Azərbaycan bizim həyatımızın
bir hissəsidir
Azərbaycan bizim həyatımızın
bir hissəsidir. Humanitar Əməkdaşlıq üzrə
Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları ilə
AzərTAc-da keçirilmiş görüşün leytmotivi məhz
bu sözlər oldu.
Ölkəmizin əsas informasiya
agentliyinin qonaqları arasında Moskva Jurnalistlər
İttifaqının birinci katibi Lyudmila Şerbina,
"İzvestiya" qəzetinin baş redaktoru Vitali Abramov,
"Kommersant" qəzetinin baş redaktoru Azər Mürsəliyev,
MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər
və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə
Federal Agentliyin rəhbərinin müavini Yevgeni Kojokin də
vardı. Səmimi dostluq şəraitində keçən
söhbət zamanı qonaqlar etiraf etdilər ki, onların hər
biri Bakı ilə, Azərbaycanla bu və ya digər şəkildə
bağlıdır.
"Kommersant" qəzetinin
baş redaktoru Azər Mürsəliyev dedi:
- Bu qədər geniş və
nüfuzlu nümayəndə heyətinin tarixi Vətənimə
gəlməsi mənə çox xoşdur. Ən əhəmiyyətlisi
isə odur ki, onlar buraya məmnunluqla, böyük həvəslə
gəlirdilər. Qeyd etməliyəm ki, Bakı ilə Moskvanı,
Azərbaycan ilə Rusiyanı ən azı kütləvi
informasiya vasitələri, mədəniyyət və incəsənət
sahəsində bir-birinə bağlayan cəhətlər
çoxdur. Rusiya nümayəndə heyətinin tərkibində
Bakı üçün doğma və yaxın olan adamlar az
deyildir. Bu forum adətən belə tədbirlərə xas
olan rəsmiyyətçilikdən uzaq oldu, yəni, heç kəs
standart ibarələrlə danışmırdı. Burada hər
şey çox səmimi alındı. Mənə belə gəlir
ki, Bakıya ilk dəfə gələnlər hökmən və
dəfələrlə buraya qayıdacaqlar. Hətta həmkarlarımın
ilk fürsət tapan kimi Bakıya gəlmək barədə
razılaşdıqlarını özüm eşitdim. Məncə
bu, imzalanmış saziş və öhdəliklərdən
daha vacibdir. İnsani münasibətlər həmişə
daha əhəmiyyətli olur, axı hər iş bu cür
münasibətlər üzərində qurulur.
"İzvestiya" qəzetinin
baş redaktoru Vitali Abramov fikirlərini bizimlə
bölüşərək dedi:
- Rusiyada əslən Azərbaycandan
olan jurnalist çoxdur: Azər Mürsəliyev, Elmar
Hüseynov, Rafael Hüseynov və başqaları. Bizim ən
məşhur bakılılar isə Qusman
qardaşlarıdır. Mən əslən Həştərxandanam.
Sovet dövründə Bakıya tez-tez gələrdim. Burada mənim
dostlarım yaşayır. Onlarla görüşmək mənim
üçün maraqlı idi. Bunlar, necə deyərlər,
subyektiv məsələlərdir, obyektiv amillər isə
göz qabağındadır. İş burasındadır ki,
MDB ölkələrindən bir neçəsi ilə bizim
çox səmimi dostluq münasibətlərimiz vardır. Azərbaycan
da həmin ölkələr sırasındadır.
Bizi qəbul edən Azərbaycan
Prezidenti dedi ki, biz qardaş kimi yaşayırıq. Həqiqətən
Moskvada xeyli azərbaycanlı yaşayır, onlar ictimai həyatın
bütün səviyyələrində təmsil olunmuşlar.
Bu mehribanlıq o qədər təbiidir ki, adama elə gəlir
Sovet İttifaqı hələ də mövcuddur. Biz
keçmiş SSRİ-nin başqa bir respublikasına getmiş
olsaydıq, bəlkə də başqa hisslər keçirərdik.
Bundan əlavə, digər keçmiş sovet
respublikalarından fərqli olaraq Azərbaycan ilə Rusiya
arasında çox sıx iqtisadi əlaqələr vardır.
Forumun açılış mərasimi səmimi və
sanballı oldu. Orada dostluq və mehriban qonşuluq haqqında
söhbətlərlə yanaşı, kəskin sözlər
də deyildi. Məsələn, sizin yazıçı Anar
yaxşı çıxış etdi və incikliklər
haqqında danışdı. Bizdə isə heç də elə
təəssürat yaranmadı ki, bu incikliklər əsassızdır.
Bu, qarşılıqlı etimadın əlaməti və
bizim buraya gəlməyimizin səbəblərindən biridir.
MDB İşləri, Xaricdə
Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq
üzrə Federal Agentliyin rəhbərinin müavini Yevgeni
Kojokin ölkəmizdə baş verən mühüm dəyişiklikləri
vurğulayaraq dedi:
- Son illərdə Azərbaycan
iqtisadi baxımdan çox dinamik inkişaf edir və bu,
Bakıda xüsusilə hiss edilir. Bakı
yaxşılığa doğru sürətlə dəyişir,
burada çoxlu postmodernist binalar tikilir və insan
özünü dinamik inkişaf edən varlı şəhərdə
hiss edir. Buraya gəlmək maraqlıdır. Buraya gələndə
başa düşürsən ki, bu şəhər gələcəyə
can atır. Hərçənd, 90-cı illərin əvvəlində
bu şəhərin ensiz küçələri və
çox maraqlı qədim binaları da yadımdadır. Mənim
üçün Azərbaycan həyatımın bir hissəsidir.
Ola bilsin ki, bu sözlər həyatımın ən
işıqlı dövrünə aid deyil, çünki
1990-cı ilin yanvarında Rusiyada demokratik hərəkat
komissiyasının üzvü kimi mən Bakının,
ölkənin üzləşdiyi bu faciənin təfərrüatını
aydınlaşdırmaq üçün buraya gəlmişdim.
Həqiqəti maksimum öyrənmək üçün
hospitalda yaralılarla, Xalq Cəbhəsinin fəalları ilə,
şəhər komendantı ilə də söhbət edirdik.
Bu da mənim həyatımın bir hissəsidir. Bu diyar, bu
insanlar mənim üçün əzizdir. Mən belə
hesab edirəm ki, biz - ruslar və azərbaycanlılar bir
çox problemləri birlikdə həll etməliyik.
Qonaqlar jurnalist peşəsini
istehkamçının işi ilə müqayisə etdilər.
Onlar vurğuladılar ki, burada əsas məsələ təhrikçi
olmamaqdır, hər hansı materialın dərc edilməsinin
effektinə gəldikdə isə, bunu həyat göstərər.
AzərTAc
Azərbaycan.- 2010.- 29 yanvar.- S. 4.