Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq əlaqələri möhkəmlənir

 

Azərbaycan Respublikasının beynəlxalq əlaqələrində Avropa Şurası mühüm yer tutur. Bəşər tarixində insan hüquq və azadlıqlarının təmin olunmasının regional sisteminin əsası məhz bu təşkilat çərçivəsində qoyulmuşdur. İndiyədək Avropa Şurası çərçivəsində 250-dən çox müxtəlif beynəlxalq sənəd qəbul edilmişdir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlətimizin beynəlxalq təşkilatlarla, o cümlədən AŞ ilə əməkdaşlıq siyasətinin əsası qoyulmuşdur. 1996-cı il iyunun 28-də AŞ PA Bürosunda Azərbaycanın "xüsusi qonaq" statusu ilə Avropa Şurasına qəbul edilməsi barədə qərar çıxarıldı. Ölkə başçısı tərəfindən 8 iyul 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər haqqında" sərəncam imzalandı. 1998-ci il yanvarın 20-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında" və 1999-cu il mayın 14-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında" sərəncamlar ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərin artırılmasına və məqsədyönlü fəaliyyətə zəmin yaratdı. AŞ PA-nın 2000-ci il iyunun 28-də keçirilmiş sessiyasında Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi barədə qərar çıxarıldı. 2001-ci il yanvarın 17-də Nazirlər Komitəsinin növbəti iclasında Azərbaycan Respublikasının bu təşkilata tamhüquqlu üzv qəbul olunması rəsmən təsdiq edildi. Ölkəmizin Avropa Şurasına daxil olması münasibətilə 2001-ci il yanvarın 25-də Strasburqda keçirilmiş təntənəli mərasimdə ulu öndər Heydər Əliyev xüsusi vurğulamışdı ki, "Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır".

Əlbəttə, Avropa Şurasına daxil olanadək Azərbaycanda genişmiqyaslı qanunvericilik islahatları keçirilmişdir. 1993-cü ildən ölüm cəzasının tətbiqinə moratorium qoyulmuş, 1998-ci ildə isə həmin cəza növü ləğv edilmişdir. İnsan hüquqları amili ulu öndərin fəaliyyətinin əsası olmuşdur. Bu da bilavasitə ölkə rəhbərinin təşəbbüsü ilə kifayət qədər normativ-hüquqi sənədlərin qəbulu ilə nəticələnmişdir. İlk növbədə, müstəqil Azərbaycanın Konstitusiyasının işlənib hazırlanması və qəbul edilməsi bu işdə əməli dönüş olmuşdur. Ulu öndər Əsas Qanunda əksini tapmış bütün maddələrin məhz insan hüquq və azadlıqlarına maksimum cavab verməsi məqsədini ön plana çəkmişdir. Eyni zamanda, insan hüquqlarının müdafiəsi sahəsində qəbul edilmiş bir sıra sənədlər də xüsusi qeyd edilməlidir. Məsələn, "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli fərman, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 18 iyun 1998-ci il tarixli sərəncam və sairə.

Azərbaycan Respublikasının iştirakçısı olduğu və Avropa Şurası çərçivəsində qəbul edilmiş mühüm beynəlxalq sənəd "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasıdır. Konvensiyanın preambulasında qeyd olunur ki, iştirakçı dövlətlər 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, onun məqsədinin, bəyan etdiyi hüquqların hamılıqla və səmərəli tanınmasının, həyata keçirilməsinin, ümumiyyətlə, insan hüquq və azadlıqlarının dəstəklənməsinin, müdafiəsinin Avropa Şurası üzvləri arasında böyük birliyə nail olunmasının, dünyada ədalət və sülhün əsasını təşkil etdiyini təsdiq edirlər və həmin sənəddə öz əksini tapmış hüquqların həyata keçirilməsi üçün ilk addımlar atmaq əzmindədirlər.

İnsan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təmini baxımından 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq referendumunun keçirilməsini xüsusi vurğulamaq lazımdır. Ümumxalq referendumunda ciddi ictimai dəstək almış yeniliklər hüquqi baxımdan Konstitusiyanın bir çox normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyaraq insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində dövlətin məsuliyyətini artırmış, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoymuşdur. Sosial hüquqların təminatı üzrə mühüm beynəlxalq müqavilələrin, o cümlədən AŞ çərçivəsində qəbul edilmiş Avropa Sosial Xartiyası kimi nüfuzlu beynəlxalq müqavilənin iştirakçısı olaraq bu normanın Konstitusiyada təsbit edilməsi dövlətimizin demokratik imicini bir daha təsdiqləyir.

Qeyd etmək lazımdır ki, yenidən baxılmış Avropa Sosial Xartiyası 2001-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası adından imzalanmışdır. Daha sonra ölkə rəhbəri 7 aprel 2003-cü il tarixli "Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş normaların tətbiqi üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə" sərəncam vermişdir. Sənəddə dövlət proqramının həyata keçirilməsi ilə bağlı bir sıra istiqamət və vəzifələr müəyyən edilmişdir: milli qanunvericilik bazasının Avropa Sosial Xartiyasının normalarına uyğunlaşdırılması; Avropa Sosial Xartiyasının ratifikasiyasına hazırlıqla bağlı və qəbul olunmuş öhdəliklərin həyata keçirilməsinə dair iqtisadi əsasların müəyyən edilməsi; ölkə əhalisinin Avropa Sosial Xartiyasının müddəaları və ölkənin sosial müdafiə sisteminin inkişafı ilə bağlı məlumatlandırılma imkanlarının genişləndirilməsi; dövlət proqramının həyata keçirilməsi ilə əlaqədar təşkilati-texniki istiqamət. Bütövlükdə, Azərbaycan Respublikasının 6 yanvar 2004-cü il tarixli qanunu ilə Avropa Sosial Xartiyasına qoşulması çox mütərəqqi addım kimi qiymətləndirilməli, ölkə əhalisinin həyat səviyyəsinin Avropa vətəndaşlarının şəraitinə uyğunlaşdırılmasına çalışılması müsbət hal kimi dəyərləndirilməlidir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il fərmanı bu istiqamətdə yeni mərhələnin əsasını qoymuşdur.

İnsan hüquqlarının təminatı siyasətini keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən Prezident İlham Əliyev 2006-cı il dekabrın 28-də "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır. 5 hissə və 48 bənddən ibarət olan Milli Fəaliyyət Planı qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından yenidən qurulması, insan hüquqları sahəsində tədris, maarifləndirmə, elmi-analitik və əməkdaşlıq kimi vəzifələrin həyata keçirilməsi istiqamətində mühüm tədbirləri özündə birləşdirir.

Bu gün Azərbaycan Respublikası özünün milli qanunvericiliyi ilə fəxr edə bilər. Həmin qanunvericilik geniş beynəlxalq əməkdaşlıq siyasətinə əsaslanır. Azərbaycan Respublikası Konstitusiyasının 44-cü maddəsinə müvafiq olaraq, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var. Bundan əlavə, burada heç kəsin milli mənsubiyyətini dəyişdirməyə məcbur edilməməsi barədə imperativ norma da təsbit edilmişdir. Konstitusiyanın 21-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Azərbaycan Respublikası milli azlıqların hüquqlarının müdafiəsinin təminatı üçün Avropa Şurası çərçivəsində müvafiq konvensiyalara (məsələn, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası, Regional dillər və ya azlıqların dilləri haqqında 1992-ci il tarixli Avropa Xartiyası və s. ) qoşulmuş və mühüm dövlətdaxili tədbirlər həyata keçirmişdir.

İşgəncələrin qadağan olunması sahəsində Avropa Konvensiyasına qoşulan Azərbaycan dövləti bu komitə ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, Avropa Şurası çərçivəsində 2005-ci ildə İnsan alveri ilə mübarizə üzrə Konvensiya qəbul edilmiş və 2008-ci ildə qüvvəyə minmişdir. İnsan alveri ilə mübarizə məsələlərini nizama salan milli qanunvericilik də mühüm əhəmiyyət kəsb edir. 28 iyun 2005-ci il tarixli "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun başlıca məqsədi ölkəmizdə insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən etməkdən, onların müdafiəsinə yardım göstərilməsi məsələlərini tənzimləməkdən ibarətdir.

Azərbaycan Respublikası insan alveri ilə mübarizə sahəsində əksər beynəlxalq müqavilələrə, o cümlədən BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasına və ona İnsan alverinin, xüsusən, qadın və uşaq alverinin qarşısının alınması və onun cəzalandırılması haqqında Əlavə Protokola, Uşaq hüquqları haqqında BMT Konvensiyasının Uşaq alverinə dair Fakultativ Protokoluna, BMT-nin İnsan alverinə qarşı mübarizə haqqında 1949-cu il Konvensiyasına, Köləlik haqqında 1926-cı il Konvensiyasına, Köləliyin, qul alverinin və köləliyə oxşar institut və adətlərin ləğv edilməsi haqqında 1956-cı il Əlavə Konvensiyasına qoşulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"nın və 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"nın (2009-2013-cü illər) qəbul olunması xüsusi qeyd edilməlidir.

Azadlıqdan məhrumetmə yerlərində insan hüquqlarının daha real təminatı istiqamətində dövlətimiz mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu sahədə mühüm sənəd kimi "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyası və ona 17 mart 1978-ci il tarixli Əlavə Protokolu qeyd edilə bilər. Azərbaycan Respublikası 1 mart 2003-cü il tarixli qanunu ilə hər iki beynəlxalq sənədə qoşulmuşdur. Eyni zamanda, mühüm beynəlxalq sənəd kimi "Cinayətkarların verilməsi haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyası və ona 2 Əlavə Protokol da böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası 17 may 2002-ci il tarixli qanunu ilə hər üç beynəlxalq sənədə qoşulmuşdur.

Bu sahədə digər mühüm sənəd "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" 21 mart 1983-cü il tarixli Avropa Konvensiyasıdır. Azərbaycan Respublikası 12 dekabr 2000-ci il tarixli qanunu ilə bu Konvensiyaya qoşulmuşdur. Bu sahədə mühüm beynəlxalq sənəd kimi çıxış edən Avropa Penitensiar Qaydaları, Avropa Şurası Nazirlər Komitəsi çərçivəsində qəbul edilmiş bir sıra tövsiyələr də xüsusi qeyd edilməlidir ki, bunlar da respublikamızın qanunvericiliyində geniş tətbiq edilmişdir.

Bu istiqamətdə dövlətimiz tərəfindən atılan bir sıra addımlar da xüsusi vurğulanmalıdır. Dünya təcrübəsində analoqu olmayan bir haldır ki, ölkəmizdə qısa müddətdə 9 amnistiya və 45 əfv fərmanı ilə minlərlə şəxs cəzadan azad edilmişdir. Aparılan geniş və hərtərəfli humanist siyasət nəticəsində Azərbaycanda məhkumların sayı 25 faizə qədər azaldılmış və hazırda hər 100 min nəfərə 190-na yaxın məhkum düşür.

Məhkəmə sistemində aparılan islahatlar da genişmiqyaslıdır. "Məhkəmələr və hakimlər haqqında" 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

İnsan hüquqları müvəkkili (ombudsman) haqqında Konstitusiya Qanunu 28 dekabr 2001-ci ildə qəbul olunmuşdur. 2002-ci il iyulun 2-də Azərbaycan Respublikasının ilk ombudsmanı seçilmişdir.

Yerli Özünüidarə haqqında Avropa Xartiyası Azərbaycan Respublikası tərəfindən 21 dekabr 2001-ci ildə imzalanmış və 25 dekabr 2001-ci ildə ratifikasiya olunmuşdur. Ərazi Birlikləri və Hakimiyyət Orqanları arasında Transsərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyası və onun əlavə protokolları 6 yanvar 2004-cü ildə imzalanmış və 13 yanvar 2004-cü ildə ratifikasiya olunmuşdur.

Cinayətkar yollarla əldə olunmuş gəlirlərin leqallaşdırılması, axtarışı, həbsi və müsadirəsi haqqında Avropa Konvensiyası, Korrupsiya haqda Cinayət Hüququ Konvensiyası və Korrupsiya haqqında Mülki Hüquq Konvensiyası 2003-cü ildə ratifikasiya olunmuşdur. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun 13 yanvar 2004-cü ildə qəbul olunmuşdur. Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramı 2004-cü il sentyabrın 3-də Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuşdur. 2007-ci il iyunun 28-də ölkə başçısı "Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının təsdiq edilməsi barədə sərəncam imzalamışdır.

Kütləvi informasiya vasitələri sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədi ilə 2008-ci il avqustun 31-də Prezident "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət dəstəyi Konsepsiyası"nı imzalamışdır. Konsepsiyaya müvafiq olaraq, 2009-cu il aprelin 3-də dövlət başçısı "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Nizamnaməsinin təsdiq edilməsi haqqında" fərman imzalamışdır. 13 dekabr 2007-ci ildə dövlət başçısı QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqqında fərman imzalamışdır.

Ermənistanın ölkəmizə qarşı təcavüzünun qarşısının alınması istiqamətində dövlətimizin apardığı fəaliyyət Avropa Şurasında davam etdirilir. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir. Lakin hələ də həmin qətnamələr yerinə yetirilməmişdir ki, bu da universal beynəlxalq təşkilat kimi BMT-nin nüfuzuna ciddi zərbədir. BMT Baş Məclisinin qəbul etdiyi "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyət haqqında" 15 mart 2008-ci il tarixli qətnaməsində ciddi narahatlıq ifadə edilərək qeyd edilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında hərbi münaqişə beynəlxalq sülh və təhkükəsizliyə təhlükə yaratmaqda davam etməklə Cənubi Qafqaz ölkələrində humanitar vəziyyətə mənfi təsir göstərir. Baş Məclis üzv dövlətləri Azərbaycanın beynəlxalq qaydada tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır. Sənəddə BMT Baş Məclisi bir daha bəyan edir ki, Azərbaycan Respublikası ərazisinin işğalı nəticəsində yaranmış vəziyyəti heç bir dövlət qanuni saymamalı və bu vəziyyətin qalmasını təşviq etməməlidir.

Bu gün ölkəmiz insan hüquqlarının müdafiəsi sahəsində 250-dən çox beynəlxalq müqavilənin iştirakçısıdır. Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir, onlara dövri hesabatlar verir və beləliklə, insan hüquqlarının müdafiəsinə sadiq olduğunu nümayiş etdirir.

 

 

Əmir ƏLİYEV,

hüquq elmləri doktoru,

professor

 

Azərbaycan.- 2010.- 29 yanvar.- S. 6.