyanın digər iri şəhərlərinin elm, təhsil, mədəniyyət, incəsənət xadimləri arasında sıx əməkdaşlıq əlaqələri mövcud olmuşdur. Forumun rusiyalı qonaqlarını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Bakıda başqa ölkələr üçün də açıq olan bu cür tədbirlərin müntəzəm keçirilməsi yaxşı, konstruktiv ideyadır. Ona görə ki, həqiqətən, mənim fikrimcə, Bakı elə bir yerdir ki, bu cür humanitar əməkdaşlıq tədbirləri burada keçirilməlidir. Çünki Azərbaycan həm tarixən, həm də müstəqil inkişaf etdiyi iyirmi ilə yaxın müddətdə ölkəmizdə yaşayan bütün xalqlar arasında tolerantlıq, dözümlülük və dialoqu əvvəlki səviyyədə qoruyub saxlamışdır. Bu gün ölkəmizin hər bir vətəndaşı dinindən və milliyyətindən asılı olmayaraq Vətənin rifahı naminə çalışır".
Bu münasibətlərin keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi xalqlarımızın daha da yaxınlaşması baxımından son dərəcə vacibdir. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumundakı dərin məzmunlu nitqində ölkələrimiz arasındakı münasibətlərin zəngin tarixi və bugünü ilə bağlı fikirlərini açıqlamış, eyni zamanda, respublikamızdakı sürətli iqtisadi inkişaf prosesləri ilə bağlı rusiyalı qonaqlara məlumat vermişdir. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın sürətlə inkişaf etdiyini diqqətə çatdıran akademik Ramiz Mehdiyev vurğulamışdır ki, bu gün humanitar əməkdaşlığımız bir sıra istiqamətlər üzrə, o cümlədən vahid mədəni məkanın formalaşması üçün uzunmüddətli əməkdaşlıq sahəsində uğurla inkişaf edir. Ölkələrimiz sabitliyə, konstruktivliyə, təkcə yaxın gələcəkdə deyil, həm də ən uzunmüddətli perspektivdə mehriban qonşuluğa meyil göstərirlər. Hazırda mövcud olan böyük normativ-hüquqi baza əsasında qarşılıqlı münasibətlərimiz qurulur və birgə layihələr həyata keçirilir.
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları yanvarın 23-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olmuşlar. MDU-nun Bakı filialının rektoru professor Nərgiz Paşayeva təhsil ocağı haqqında qonaqlara ətraflı məlumat vermiş, universitetdə təhsil almaq istəyən gənclərin çox olduğunu demişdir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov Azərbaycan təhsilinin üstünlüklərindən danışaraq ölkəmizdə həm müəllim heyətinin, həm tələbələrin ali təhsilin məqsədlərinə sadiq olduqlarını bildirmişdir. Qonaq MDU-nun Bakı filialında həm Azərbaycan, həm rus, həm də Qərb mədəniyyətinin sintez şəklində birləşdiyini və bunun təqdirəlayiq hal olduğunu vurğulamışdır.
Həmin gün akademik A.Torkunov Azərbaycan Diplomatik Akademiyasında olmuş, bu təhsil ocağı ilə birgə proqramların reallaşdırılması üçün geniş müzakirələr aparıldığını bildirmişdir: "Bizim professorlar, müəllimlər burada bir neçə dəfə olmuş, aspirantlarımız ADA-nın yay məktəblərinin işində iştirak etmişlər. Lakin bu gün biz mahiyyətcə yeni əməkdaşlıq istiqamətlərinə dair - birgə magistraturaların yaradılması ilə bağlı razılığa gəlmişik... Bir neçə birgə magistr proqramı hazırlamağı planlaşdırırıq. Yəni, təhsil müddəti bitdikdə magistrə iki - həm Moskva İnstitutu, həm də Diplomatik Akademiyanın diplomu veriləcəkdir. Bundan başqa, tədqiqat sahəsində əməkdaşlığa dair razılığa gəlmişik və bu istiqamətdə bir sıra konfranslar keçiriləcəkdir".
Forum çərçivəsində Bakı Dövlət Universitetində təhsil seksiyasının da iclası keçirilmişdir. Qonaqlar bu forumun əhəmiyyətindən danışmış, bunun müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrimizin daha da genişlənməsində mühüm rol oynayacağını əminliklə qeyd etmişlər.
Forum çərçivəsində keçirilən tədbirlərdə çıxış edənlər həmçinin vurğulamışlar ki, ziyalıların, öz ölkələrinin inkişafında marağı olan insanların iştirak etdiyi Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu gələcəyə istiqamətlənmişdir. Əsas məqsəd qarşılıqlı əlaqələri gücləndirmək, birgə səylər əsasında iki ölkənin intellektual baxımdan daha da çiçəklənməsinə nail olmaqdır.
Forumda hər iki ölkənin elm xadimləri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyi də xüsusi vurğulanmışdır. Hazırda ölkəmizdə çoxlu beynəlxalq layihələr həyata keçirilir. Ötən il Azərbaycanda yeniyetmələr arasında kimya, fizika və biologiya üzrə elmi olimpiadalar keçirilmişdir.
Son illərdə Azərbaycanla Rusiya arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyeva da öz töhfəsini verir. Fond Rusiyanın yetim uşaqlar üçün olan internat məktəblərinə yardım göstərir, əlil uşaqlar üçün xeyriyyə aksiyaları keçirir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərindəki 46 nömrəli internat məktəbdə təlim-tərbiyə alan uşaqların və onların müəllimlərinin bir qrupu 2008-ci il avqustun 17-də Azərbaycanda səfərdə olmuşdur. Bu səfər Leyla Əliyevanın Sankt-Peterburq vilayətinin qubernatoru Valentina Matviyenko ilə qarşılıqlı razılığı əsasında baş tutmuşdur. Heydər Əliyev Fondu ongünlük səfər müddətində uşaqların Azərbaycanda səmərəli istirahəti üçün hər cür şərait yaratmaqla yanaşı, yeniyetmələrin mədəni-kütləvi tədbirlərdə iştirakına da xüsusi diqqət yetirmişdir.
Bakıda
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya
Forumu Azərbaycanda qonşu ölkənin elminə və mədəniyyətinə
olan diqqətin təzahürü olmaqla ikitərəfli
münasibətlərin genişlənməsinə xidmət
edir. Belə tədbirlər ölkələrimiz arasında
münasibətlərin mövcud durumu və inkişaf
perspektivləri ilə bağlı bütün tərəddüdləri
tamamilə aradan qaldıraraq hər iki ölkənin strateji
müttəfiqliyə doğru inamla irəlilədiyini göstərir.
Rusiya ilə Azərbaycan yaxın iqtisadi və siyasi tərəfdaşa
çevrilirlər. Bu ölkənin hakim siyasi elitası Azərbaycanda
həyata keçirilən siyasi kursu birmənalı şəkildə
dəstəkləyir və onun davamlı olmasına xüsusi
səy göstərir.
İ.ƏLİYEVA
Azərbaycan.- 2010.- 29 yanvar.- S. 3.