Çjan Yannyan: İnformasiya mübadiləsi
xalqların bir-birini daha yaxşı anlamasına və qarşılıqlı fəaliyyətinə
yol açır
Yanvarın 28-də Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Yannyan Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-da olmuşdur.
Baş direktor Aslan Aslanov qonağa Şərqdə ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 1920-ci ilin martında rəsmi informasiya agentliyinin yaradılmasından, onun keçdiyi 90 illik şərəfli yoldan geniş söhbət açmışdır. O bildirmişdir ki, 1969-cu ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev hakimiyyətə gələnə qədər keçmiş Sovet İttifaqında və dünyada ölkəmizi az tanıyırdılar. Lakin sonralar Azərbaycan elə sürətli inkişaf yoluna qədəm qoydu ki, bunu görməmək mümkün deyildi. Respublikamızın uğurlarından ittifaq mətbuatı yazırdı, SİTA nailiyyətlərimiz barədə informasiyaları bütün dünyaya yayırdı. Baş direktor ümummilli liderin Azərbaycanın dünyada təbliğində, ölkəmizin dünya dövlətləri, o cümlədən Çin Xalq Respublikası ilə münasibətlərinin genişləndirilməsi və dərinləşdirilməsində misilsiz xidmətlərini xüsusi vurğulamışdır.
Ulu öndərin 1993-cü ildə ölkəyə rəhbərliyə qayıdışından sonra keçilən böyük yoldan danışan A.Aslanov bildirmişdir ki, o vaxtdan respublikamızın və agentliyimizin həyatında yeni mərhələ başlanmışdır. O, ümummilli lider Heydər Əliyevin AzərTAc-a göstərdiyi xüsusi diqqət və qayğıdan, agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərdən söhbət açmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin intensiv inkişaf yolu ilə inamla irəlilədiyini deyən agentliyin rəhbəri qeyd etmişdir ki, respublikamızın regionun lider dövlətinə, dünyada ən yüksək sürətlə inkişaf edən iqtisadiyyata malik ölkəyə çevrilməsi, dünya birliyində onun mövqelərinin və nüfuzunun möhkəmlənməsi AzərTAc-ın da beynəlxalq əlaqələrinin genişləndirilməsinə müsbət təsir göstərmişdir.
Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) və onun rəhbər orqanı olan İcraiyyə Komitəsinin, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvü olan AzərTAc Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) və Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) təsisçilərindən biridir. AzərTAc bu beynəlxalq təşkilatlar çərçivəsində, habelə ikitərəfli əsasda dünyanın ən nüfuzlu xəbər agentlikləri, o cümlədən Çinin Milli İnformasiya Agentliyi - Sinxua ilə fəal əməkdaşlıq edir.
Çinin ölkəmizdəki səfiri Çjan Yannyan ətraflı məlumata görə təşəkkürünü bildirmiş və Azərbaycan-Çin münasibətlərinin inkişafından razı qaldığını vurğulamışdır. O, dərin tarixi köklərə malik xalqlarımız arasında əlaqələrin genişləndirilməsində informasiya mübadiləsinin əhəmiyyətini diqqətə çatdırmışdır. Diplomat demişdir ki, xalqlarımız bir-birini yaxından tanıdıqca, dövlətlərimiz də daha səmərəli qarşılıqlı anlaşmaya və əməkdaşlığa nail olurlar. Azərbaycan bəşər tarixinə böyük töhfələr vermiş bir ölkədir. Beynəlxalq ictimaiyyət unutmamalıdır ki, İkinci Dünya müharibəsində məhz Azərbaycanın cəbhənin neftə olan ehtiyaclarının 75 faizini təmin etməsi sayəsində faşizm üzərində qəti qələbə qazanılmışdır.
Çin diplomatı ölkəsinin SSRİ ilə münasibətlərində mürəkkəb bir dövrdə, 1984-cü ildə Moskvaya gəlmiş Çin nümayəndə heyəti ilə o zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyev arasında görüşü xatırlatmışdır. Bu, iki ölkə arasında münasibətlər pozulandan sonra keçirilən ilk görüş idi və məhz dahi liderin müdrikliyi və uzaqgörənliyi sayəsində bu görüş iki dövlət arasında əlaqələrin bərpa edilməsi üçün perspektivlər açmışdı. Çində Azərbaycan xalqının ümummilli liderinin bu xidmətləri heç zaman unudulmayacaqdır.
Çjan Yannyan xüsusi vurğulamışdır ki, Azərbaycan ilə Çin arasında münasibətlərdə heç bir problem yoxdur, hər iki dövlət bir çox sahələrdə faydalı əməkdaşlıq edir. Bizim vəzifəmiz bu əlaqələri dəstəkləmək və fəal inkişaf etdirməkdir. O, AzərTAc ilə Sinxua arasında əlaqələrin daha da genişləndirilməsinə kömək etməyə hazır olduğunu bildirmişdir. Çünki informasiya mübadiləsi xalqlarımızın bir-birini daha yaxşı anlamasına və qarşılıqlı fəaliyyətinə yol açır.
Görüşün sonunda diplomat demişdir: "Mən özümü Çinin ən bəxtəvər səfirlərindən biri hesab edirəm, çünki mənə ölkəmi məhz Azərbaycanda təmsil etmək xoşbəxtliyi nəsib olmuşdur. Azərbaycan məndə dərin təəssürat oyatmışdır. Dünyada maliyyə-iqtisadi böhranın hökm sürdüyü bir vaxtda ölkəniz böyük uğurlar qazanmışdır. Ötən il aprelin 2-də mən öz etimadnaməmi Prezident İlham Əliyevə təqdim etdim. Bu gün mənim üçün və ölkəm üçün böyük əhəmiyyət kəsb edir, çünki məhz 1992-ci il aprelin 2-də dövlətlərimiz arasında diplomatik münasibətlər qurulmuşdur". Ç.Yannyan bildirmişdir ki, ölkəmizdə diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Çin arasında münasibətlərin bundan sonra da inkişafı üçün əlindən gələni edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 29 yanvar.- S. 4.