Londonda Azərbaycanın iştirakı ilə Əfqanıstana dair beynəlxalq konfrans keçirilir

 

Yanvarın 28-də Londonda açılmış Əfqanıstana dair beynəlxalq konfransın əsas mövzusu əfqan barışığı planları olmuşdur.

Tədbirdə BMT-nin baş katibi Pan Gi Mun, Əfqanıstan Prezidenti Həmid Kərzai, Böyük Britaniyanın Baş naziri Qordon Braun, 70-dək ölkənin xarici işlər idarələrinin başçıları iştirak edirlər.

Konfransda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Böyük Britaniyanın Baş naziri Qordon Braun forumun açılışında vurğulamışdır: "Elə bir həlledici məqam gəlib çatmışdır ki, beynəlxalq əməkdaşlıq artıq öz ölkəsini idarə və müdafiə etməkdə əfqan xalqına kömək göstərməyə qadirdir".

Onun sözlərinə görə, təhlükəsizliyə nəzarət səlahiyyətlərini rayonbarayon, əyalətbəəyalət bilavasitə Əfqanıstan Silahlı Qüvvələrinə və əfqan xalqına vermək üçün şərait yaratmaq lazımdır.

Q.Braun xatırlatmışdır ki, 2009-cu il koalisiya qüvvələri üçün son dərəcə ağır keçmişdir. Təkcə Böyük Britaniya ötən bir ildə 100-dən çox adam itirmişdir: "Bu salona toplaşanların hamısı başa düşür ki, Əfqanıstan missiyası ayrı-ayrılıqda götürülmüş hər bir ölkənin milli təhlükəsizliyi, bu mühüm regionun sabitliyi və bütövlükdə dünyamızın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir".

Konfrans Əfqanıstanda vətəndaş və hərbi hakimiyyətin mövqelərini möhkəmləndirməyə, korrupsiyaya qurşanmamış vətəndaş idarəçiliyi yaratmağa, "Taliban" hərəkatının zorakılıqdan əl çəkmiş tərəfdarlarını dinc həyata qaytarmağa və demokratik dövlət quruculuğu prosesinə xidmət etməlidir.

London görüşündə təhlükəsizliyə nəzarət səlahiyyətlərinin beynəlxalq qüvvələr tərəfindən Əfqanıstan hərbi qulluqçularına təhvil verilməsi üçün həmin qüvvələrin hazırlanması cədvəli tərtib olunmalıdır.

Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend bundan əvvəl bildirmişdir ki, konfransın uğur qazanması onun beynəlxalq səylərin əfqan xalqı tərəfindən müəyyən olunmuş prioritetlər üzrə səfərbərliyə alınmasına və əlaqələndirilməsinə dair öz missiyasını yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır.

 

                                                                                            

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 yanvar.- S. 4.